İlqar İbrahimoğlu: «Hökumət bu xəbərdarlıqdan nəticə çıxarmalıdır»
Pew Araşdırmalar Mərkəzinin dünyanın 197 ölkəsində apardığı sorğular nəticəsində dini etiqad azadlığını ən çox məhdudlaşdıran 18 rejim ortaya çıxıb. Onların arasında Azərbaycan da var.
Bu siyahıya düşən ölkələrdə hökumət dini etiqad azadlığına müdaxilə edir, inanclıların davranışı, adətləri, dini geyimlərinə qadağalar qoyur və təqib edir. Hesabat müəlliflərinin fikrincə, o ölkələrdə ki dini etiqad azadlığı daha çox məhdudlaşdırılır və gərginlik daha yüksəkdir, həmin ölkələrdə inqilablar qaçılmaz olur. Qurum bildirir ki, “Ərəb baharı” inqilablarının yer aldığı Misir, Tunis, Yəmən, Liviya kimi ölkələri buna misal göstərmək olar. Azərbaycanla yanaşı bu siyahıda Misir, Indoneziya, Maldiv, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Iran, Özbəkistan, Tunis, Eritreya, Çin, Suriya, Birma, Rusiya, Vyetnam, Yəmən, Əlcəzair və Belarus da yer alır.
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı Ilqar Ibrahimoğlu hesab edir ki, Azərbaycanın adının onsəkkizliyə düşməsi ölkədə dini etiqad azadlığı sahəsində vəziyyəti ürəkaçan olmamasından xəbər verir: “Son illər Azərbaycanda dini etiqad azadlığının vəziyyəti fövqəl dərəcədə geriləyib. Mənzərə o qədər aydındır ki, bunu bütün beynəlxalq hesabatlar da təsdiqləməli olur. Amma bu tək dini etiqadla yox, ümumilikdə ölkədə özünüifadə azadlığı ilə bağlıdır. Insanın ləyaqətlə yaşaması ilə bağlı məhdudiyyətlər var. Dini etiqad azadlığı ciddi şəkildə məhdudlaşdırılır və bu sahədə repressiyalar müşahidə olunur. Bu, ölkədə insan hüquq və azadlıqlarının vəziyyətindən xəbər verir. Hüquq və azadlıqları məhdudlaşdırılan insanlar çarəsiz duruma düşürlər və öz haqlarını qorumaq üçün onlara alternativ tanınmır”. I.Ibrahimoğlu deyir ki, adı dini etiqad azadlığını məhdudlaşdıran ölkələr sırasına düşənlər, eləcə də Azərbaycan hesabat müəllifinin məlum xəbərdarlığından nəticə çıxarmalıdılar: “Insanların hüquq və azadlıqları, o cümlədən dini etiqad azadlığı birmənalı təmin edilməlidir. Bu problem Türkiyədə siyasi proseslərə hələ də öz təsirini göstərməkdədir. Ona görə bu araşdırmaları oxuyanlar diqqətli olmalı və islahatlara başlamalıdalar. Öz ölkələrində bu kimi pis ssenarilərin baş verməsinin qarşısını almalıdılar”