Mircəfər Bağırov Təzəxana bunu edərdimi?

Bu gün Azərbaycan daha ağır, daha amansız bir repressiya dövrünü yaşayır. Söhbət təkcə müxalifət fəallarının qarşılaşdıqları amansız mənəvi terrorlardan getmir, bütövlükdə xalq amansız bir işgəncə mexanizmi ilə qarşı-qarşıyadır. Boş qalmış kəndlər, Bakının qul bazarları, əxlaqsızlıq yuvaları, vəhşi cinayətlər, çarəsizlikdən edilən intiharlar, orta əsrlərdən qalma məmur özbaşınalığı, günümüzün ən acı reallıqlarındandır. Hər gün Şimal istiqamətində yola düşən qatarların pəncərəsindən amansız yaşam şərtlərinə dözə bilməyən yüzlərlə vətəndaşımız son dəfə Vətənə əlvida deyir.
Xarici ölkə statistikalarına görə, 19 illik Əliyev rejimi dövründə ölkəni 3 milyondan çox soydaşımız tərk edib. Rusiyada əhalinin son siyahıyaalmasında, məlum oldu ki, təkcə əhalisi 10 milyon olan paytaxt Moskvada azərbaycanlıların sayı milyon yarımdır. Dəhşətlə xatırladığımız 1937-ci ildə isə, ölkədən sürgün edilənlərin sayı heç 100 mini ötüb keçmədi…
…Bu gün Vətəni tərk etməyib Əliyevlər rejiminə qarşı mübarizə aparan minlərlə mübariz insanlardan biri də AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmlidir. Evindən, işindən, övladından olan bu mübariz insanı son olaraq da ömrünün 8-ci onilliyini yaşayan atası ilə imtahana çəkdilər. Məhərrəm kişini saxta ittihamla 13 il yarım müddətinə həbsə atdılar. Müxalifətə və ümumilikdə xalqa qarşı ən geniş yayılmış narkotiklə şərləməni bu yaşda insana tətbiq etməklə rejim sanki bunun qəsdən edildiyi mesajını verirdi. Çünki ciddi və düşünülmüş ittihama inananlar ola bilərdi, rejim bunu ona görə etmədi ki, qoy hər kəs bilsin ki, müxalifəti səbəbsiz tuturam. Bu çox pis bir ənənənin başlanğıcıdır və bunun məsuliyyəti çox ağırdır, gələcəkdə xoşagəlməz nəticələr verəcək. Bu ənənəni yaşlı insana tətbiq etməyin isə, bir adı var – rəzalət. Gettolarda yəhudilərə qarşı sürülən ittihamlar, razılaşın ki, daha məntiqli idi…
Bəli, əziz oxucu, lənətlədiyimiz 1937-ci ildə amansız Mircəfər Bağırov belə oxşar addımı atmağa cəsarət etmədi. Mircəfər etsə-etsəydi, Məhərrəm kişini Qazaxıstana sürgünə göndərərdi və tapşırardı ki, ona bir az çox pul verin ki, ömrünün sonunu heç olmasa ehtiyac içində keçirməsin. Lakin Ilham Əliyev onu həbs etmək qədər qəddar bir addımdan da çəkinmədi. 1937-də repressiyaya məruz qalanların ailələri çox nadir halda cəzalandırılırdı ki, bunun adı sürgün idi. Sürgün zamanı isə ödənilən məbləğ, yeni məkanda bir neçə ay yaşamağa, hətta orada sadə bir ev almağa yetirdi. Bəli, rejim Təzəxan bəyi susdurmaq üçün bütün vasitələrdən istifadə etdi. Bu, eyni zamanda bütün müxalifətə mesaj idi. Amma alınmadı. Təzəxan bəyin atasının həbsindən sonra dedikləri isə, rejimi dəli olmaq dərəcəsinə gətirdi: “Mən mübarizəmdən bir addım da geri çəkilən deyiləm”. Etiraf edək ki, Təzəxan günümüzün qəhrəmanı, bir mübarizə simvoludur. Tarixdə övladını, ailəsini geri qaytarmaq üçün bütöv xalqı qurban verən sərkərdələr, dövlət xadimləri çox görmüşük. Və orası da sirr deyil ki, hazırda Azərbaycan da bir ailənin girovuna çevrilib. Bu gün orta hesabla Azərbaycanda hər gün 3-5 intihar hadisəsi baş verir…
Insanlar sanki bu haqsızlıqlarla barışıblar, günün birində rejimin də onların qapısını “döyəcəyini” gözləyir və bunun mümkün qədər gec baş verəcəyi ümidi ilə yaşayır. Lap su içməyə enmiş maral sürüsünə bənzəməyə başlamışıq, bilirik ki, timsah bizi gözləyir, amma ümid edirik ki, bu bir başqası olacaq…
Srağagün qonşuluqda yas məclisi qurulmuşdu. Mərhum intihar etmişdi. Səbəb bu zavallının illərlə, min bir əziyyətlə topladığı pulla tikdiyi evi Binəqədi rayon Icra Hakimiyyətinin bir neçə dəqiqənin içində yerlə-yeksan etməsi idi. Övladlarının üzünə baxmağa xəcalət çəkən ata, çıxış yolunu ûsirkə içərək, canına qəsd etməkdə gördü. Beləliklə, bir ailə bir günün içində başsız qaldı. Elə həmin günün axşamı isə mərhumun yaxınları və qonşularının baxışları altında icra başçısına aid yerə su kəməri çəkirdilər və məhəlləyə su verlməsi dayandırılmışdı. Mərhumun nəşini kənardan su gətirməklə yudular…
Bu hər birimizin yaşaya biləcəyi faciədir. Bu faciəyə son qoymaq üçün, Təzəxan bəy kimi yaşamaq və mübarizə aparmaq lazımdır…