Daha bir Əsədə ehtiyac varmı?

Gözünüz aydın. Belarusda parlament seçkisi oldu. Ölkə növbəti dəfə özünü müsbət tərəfdən tanıtmaq, özünün əsl parlamentini seçmək imkanından və hüququndan məhrum oldu. Beləliklə, Belarus bizimlə bir az da doğmalaşdı.
Etiraf edim ki, başqa vaxt mən Belarusdakı parlament seçkisindən heç söz də açmazdım. Ən azı, ona görə ki, cəmi beş nəfərin (onlar da A.Lukaşenko hakimiyyətinə loyal partiyaların üzvləridir) müxalifət qismində parlamentə daxil olduğu seçkidə o qədər də maraq kəsb edən bir şey yoxdur. Amma bu proses başqa böyük prosesin – demokratiyanın növbəti dalğasının müjdəçisi ola bilərdi. Ona görə də mən MDB məkanındakı seçkiləri izləmək, onların bu prosesdə müqayisəli təhlilini aparmaq zorundayam.
Digər çox maraqlı seçki və özü də parlament seçkisi oktyabrın 1-də Gürcüstanda olacaq. Amma bu haqda hələ bir qədər sonra. Indisə qayıdaq Belarusa…
Müşahidəçilər dərhal bir detala diqqət yetiriblər. Onlar qeyd edib ki, seçki çox sönük və cansıxıcı keçir. Amma görün buna Lukaşenko nə cavab verib? O deyib ki, o ölkələrdə ki, seçki darıxdırıcı və sakit keçir, bu həmin ölkələrin xalqlarının xoşbəxtliyi hesab olunmalıdır!.. Mən bütün avtoritar ölkələrin tonunda bu notu hiss edir və daim müşahidə edirəm.
Bəli, bunların hamısı özlərini elə aparır ki, sanki siyasət çox yorucu, darıxdırıcı məşğuliyyətdir, ağır yükdür. Lakin mənim bu məqamda bir sualım yaranır: cənablar, siyasət belə yorucu və mənasız, özü də onunla məşğul olanlar üçün hətta ziyanlı, ağır məşğuliyyətdirsə, nədən o məşğuliyyəti buraxmaq, başqalarına da bununla məşğul olmaq üçün fürsət vermək istəmirsiniz? Nədən hamılıqla siyasətə qoşulursunuz? Təbii ki, belə bir şəraitdə məcbursan, hər seçkini tədqiq edəsən, dünya ölkələrinin seçki ilə bağlı mövqelərini öyrənəsən. Çünki nə vaxtsa buz əriməlidir və əsl böyük dəyişikliklərin küləyi hiss olunmalıdır. Hələliksə nə A.Lukaşenkonun, nə də I.Əliyevin tonunda siyasətdən yorulmaq əlamətləri hiss olunmur. I.Əliyevin qayğısı bir qədər böyükdür – onu qarşıda prezident seçkisi gözləyir. Söhbət ölkədə daha bir saxta seçkinin keçirilməsinin çətinliyindən getmir, bu siyasi qüvvənin 19 illik saxta seçki keçirmək təcrübəsi var…
Atalar üçdən deyib, amma…
Bəli, I.Əliyevin əsas qayğısı üçüncü dəfə namizəd olmaq üçün beynəlxalq dəstək almaqdır. Aydındır ki, o, Mərkəzi Asiya ölkələrinin və ya Belarusun hakimiyyət təcrübəsini Azərbaycana gətirmək üçün beynəlxalq institutların dəstəyini almalıdır. Çox güman ki, bu yaxınlarda diplomatik korpusla görüş zamanı I.Əliyevin “yumşaq tonu” da bununla bağlıdır. Bu dəfə o, əvvəllərdə olduğu kimi, “Olmasın beynəlxalq təşkilatlar! Onlarsız Azərbaycan mövcud olmayacaqmı?!” kimi fikirlər səsləndirmədi, əksinə, diplomatlara beynəlxalq təşkitlatlarla işləməyi tövsiyə etdi.
Etiraf edim ki, I.Əliyevin üçüncü dəfə prezident seçilməsinə mane ola bilən yeganə amil beynəlxalq rəydir. Düzdür, daxildə müxalifət də kəskin bəyanatlarla çıxış edir. Amma o var ki, çoxdandır, Azərbaycanda siyasi ab-havanı müxalifətin bəyanatları müəyyən etmir, I.Əliyevin daxildə nəzarəti hələ ki, güclüdür. Amma onun bir çox avtoritar liderlər kimi ölkənin xaricində problemləri var. Hər bir vaxt bu problemlər ölkənin içində böyük dəyişikliklərə təkan verə bilər. Çünki latent narazılıq, passiv siyasi etiraz da kifayət qədərdir…
Biri-birilərinə nə qədər də bənzəyirlər…
Əvvəllər bizi qınayırdılar ki, bəs dinc durmursunuz, elə hey yazırsınız. Lakin min şükr ki, indi yazan tək bizlər deyilik, hamı yazır, o cümlədən xaricilər…
Bu yaxınlarda bir türkiyəli yazar Azərbaycanla Suriya arasında paralellər və oxşarlıqlar axtarmışdı. Mən indi onun yazdıqlarını təkrar etməyəcəm. Amma bir məsələ var, onu qeyd etməyə məcburam. I.Əliyev də elə Bəşər Əsəd kimi öz hakimiyyətini atasından alıb, Əsəd hakimiyyəti kimi Əliyevlərin hakimiyyəti bir neçə on ildir ki, davam edir. Heç kimdə şübhə doğurmur ki, Suriyada öz hakimiyyətini başa vurmaqda olan Əsəd dinastiyası digər hakimiyyətlər və sülalələrlə bağlı da müəyyən nəticələr çıxarmağa təhrik edir.
Barak Obama çox maraqlı fikir demişdi. O bildirmişdi ki, ABŞ-ın düşmənləri həm də öz siyasi hakimiyyətlərini müddətsiz olaraq artıran avtoritar liderlərdir.
Indi siyasətdə Əsəd modeli göz önündədir. Buna bənzər daha bir sülalə modeli yaratmağa dəyərmi? Bəli, günün sualı budur. Hətta mən onu da qeyd etməyi vacib və zəruri hesab edirəm ki, Bəşər Əsəd regionun geosiyasi arxitekturası nəzərindən öz rəqiblərindən daha anlaqlı hesab olunur. Hətta Israil onun hakimiyyətdən getməsini istəmir. Amma o, getməlidir. Artıq bununla bağlı yalnız Rusiyada və bir də Çində tərəddüd var.
Burada təbii sual yaranır: yeni Əsədə ehtiyac varmı? Dünyanın bir modeli inkar etdiyi halda onun “surətini” yaratmağa o qədərmi böyük həvəsi var? Bəlkə daha orijinal, yeni və mütərəqqi modellər haqda düşünmək yaxşı olardı?