“Səba” yeni layihəsi ilə bağlı iddiaları əsassız sayır

Şirkət geni modifikasiya olunmuş toxumlardan qarğıdalı yetişdirdiyi barədə iddiaları “iftira” adlandırdı

Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dünən keçirdiyi mətbuat konfransında “Səba” şirkətinin yeni – Ağsu-Kürdəmir ərazisindəki taxıl layihəsi barədə danışıb. Birlik sədri iddia edib ki, “Səba” bu ərazidə becərilən toxumları “Monsanto” şirkətindən alırsa, onlar genetik modifikasiya olunmuş tərkiblidir. E.Hüseynov iddialarını “Monsanto”nu gen mühəndisliyi üzrə araşdırmalarda qabaqcıl şirkət olması ilə əlaqələndirib.
“Səba”nın mətbuatla əlaqələndiricisi Afət Yaqubova isə Birlik sədrinin iddialarının əsassız olduğunu deyib. Bununla bağlı sənədləri jurnalistlərə təqdim edən “Səba” təmsilçisi bildirib ki, “Monsanto”nun dünyanın bir çox ölkəsində nümayəndəliyi var və hər bir ölkədə oranın qanunlarına və tələblərinə uyğun fəaliyyət göstərir.
“Səba” nümayəndəsi bəyan edib ki, Ağsu-Kürdəmir ərazisində yetişdirilən qarğıdalı məhsulunun geni modifikasiya olunmuş toxumlardan becərilməsi haqda yayılmış fikirlər əsassız iftiradan başqa bir şey deyil.

“”Səba” adı ilə toyuq məhsulları 10 ildən artıqdır ki, Azərbaycanda istehlakçıların rəğbətini qazanıb. Şüarı “Təbiətdən mətbəxə” olan brend əhaliyə yalnız sağlam qida təklif edir.
Uzunmüddətli və dayanıqlı inkişafı qarşısına məqsəd qoymuş bir biznes qurumu kimi “Səba” Istehsalat müəssisəsi və onun məxsus olduğu “Dəvəçi Broyler” şirkəti öz fəaliyyətini ölkə qanunvericiliyinə uyğun qurmuşdur. Belə ki, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə görə, Azərbaycan Respublikasının ərazisinə geni dəyişdirilmiş bitki genetik materiallarının gətirilməsi, sınağı, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır. “Səba” yenicə başladığı bitkiçilik fəaliyyətində bu qanunu əsas tutur.
Azərbaycan qanunvericiliyində də ölkəyə genetik modifikasiya olunmuş bitkilərin gətirilməsi “Toxumçuluq haqqında” qanunla qadağan olunub. Ağsu-Kürdəmir ərazisində becərmək üçün Türkiyədən “Monsanto Gida ve Tarım Ticaret ltd.” şirkətindən idxal etdiyimiz qarğıdalı toxumları DKC6120, DKC6315, DKC6589, DKC6590, DKC6717, DKC6815, DKC6876 kod adları ilə sadə hibridlərə aiddir. Bunu müvafiq Gömrük Bəyannaməsi və Türkiyədə yetişdirildiyini sübut edən mənşə sertifikatı də təsdiqləyir.
Türkiyə Cumhuriyyəti Tarım ve Köy işləri Bakanlığının “Genetik yapısı değiştirilmiş organizmalar ve ürünlerine dair yönetmelik” adlı sənədi ilə bu ölkədə genetik modifikasiya olunmuş bitki və heyvanların yetişdirilməsi qadağan olunub. Diqqətinizə təqdim etdiyimiz Mənşə Şəhadətnaməsi aldığımız toxumların məhz GMO bitkilərin yetişdirilməsi qadağan olunmuş Türkiyədə becərildiyini təsdiqləyir. Bu toxumlar haqda məlumatlar www.monsanto.com.tr internet saytında açıq yerləşdirilib (http://www.monsanto.com/global/tr/urunler/Pages/tarla-bitkileri-tohumlarimiz.aspx)”, – deyə təmsilçi bildirib.
“Səba”nın nümayəndəsi belə əsassız iddiaları şirkətin yeni başladığı işlərə mane olmaq cəhdləri kimi qiymətləndirib.

Ramin DEKO