“Rüşvət videosuna görə cinayət işi açılmalıdır”

Tanınmış vəkil Aslan İsmayılov millət vəkili Gülər Əhmədova ilə bağlı dünəndən etibarən yayılan videomaterialda yer alan rüşvət faktı barədə “Qafqazinfo”ya açıqlama verərək bildirib ki, faktla bağlı cinayət işi qaldırılmalıdır.

Onun fikrincə, Gülər Əhmədovaya qarşı məlum videodan sonra deyil, Elşad Abdullayevin birinci bəyanatından və Zakir Qaralova müraciətindən sonra cinayət işi açılmalı idi: “Bu video Azərbaycan reallığıdır və çox təhlükəli reallıqdır. Bu göstərdi ki, Azərbaycanda dövlət atributları yoxdur, dövlətçilik təhlükədədir. Xalq bu cür aşağılanaraq satın alınan deputatların kim olduğunu bilir. Bu işlə bağlı Zakir Qaralova, Rüstəm Usubova müraciət etmişəm. Həmin şəxslər ki, Nigar Yaqublu ilə bağlı canfəşanlıqla bəyanatlar verirdilər, görüm Gülər Əhmədovanı həbs etdirməyə cəsarətləri çatacaq? Bu video bütün dünyanı dolaşacaq. Bu, hər bir Azərbaycan vətəndaşı, vəzifəlisi, ziyalısı üçün təhqirdir. Gürcüstanda bu yaxınlarda məhbuslara qarşı kobud davranışı əks etdirən bir video yayımlandı. İki nazir dərhal istefaya göndərildi. Saakaşvili hesabat verdi və xalqdan üzr istədi”.

Yayılan video materialın həbsdə olan jurnalist Əvəz Zeynallının işinə hər hansı müsbət təsirinin olub-olmayacağına gəlincə, vəkil sadəcə olaraq onun həbsinin sifarişli olduğunu vurğulayıb: “Əvəz Zeynallının Gülər Əhmədovanın arxasında duranlar tərəfindən sifariş edilməsi heç kimdə şübhə doğurmur”.