Dəməşqdə 2 güclü partlayış törədilib
Suriyada gərginlik davam edir. Ötən gün səhər saatlarında paytaxt Dəməşqin mərkəzində iki güclü partlayış baş verib. Partlayışlardan biri silahlı qüvvələrin baş qərargahı yaxınlığında və hərbi tribunalın yanında törədilib. Ikinci partlayış da paytaxtın mərkəzində xarici ölkə səfirliklərinin yerləşdiyi ərazinin yaxınlığında baş verib. Hadisə zamanı 4 hərbçinin öldüyü və onlarla şəxsin yaralandığı bildirilir.
Partlayışların baş verdiyi yerin yaxınlığında yerləşən Suriya dövlət televiziyası olayın terror aktı olduğunu bildirib və silahlı qüvvələrin baş qərargahı yaxınlığında yanğının başladığını xəbər verib. Suriyanın informasiya naziri Omran Zoabi hər iki partlayışın yol kənarında yerləşdirilmiş bombalarla törədildiyini deyib.
Bundan başqa, Dəməşqdə Iranın ingilis dilində yayımlanan “Press TV” telekanalının əməkdaşı qətlə yetirilib. Telekanalın rəsmi internet saytında yerləşdirilən xəbərdə Maya Nasirin snayper gülləsinə tuş gəldiyi bildirilib. Məlumatda həmçinin Iranın ərəb dilində yayımlanan “Əl-Aləm” telekanalının Suriya bürosunun rəhbəri Hüseyn Mürtədanın da yaralandığı qeyd olunub. “Əl-Aləm” telekanalı Livan vətəndaşı olan müxbirinin Şamdakı Suriya Silahlı Qüvvələrinin Baş Qərargahının binasına bombalı hücumların baş verdiyi bölgəyə gedərkən vurulduğunu açıqlayıb.
Bu arada, Ingiltərənin “The Guardian” qəzeti məlumat yayıb ki, Istanbulda çalışan livanlı iş adamının vasitəçiliyilə Türkiyə kəşfiyyatı Hələbdəki suriyalı üsyançılara külli miqdarda silah göndərib. Xəbərdə deyilir ki, ərəb ölkələri livanlı iş adamına külli miqdarda pul göndərir. Həmin iş adamı da göndərilən pulları və silahları suriyalı üsyançılara çatdırır.