Azərbaycanda jurnalistlər təhlükə altındadır

«Azərbaycanda qəzetlərə verilən reklam arasında balans pozulur»

«Mən istərdim ki, bu konfransda siz Azərbaycanda jurnalistlərin təhlükəsizliyi barədə məsələ qaldırasınız. Bu ciddi məsələdir. Jurnalist İdrak Abbasov peşə borcunu yerinə yetirərkən mülki yaraqlılar tərəfdən təcavüzə məruz qalıb. Xədicə İsmayılova tənqidi jurnalistika ilə məşğul olduğu üçün ona qarşı təxribat edilib. Və bu vaxtadək istintaq orqanları bu işin üstünü açmayıblar».

Bunu sentyabrın 25-də Bakıda «Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar» beynəlxalq konfransında çıxış edən Beynəlxalq Jurnalistlər Federasiyası baş katibinin müavini Oliver Money-Kyrle deyib. O, hesab edir ki, bütün bu sadaladıqları Azərbaycanda jurnalistlərin təhlükəsiz şəraitdə işləmələri ilə bağlı problemin olduğunu göstərir. Və Beynəlxalq Jurnalistlər Federasiyası bundan narahatdır.

«Azərbaycanda qəzetlərə verilən reklam arasında balans pozulur. İqtidar mətbuatına çoxlu sayda reklam verildiyi halda müxalifət mətbuatına və tənqidi jurnalistikaya reklam verilmir. Və bütün bunlar hamısı çox ciddi problemlərdi».

Oliver Money-Kyrle’nin sözlərinə görə, Azərbaycan jurnalistləri milli maraqlarını peşə fəaliyyətlərindən qabağa keçirirlər. Bu da qəbul olunmazdır. Jurnalistikanın funksiyası ictimai müzakirələrə səbəb olan mövzuları işıqlandırmaqdı (“Azadlıq” radiosu).