Fərhad Əliyev əfv ərizəsi yaza bilər

Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov sabiq nazirlər Fərhad Əliyev və Əli Insanovla görüşüb. O, görüş barədə modern.az-a açıqlamasında deyib: “Hər bir məhbusun özünün əfv olunmasını istəməsi onun hüququdur. Əli Insanov dünən nazir idisə, bu gün məhkum həyatı sürür. Ona görə Əli Insanovun da, Fərhad Əliyevin də əfvlə bağlı müraciət etmək hüququ var. Onlar da bu hüquqdan istifadə edə bilər. Ola bilər ki, Fərhad Əliyev əfv üçün prezidentə müraciət etsin. Amma Əli Insanovun əfvlə bağlı müraciətləri yalandır”.
Əli Insanovun saxlanma şəraitindən dəfələrlə narazılıq etdiyini deyən komitə sədrinin sözlərinə görə, eks-nazirə qarşı münasibət heç də yaxşı deyil: “Mən Əli Insanov və Fərhad Əliyevlə şəxsən görüşmüşəm. Əli Insanov dəfələrlə saxlanma şəraitindən şikayət edib. Onu 125 nəfərlik ”barak”da adi dustaqların arasında saxlayırlar. Amma Fərhad Əliyevin saxlanma şəraitindən komitəyə şikayət olmayıb”.