Hələ 2011-ci ilin lap əvvəlində, Ilham Əliyev korrupsiyaya qarşı mübarizəyə başladığını elan edəndə ölkənin Baş prokuroru Zakir Qaralov heyrətamiz açıqlamalar vermişdi. “Korrupsiyaya qarşı mübarizəyə özümüzdən başlamalıyıq” bəyanatını səsləndirib də işə girişən Qaralov hüquq-mühafizə orqanlarında çalışan əməkdaşlara yaramaz rüşvətxorları barmaqla göstərmişdi: kim dəbdəbəli həyat tərzi keçirirsə, vilalar, mülklər sahibidirsə, onlar yoxlanılmalıdır!
Yoxladılar və artıq iki ilə yaxındır ki, Zakir müəllimin işçiləri ölkədə korrupsiyanın – dəbdəbəli həyat tərzi keçirənlərin, saysız-hesabsız villa sahiblərinin axırına çıxmaqdadırlar. Təsadüfi deyil ki, ötən il “korrupsiyaya qarşı mübarizə lazımi səviyyədə aparılmır” deyə şikayətlənən Zakir Qaralov indi ictimaiyyətə ürəklə səslənir: “Korrupsiyaya qarşı mübarizə göz qabağındadır!”
Bu son sitatda Ilham Əliyevin siyasi iradəsindən nəticə çıxarıb, korrupsiyanın kökünü kəsən Baş prokurorun öyünməsi var.
Niyə də olmasın? Adam işləmirmi, rüşvətxorları, korrupsionerləri həbs eləmirmi? Aparılan mübarizənin şiddəti göz qabağında deyilmi?
Elə dünən Baş Prokurorluq rəsmi açıqlama yaydı. Məlum oldu ki, paytaxtdakı rüşvətxorların hamısının nəfəsini kəssə də, Zakir Qaralovun gözündən yayınıb ucqarlarda çirkin, əxlaqa sığmayan, prezidentimizin, elə şəxsən Baş prokurorun adına yaraşmayan işlərlə məşğul olan yaramazlar hələ də varmış.
Uzağa getmədən Həsənli kənd orta məktəbinin direktoru Vəzir Hüseynovu götürək. Inanıram ki, bu adamın “dəbdəbəli həyat tərzi keçirməsi” Baş prokurorun və hüquq-mühafizə orqanlarının diqqətini çoxdan cəlb eləyibmiş. Onun son hərəkəti isə lap əndazəni aşması kimi qiymətləndirilə bilər. Vəzir müəllim (bu “çirkin rüşvətxora” – ifadə Hacıbala Abutalıbova məxsusdur – “müəllim” deməyə də adamın dili gəlmir) guya, məktəbli forması almaq üçün “Herakl-M” MMC-yə pul köçürüb, əslində isə həmin vəsaiti nəğd şəkildə alaraq mənimsəyibmiş.
Bu “nəğd şəkildə alınıb mənimsənilən” pul isə külli miqdardadır: düz 1.229 – min iki yüz iyirmi doqquz – manat!
Dəhşətli faktdır, adamın tükləri biz-biz olur! Görünür, Vəzir Hüseynov çirkin yolla mənimsədiyi bu vəsaitlə Dubayda 4 ədəd, Yeni Zelandiyada Alla Puqaçovanın mülkünün qonşuluğunda 4 mərtəbəli 2 ədəd villa almağı, qalan vəsaiti isə ölkədən çıxararaq Avropa banklarında şəxsi hesabına köçürməyi planlaşdırırmış.
Ölkəni müflis eləmək istəyirmiş, yaramaz!
Baş Prokurorluğun açıqladığı digər fakt isə adamın damarlarında qanını dondurur: demə, Köçəkli kənd orta məktəbinin direktoru Sakit Ağayev də həmkarından geri qalmırmış, korrupsiya ilə məşğulmuş. Heç də sakit olmayan Sakit Ağayevin korrupsiya əməli nəticəsində dövlət büdcəsinə 1041 – min qırx bir – manatlıq ağır zərbə dəyibmiş!
Biz də neçə illərdir ölkəyə axan neft sərvətlərinin kimlər tərəfindən talan olunmasını anlamağa çalışırıq. Kimlər olacaq? Sakit Ağayevlə Vəzir Hüseynov! Bu iki nanəcib əlbir olaraq, 2006-2012-ci illər arasında Azərbaycana təkcə neftdən gələn 180 milyardlıq vəsaitin belini qırıb, dağıdıb yeyiblər!
Bəlkə, Sakit Ağayev korrupsiya ilə əldə etdiyi 1041 manatla bir milyonluq ayı yemək eşqinə düşübmüş; bəlkə, ailəsini götürüb, Türk Hava Yollarından bilet almaq, bütün “biznes-klass” yerlərini zəbt etmək, Barselonaya istirahətə yollanmaq, təyyarədə isə stüardessaya itin sözünü demək keçirmiş könlündən; bəlkə, qiyməti bir milyonla ölçülən ən bahalı yarış maşınları ilə Avropanın göbəyində “avtoşluq” etmək, qəza törədib dünya mətbuatının səhifələrinə çıxmaq, məşhurlaşmaq istəyirmiş; bəlkə, ailəsindən, uşağından utanmadan bir neçə xanım da götürüb, Gürcüstana varmaq, “dəbdəbəli həyat tərzi” keçirmək niyyətindəymiş?
Hər şey ola və ölkəmiz həm maddi, həm də mənəvi baxımdan itirə bilərdi. Əgər xarici mətbuat yazsaydı ki, Sakit Ağayev oğlunun adına xaricdə villalar alıb, Azərbaycanın beynəlxalq imicinə zərbə dəyməyəcəkdimi? Deməzdilərmi ki, prezident Ilham Əliyevin bu yekəlikdə tapşırığından və siyasi iradəsindən sonra ölkədə korrupsiyanın kökü kəsilməyibsə, bəs, Zakir Qaralov hara baxır?
Deyərdilər; şükür ki, daha deməyəcəklər. Çünki Zakir müəllim o rüşvətxor yaramazları həbs etməklə Azərbaycanı rüsvay olmaqdan qorudu…

Baş prokurorun müdhiş əməliyyatı
•