2018-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 1824,7 milyon manat vəsaitin 816,2 milyon manatı və ya 44,7 faizi qeyri-neft sektoruna sərf edilmiş və bu sektorda investisiyaların həcmi ötən illə müqayisədə 29,8 faiz artmışdır. Ümumi sərmayənin 74,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş, istifadə olunmuş vəsaitin 79,3 faizi məhsul istehsalı obyektlərinin, 14,8 faizi xidmət sahələri üzrə obyektlərin, 5,9 faizi isə ümumi sahəsi 242,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 50,8 faizini təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 68,1 faiz, bank kreditləri 10,9 faiz, büdcə vəsaitləri 15,0 faiz, əhalinin şəxsi vəsaitləri 5,4 faiz, büdcədənkənar fondların vəsaitləri 0,5 faiz, sair vəsaitlər isə 0,1 faiz təşkil etmişdir.
Qeyd etmək lazımdır ki, ötən ilin analoji dövründə əsaslı kapital qoyuluşu 2 milyard 93 milyon manat təşkil etmişdir.Bu isə o deməkdir ki, ötən illə müqayisədə əsaslı kapital qoyuluşunda azalma bir il ərzində 269 milyon olmuşdur.



