Korrupsioner rejimin həqiqət anı

“Bu hadisə hakim rejimin mənəvi, əxlaqi və siyasi cəhətdən pozulmasına daha bir sübutdur”

“Azərbaycan parlamentinin deputatının mandatı uğrunda sövdələşmənin aparılmasını əks etdirən videoçarxın İnternetdə yayımlanması özünə görə həqiqət anına çevrildi. Uzun illər mülahizələr şəklində yürüdülən fikirlər öz təsdiqini tapdı”. Bunu “Azərbaycan naminə” İctimai Forumunun rəhbəri Eldar Namazov “Turan”a bildirib.

“Deputat siyahılarının öncədən hazırlanması, onların seçilməsi yox, təyin edilməsi çoxdan məlumdur. Əlbəttə, bu siyahıda olanların bir hissəsi siyasi sədaqət prinsipi üzrə parlamentə düşür. Lakin ora pul ilə düşənlər də var. Əvvəllər bunu sübut etmək çox çətin idi, amma indi sənədli şəkildə təsdiq olunur”, – E.Namazov vurğulayıb.

Onun fikrincə, bu hadisə hakim rejimin mənəvi, əxlaqi və siyasi cəhətdən pozulmasına daha bir sübutdur. “Bu bir daha sübut edir ki, hakimiyyət üçün pul ən əsasdır, bunun üçün xalqın sərvəti talanır, vəzifələr, deputat mandatları satılır”, – o qeyd edib.

Namazov sivil dövlətlərdə olduğu kimi qalmaqallı ifşaya görə hakimiyyətin ictimaiyyət qarşısında üzr istəyəcəyini gözləmir. “Onlar iri şirkətlərin hakim elitaya məxsusluğu barədə faktların ortaya çıxdığı zaman açıqlama vermədilər, indi də  özlərini elə aparırlar ki, guya heç nə baş verməyib. Lakin bu fakt ictimai rəyə  ciddi təsir göstərir, bu, artıq sosial şəbəkələrdəki şərhlərdən də görünür”, – deyə o, vurğulayıb.

Videonu şərh edən hüquqşünas Ələsgər Məmmədli “Turan”a deyib ki, KİV-də və İnternetdə cinayət hərəkətləri kimi qiymətləndirilən kadrların yayımlanması prokurorluqda təhqiq edilməlidir. Əgər əsas varsa, cinayət işi qaldırılmalıdır, indiki halda da rüşvət faktı üzrə.

Ə.Məmmədlinin fikrincə, indiki halda araşdırma vacibdir, belə ki, onun iştirakçıları ictimai xadimlərdir  – deputat və universitet rektorudur.

İnternetdə videokadrların yayılmasının qanuniliyi barədə suala gəlincə, ekspert bildirib ki, Konstitusiyanın 32-ci maddəsi şəxsi həyata aid məlumatların yayımlanmasını məhdudlaşdırır və indiki hal buna şamil edilmir.

Digər tərəfdən, Gülər Əhmədovanın etdiyi analoji gizli qeydlər “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı cinayət işinin qaldırılmasına səbəb olub.