Əvvəllər mətbuat yayardı xəbərləri. Ən çox da əyalətə. O da hər rayona 5-6 nüsxəcik qəzet gedir. Nə xəbər çatdıracaqlar, kimi hansı dəhşətdən hali eləyəcəklər?! Televiziyalarla məsələ aydındı. Çal-çağır. Ya da sırf kriminal xarakterli qan-qada. Yəni, bu ölkədə vəziyyətin nə qədər acınacaqlı olduğunu adamlara çatdırmaq olmurdu. Indi isə…
Indi isə qəzetlər xəbərləri bölgələrə çatdırmazdan qabaq bölgələr öz xəbərlərini özlərinə çatdırırlar. Jurnalistlər xəbərlərin ardınca rayonlara, kəndlərə gedirlər. Yerlərə gedən qəzet nüsxələri az, oxuyan 5-6 nəfər. Onlar da kimsəni vəziyyətin necə acınacaqlı olmasına inandıra bilmirlər. Belədə sanki qəribə iş baş verir. Hər bölgə özü öz olayını yaradır.
Bakıda 31 yaşlı bir gənci polis vəhşicəsinə öldürdü – bu, Bakı və bakılıları durumdan ayan elədi. Bu xəbər bölgələrə gedib çata bilmədi. Çünki xəbəri oralara çatdırmaq indiki qıt qəzet tirajı ilə mümkün deyil. Tovuzlu, gədəbəyli bundan xəbərsiz oldu.
Sonra tovuzlu bir adam polisin zülmündən cana doyduğunu yazıb qoydu və özünü yandırdı. Bu olay haqda bütün Tovuz bildi və yanan ocağın tüstüsünü gördülər. Ancaq gədəbəylilərə kim çatdıracaqdı bu tükürpədən olayı?
Ona görə də bu dəfə Gədəbəydə bir nəfər deyil, tam bir ailə evə qapanıb özünü yandırdı – polisin, Meşə Mühafizəsi və Bərpası Müəssisəsi əməkdaşlarının təzyiqlərindən bezərək.
Insanlar oxumayanda, hərə öz canının hayına qalanda, hərə öz milçəyini qovmaqla məşğul olanda təbiət özü öz xəbərini hazırlayır və insanları ayıltmağa çalışır. Çalışır ki, hamı nə baş verdiyindən, susmağın nə demək olduğundan xəbər tutsun, hamını özü, özünü hamı hesab eləsin və “zülmün qarşısında susan dilsiz şeytana” çevrilməsin.
Gədəbəyli Ədalət Hüseynov övladlarının soyuqdan donmaması üçün qanunu pozubmuş. Qaz yox, neft yox, neynəsin? Yaşadığı Zamanlı kəndi yaxınlığında meşə massivindən quru odun gətiribmiş. Icazəsiz. Daha doğrusu, verməyə rüşvəti olmadığına görə icazəsiz. Verəcək rüşvəti olsaydı, o da meşəbəyini görüb, meşəni rahat çapardı. Olmayıb. Onu cərimələyiblər. Inəyini satıb 500 manatını ödəyib. Qalanını ödəməyə imkanı çatmayıb və onu sıxışdırmağa başlayıblar. Zinhara gələn vətəndaş dözməyib, əsəbləri tab gətirməyib və ailəsi ilə birlikdə özünə, evinə od vurub. O, artıq dünyasını dəyişib. Oğlunun biri ağır vəziyyətdə reanimasiyadadı. Allah şəfa versin.
Meşə idarəsinin direktoru Vasif Nəbiyev bu haqda çox soyuqqanlı danışır: “Ədalət Hüseynov qanunsuz ağac kəsməyə görə cəriməni ödəmədi, qanunsuz odun kəsməkdə davam etdi. Onun kəsdiyi bir maşın ağacı müsadirə etdik və onun sənədlərini aidiyyəti üzrə polisə təqdim etdik. Meşə dövlət əmlakıdır, Ədalət Hüseynov dövlət əmlakını mənimsəyirdi. Yerə tökülən quru ağac da dövlətin əmlakıdır, onu qapıya gətirmək üçün dəyəri ödənməlidir. Dövlətin əmlakını kimsə dağıtmalıdır, biz də ona göz yummalıyıq? Yanğına gəlincə, o, bu işlə də, başqa bir işlə də bağlı ola bilər”.
Bəli, adam haqlıdı. Quru ağac dövlət əmlakıdı. Bəs axı neft də xalqın əmlakıdı. O niyə talanır? Ondan xalqa niyə bir şey çatmır ki, barı rüşvət qismində kiməsə verib quru odun alsın?
Buyurun, daha bir intihar həddinə çatdırma. Dövlət və yalnız kasıblar üçün işləyən qanun dişlərini qıcayıb bir insanın da ömrünə balta çaldı. Görəsən, Vasif əfəndinin balası soyuqdan donsa, rüşvət verməyə parası olmasa, övladlarını qurtarmaq üçün neynərdi? Ya dövlət başçısı? Ya “müxalifət yandırmaq üçün göysatan axtarır” deyən Əli Həsənov?..
Sən demə, quru odun da dövlət əmlakıymış! Bəs Zeytun bağlarında qırılan ağaclar? Ya “Badamlıq”dakılar? Ya neft? Ya insanlar? Insanlar, bəli insanlar!!!
Gedişat isə göstərir ki, qəzet oxumayan bölgələr bir-bir bu tip xəbər istehsalını davam elətdirəcək. Kimsənin yandırmaq üçün göysatan aramasına gərək yoxdu.