Xəlilin qarnından çıxan pul

Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim. Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Xəlil bir partiya 10 il yatıb çıxıb və həmin cəzası qurtarmağa macal tapmamış ikinci 15 ili belinə bağlayıb qayıdıb: 5 ili qapalı, 10 ili ciddi rejim. Naxçıvanda Talıbovlarla ortaq olan iri bir biznesmenin evinə girib 20 milyon dollara qədər pul və bir ləl-cəvahiratla işlənmiş, 100 min dollara qədər dəyəri olan təsbeh oğurlayıb. Adam oğurladığı və əlindən çıxan 20 milyon dolların dərdini çəkmirdi, amma o təsbehdən danışa-danışa göynəyirdi. Göynədiyi daha bir şey vardı: “Tutulanda 2500 dolları büküb uddum, Naxçıvan xəstəxanasına apardılar, əməliyyat eləyib həmin pulu da bağırsaqlarımdan çıxartdılar”.
Amma Xəlili bu 2500 dollara görə əməliyyat etməmişdilər. Ona işgəncə verirmişlər ki, pulları harada gizlətdiyini desin. Xəlil də işgəncədən birtəhər yaxasını qurtarmaq üçün qarnını şüşə ilə param-parça edibmiş. Xəstəxanada əməliyyat zamanı başının üstündə duran polislər bağırsaqlarında pul olduğunu görüblər, cərraha əmr ediblər ki, onu çıxarıb versin.
Xəlilə çox mötəbər adamlar işgəncə verirmişlər. Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov və Muxtariyyətin daxili işlər naziri Əhməd Əhmədov. Onlar bu pulu yiyəsinə qaytarmaq üçün çalışmırlarmış. Istəyirmişlər ki, Xəlil pulun yerini desin, götürüb özləri bölüşdürsünlər. Əməliyyatdan sonra Xəlili aldada biliblər: “Mən axmaq da onlara inandım. Dedilər ki, pulun yerini de, üç yerə böləcəyik. Sənin payını da hara, kimə desən, ora da çatdırarıq. Gedib 5-cə il oturarsan, qayıdıb padşahlar kimi yaşayarsan. Yoxsa o pul orda, sən də burda çürüyəcəksiniz, nə sənə xeyri olacaq, nə də bizə”.
Xəlil də bunların yalanına aldanıb pulun yerini göstərib. Iş də bununla bitib. Yerdə qaldı pulu oğurlanan adam. Istintaq materiallarında təsbit edilib ki, adamın seyfində iki ədəd “Makar” tipli tapança var. Bu “Makar” dəstini stolun üstünə qoyub adama “qanunsuz silah saxlama” maddəsini göstəriblər. O da oğurlanan pulun qədərini 20 milyondan 36 min dollara qədər endirib. Vəssalam. Xəlil indi Qobustan qapalı həbsxanasından buraya burnundakı artıq sümüyü rədd eləmək üçün gəlib, bardaş qurub yerdə oturub, qazanın içinə ət düzüb Naxçıvan “boz-pörtü”nün tədarükünü görür və başına gələnləri mənə danışır. Mən də “boz-pört” üçün tələb olunan başqa yarımfabrikatların tədarükünə baxa-baxa Xəlilə qulaq asıram.
Xəlil bu iki “canavar”a inandığı üçün özünü bağışlaya bilmir, amma eyni zamanda başqa yolunun olmadığını da etiraf edirdi: “Onlar adamın başına hər cür oyun açardılar. Onlardan nə rəzalət desən, gözləmək olar…”
Xəlil mənimlə açıq danışmağa bir neçə gün sonra başladı. Ilk günlər çəkinirdi. Sonra mənə xəlvətcə dedi ki, “səni tanıyıram, buna görə də bu əhvalatı sənə danışaram…” Və danışdı…
Həbsxana həyatımda ikinci sözləşməm…
Burada olduğum müddətdə ömürlük cəza alanlardan bir neçəsi gəlib çıxdı. Əlbəttə, ömürlük cəza alan adamla hələ Bayılda olduğum zaman təmasım-söhbətim olmuşdu. Amma buradakı kimi üzbəüz, çay içə-içə söhbət etdiyim olmamışdı. Maraqlıdır. Adam ziddiyyət içində qalır. Təbii, o adamlara ömürlük cəza verirlər ki, onlar xüsusilə qəddar cinayətlər törədirlər. Amma bu məqamda da bir “əmma” var. “Əmma” ondan ibarətdir ki, Azərbaycan oliqarxlarının az qala, hər birinin bir neçə ömürlük “dustağı” var. Adi, məsələn, 7-8 il cəza ilə qarşılaşa biləcək bir cinayəti törədən adama da ömürlük iş kəsə bilirlər. Əgər bu cinayət bizim mafiya başçılarının yaxınlarına qarşı edilibsə. Məsələn, Gəncəli Rafiq Gəncədə bir nəfərin ölümündə ittiham edilib. Amma həmin bir nəfər yüksək çinli birisinin yaxın adamı olduğuna görə Rafiqə 10 il, hətta 15 il də yox, ömürlük cəza veriblər. Ömürlük cəza aldığını haqsızlıq saymayan adamlar da var. Məsələn, Kəlbəcərli Zaur: “Qardaş, düz eləyiblər də! Nə qədər adam öldürmək olar. Biz çox qəddar işlər görmüşük. Ev soymağa getmişik, qabağımıza adam çıxıb, vurub öldürmüşük. Sonra yenə, yenə… Hamını qırıb qurtarası deyildik ki… Bunun bir axırı olmalı idi də. Amma sizi əmin edirəm ki, bircə nəfər də kasıba-fağıra toxunmamışıq. Haram pul yığıblar, xəbər tutmuşuq, gözaltı eləmişik, gedib götürmüşük. Qabağımıza çıxmaq istəyiblər, vurub öldürmüşük. Indi də buradayıq…”
Maraqlıdır, ömürlüklərin hamısı bura yalnız burun probleminə görə gətirilirdilər. Hətta kor bağırsaqdan belə, cərrahi əməliyyata ehtiyacı olanı yox idi. Gəlirdilər, bir həftə qalırdılar, sonra xəstəxanadakı “rejim” deyilən sektora köçürülür, oradan da geriyə – Qobustana qaytarılırdılar.
Özünün ömürlük deyil, ən çoxu 15 illik cəzaya layiq olduğunu deyən Gəncəli Rafiqlə balaca bir konfliktim oldu və bu, bütün həbsxana həyatımda, səhv etmirəmsə, ikinci sözləşməm idi. Palatada uzanıb mürgüləyirdim. Qulağıma dəyən sözlərdən belə başa düşdüm ki, Rafiq Novruzun qarasına danışır. Novruz Ismayılov “Borçalıbank”ın sahibi idi və 8 il iş alıb 12-ci “zon”a köçürülmüşdü. Məndən bir həftə sonra buraya, xəstəxanaya gəlmişdi. Rafiq bir-iki nəfəri başına yığıb Novruzu maraqlı əməllərdə itiiham edirdi. Amma adam özü burada deyildi. Rafiqin dediyindən belə çıxırdı ki, Novruz “oper”ə-filana dustaqların davranışları barədə məlumat verir. Çox ağır ittiham idi. Bu cür söhbətləri adamın özü olmadan danışmaq isə ondan da ağır ittihama çevrilə bilərdi. Bu söhbət heç mənim xoşuma gəlmədi. Dikəlib oturdum. Üzümü Rafiqə tutub dedim:
– 16 ildir ki, içəridəsən. Ömürlükdə, “krıtı”da qalmağın da üstəlik. Amma bu göstəricilərə baxmayaraq, adamın dalınca danışırsan. Niyə sən elə hesab edirsən ki, heç bir dəlil-sübutun olmadan belə şeyləri danışa bilərsən və heç kim də sənə cavab verməməlidir? Sübutdan başqa da heç nəyə güvənə bilməzsən. O sübut isə səndə yoxdur. Adama böhtan atırsan deməkdir və çox ağır söhbətdir. Novruz hər gün bir neçə saat burada olur, bir yerdə çörək kəsirik. Sən də, mən də o palataya gedirik, orada da çay içirik, çörək yeyirik. Əgər bu adam haqqında bir faktın varsa, o zaman de, biz də işimizi bilək. Yox, əgər faktsız-dəlilsiz, kimlərləsə sənin fikirlərinə görə oturub-durmalı olduğumuzu düşünürsənsə, böyük səhv edirsən! Hansı səbəblərə görə biz sənin mülahizələrini həqiqət kimi qəbul etməliyik? 16 il “srok” oturan oğlan belə eləmir. Çağır o oğlanı da, özün də otur, buradakılar da burdadırlar. Adama qarşı sübut edə biləcəyin, əsaslandıracağın ittihamlar varsa, onun özünün və bizim hamımızın yanında de, sübut elə, biz də deyək ki, halal olsun sənə. Amma belə havayı şeylər danışmaqla kiməsə qara yaxacaqsansa, kiminsə burda səni ciddi qəbul edəcəyi xülyasından əl çək!
Rafiq heç nə demədi. Bir kəlmə də. Ona qulaq asanların arasında 12-ci “zon”dan olan dustaqlar da vardı və onların da üstünə bir neçə damcı zəhər damızdırmağı yaddan çıxarmadım:
– Sizin hər birinizin hansısa probleminiz olanda Novruzun üstünə qaçırsınız. Amma ona böhtan atılanda durub sakitcə qulaq asırsınız. Bunun adını nə qoyursunuz? Ayıb olsun, hamınıza…
Bunu deyib bir siqaret yandırdım və dəhlizə çıxmağı onların aşağı dikilmiş gözlərini seyr etməkdən üstün tutdum…

ardı var