İsrail İranın nüvə obyektinə “sızıb”

«Fordo» obeyktinin yaxınlığında dinləmə cihazı tapılıb

Iranın nüvə proqramı və Israilin bu ölkəyə qarşı gizli diversiya əməliyyatları davam edir. Israil bütün vasitələrdən istifadə etməklə Tehran rejiminin nüvə obyektlərini sıradan çıxarmağa çalışır. Ingiltərədə yayımlanan “The Sunday Times” qəzeti Iranın nüvə obyektinin yaxınlığında elektron dinləmə cihazı tapıldığını yazıb. Dinləmə cihazının Qum şəhərindəki “Fordo” yeraltı nüvə obyektinin yaxınlığında tapıldığı bildirilir.
Xəbərdə deyilir ki, Iran Islam Inqilabı Keşikçiləri Korpusunun (“Sepah”) əməkdaşları ötən ay “Fordo” yeraltı nüvə obyektinə baxış zamanı bir qaya parçası tapıblar. Onlar qaya parçasını tərpətməyə çalışdıqlarında partlayış baş verib. Nəticədə elektron dinləmə cihazı özü özünü məhv edib. Qəzet Qərb kəşfiyyatına istinadən yazır ki, dinləmə cihazı “Fordo”dakı kompüterlərdən məlumatları ala bilib.
Tehran rejimi təcili toplantı keçirərək dinləmə cihazının hansı ölkə tərəfindən bölgədə yerləşdirildiyini araşdırmaq barədə qərar qəbul edib. Bəzi iddialara görə, dinləmə cihazı Israil istehsalı olan kəşfiyyat vasitələrinə bənzəyir. Həmin cihazın da Israil xüsusi xidmət orqanları tərəfindən yerləşdirildiyi ehtimal olunur.
Əlavə edək ki, ötən həftə Iranın Atom Enerjisi Təşkilatının rəhbəri Firudin Abbasi-Davani avqustun 17-də “Fordo” nüvə obyektinin elektrik kabellərinin partladılaraq sıradan çıxarıldığını açıqlamışdı.