Davay, dosvidanie

AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmlinin atası Məhərrəm Mirələmlinin qondarma narkotik ittihamıyla 13 il 6 ay azadlıqdan məhrum edilməsini xəbərləyən yazıya Şəmsəddin adlı istifadəçinin yazdığı rəydə deyilir:
“Azərbaycan xalqı unutmasın ki, Təzəxan bəyin gördüyü işlər, apardığı mübarizə heç də hamımızın əzizi Ramil Səfərovun qəhrəmanlığından az deyildir. Düşmən rejimin bu iki vətəndaşımıza olan münasibəti təzad təşkil edir. Ramil bəy də əzilən xalqın xeyrinə hər hansı addım atsa, onu da Təzəxan bəyin taleyi gözləyəcək. Buna əmin ola bilərsiniz”.
Bu kiçik mətndə Azərbaycandakı irtica rejiminin mahiyyəti büsbütün ifadə edilib. Dünənki yazımda dediyim kimi, bu rejimdə bir ölçü var – istədiyin qəhrəmanlığı elə, toxunulmazsan, hətta səni ən başa çıxararlar, səninlə bütün dünyayla davaya girərlər, Azərbaycanın dövləti maraqlarını belə təhlükə altında qoyarlar, ancaq bircə hakimiyyətlə işin olmasın, ona qarşı gəlmə, ağzını açma, tənqid eləmə və müxalif partiyada, həm də ləyaqətli üzv olma, sözünlə əməlin vəhdət təşkil eləməsin.
Bəli, şərhçi Şəmsəddin tam haqlıdı. Sabah gün tərsinə doğsa və Ramil Səfərov – dövlət səviyyəsində qəhrəman, az qala müqəddəs elan edilmiş şəxs hakimiyyətin antixalq mahiyyətinə qarşı bir kəlmə işlətsə, onu Təzəxan Mirələmlinin taleyindən daha acısı, daha ağırı gözləyir. Çünki nə qədər olmaya, Təzəxan bəy dünyaca tanınan adam deyil, onun əməlləri, azadlıq mübarizəsi Azərbaycanda məhdud çevrələrdə tanınır və dediyi sözlər, apardığı mübarizə də Ramil Səfərovun deyəcəyi bir tənqidi kəlmə qədər effekt doğura bilməz, təbii ki, bu effektin miqyasına görə də, repressiyanın dərəcəsi adekvat olacaq.
Təzəxan bəyin oğlu rejimin yaratdığı naqis əxlaqi dəyərlər, ölçülər əsasında qatillik dərəcəsinə çatdırılıb. Atası, onun getdiyi yol, amalı iyrənc şəkildə təhqir edilib, alçaldılıb, üstəlik, bu situasiya onun yaşının təhlükəli keçid çağında baş verib, üstəlik, təhqirçilər tam əks qütbün övladları olub, üstəlik, xəta müdafiə zəminində baş verib, ancaq məhkəmə ona hökm çıxararkən bir yüngülləşdirici halı belə nəzərə almayıb. Fikir verirsinizsə, bu cinayət hadisəsi təpədən dırnağacan Ramil Səfərovun Budapeştdəki cinayət əməli ilə üst-üstə düşür, eyni motivlidi, hətta bəzi məqamlarda təbiiliyinə və qeyri-bərabərliyinə (ona hücum edilib, döyülüb, alçaldılıb, hücum edən tək olmayıb və s.), bir daha üstəgəl yaş çağına görə ondan daha çox alibisi var, lakin Ramil Səfərovu qəhrəman sayanlar bu hadisədə öz insanlıqlarını belə büsbütün unudaraq daha qərəzli qərar çıxarıblar. Sanki Təzəxan bəyin oğlu Azərbaycan vətəndaşı deyil və onun heysiyyatı da yoxdu.
Yox, qisas atəşi ilə alovlanan rejimin ürəyi bununla soyumayıb. Onun atasını rayondan didərgin salıblar, müəllimlikdən uzaqlaşdırıblar, kiçik qardaşının təhsilsiz qalmasına səbəb olublar, yenə ürəkləri soyumayıb, Təzəxan bəyin atasını həbs ediblər, 13 il 6 ay iş kəsiblər, bu arada qisas alovu hakimiyyət rəhbərlərinin ürəyini elə qarsalayıb ki, bu həbs edilən atanın başqa bir oğlunu da içəri atıblar.
Mən ümidsizliyə qapılıb az qala elə düşünəcəkdim ki, cəmiyyət də öz dövlət başçısı kimi ancaq bər-bəzəkli qəhrəmanlıqları sevir və Təzəxan kimilərini vecinə də almır. Ancaq Şəmsəddin adlı istifadəçinin şərhi məni özümə gətirdi. Yox, bu xalq, hətta toplum hər kəsi yaxşı tanıyır. Və o toplumun ürəyindən bu rejimə “Davay dosvidaniya” deməkdən başqa bir şey keçmədiyi vaxtda dövlət başçısı hitə çevrilmiş bu mənasız meyxananın müəlliflərini təntənəli şəkildə qəbul edib. Onlar da Nanənin verilişində dövlət başçısına tərif yağdırıblar. Qismət olsa, bir gün bu tip təriflərin iyrəncliyi haqda da yazarıq. Hələlik. Davay, dosvidanie. Bu, sadəcə, rusca sağollaşmadı, meyxana deyil.