İP Mirələmli ailəsinə qarşı repressiyanı pislədi

İctimai Palatanın Koordinasiya Şurası AXCP Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmlinin ailəsinə qarşı repressiyanın davam etməsinə etirazını bildirən bəyanat yayıb.
Bəyanatda Təzəxan Mirələmlinin özünün təzyiq və təqiblərə məruz qalması, oğlu Vasifin təxribat nəticəsində istəmədiyi cinayətə sövq edilməsi və 8 il müddətinə azadlıqdan məhrum edilməsi xatırladılır, ən son olay kimi atası Məhərəm Mirələmlinin saxta ittihamla 13 il yarım müddətinə həbsə atılması vurğulanır.
İP Koordinasiya Şurası T.Mirələmlinin yaşlı atasının həbsini bu ailəyə qarşı hakimiyyətin sistemli təzyiq kampaniyasının tərkib hissəsi, mənəvi terror hesab edir.
“Təzəxan Mirələmlinin ailəsi uzun müddətdir – 2010-cu ilin saxta parlament seçkisindən Azərbaycan hakimiyyətinin hədəfinə çevirilib.
T.Mirələmlinin rayondakı seçkilərin saxta olduğunu ifşa edən fəaliyyəti, seçki pozuntuları ilə bağlı məlumatları ölkə və beynəlxalq aləmdə ictimailəşdirməsi onu qisas obyektinə çevirdi.
IP-in 2 aprel mitinqində T.Mirələmli polisin zorakılığına məruz qaldı, gözü kor olacaq həddədək əzildi, daxili orqanları polis dəyənəyindən ciddi zədələndi.
T.Mirələmli aldığı xəsarətlərdən Bakıda müalicə aldığı bir vaxtda yerli orqanların təşviqi nəticəsində məktəbli oğlu təxribata çəkildi, məktəbli uşağa atasına görə tənələr, aşağılamalar edərək onu affekt halına çatdırıb cinayətə sövq etdilər. Hakimiyyətin bu çirkin siyasi oyunun nəticəsində bir azyaşlı Azərbaycan övladı həbsə düşdü, o biri isə həyatını itirdi.
Qanunuz bəhanələrlə T.Mirələmli işlədiyi məktəbdən qovuldu, yerli icra hakimiyyətinin təşkilatçılığı ilə faktiki olaraq yaşadığı kənddən sürgün edildi.
Hadisələrin gedişi göstərir ki, T. Mirələmlinin təzyiqlər qarşısında sınamaması hakimiyyəti daha da azğınlaşdırır, bütün dövlət aparatı bir ailəyə mümkün olan və olmayan hər cür basqını edir”, – deyə bəyanatda bildirilir.
İP Koordinasiya Şurası bəyan edir ki, Mirələmli ailəsinə qarşı davam edən repressiya hakimiyyətin öz vətəndaşlarına münasibətdə qəddar siyasətdən əl çəkmək fikrində olmadığını göstərir.
Koordinasiya Şurası ölkə ictimaiyyətini hakimiyyətin siyasi ambisiya naminə ailələri hədəfləyən, onlara bədbəxtlik yaşadan hərəkətlərinin durdurulması üçün səy və müqavimət göstərməyə səsləyir.
Bəyanatda qeyd olunur ki, vətəndaşlar arasında düşmənçilik, nifaq salmaq heç bir halda siyasi gücün və nüfuzun təsdiqi sayıla bilməz. Əksinə bu cür əməllər siyasi qabiliyyətsizliyin və bəşəri dəyərlərdən uzaq düşüncənin əlamətidir.
İP Koordinasiya Şurası konkret halda bir ailəyə qarşı mənəvi terroru dayandırmağa, fərqli düşüncə və mövqeyinə görə öz vətəndaşlarından qisas almaq siyasətindən əl çəkməyə, sivil normaları və mənəvi dəyərləri uca tutmağa çağırır.