Təhsil şöbəsinin müdiri məktəb direktorları vasitəsilə 52 orta məktəbdə nə qədər rüşvət yığıb?
Bakı Ağır Cinayətlər Məhkəməsində Goranboy rayon təhsil şöbəsinin müdiri Elmar Əliyevin, şöbənin metodiki kabinetinin müdiri Faiq Dosiyevin, Goranboy şəhər 1 nömrəli orta məktəbinin direktoru Xasay Qasımovun, Səfıkürd kənd orta məktəbinin direktoru Cəmaləddin Nəsibovun, Dəliməmmədli kənd orta məktəbinin direktoru Rövşən Abbasovun, Ağamalıoğlu kənd orta məktəbinin direktoru Ilqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Ramella Allaheverdiyevanın sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi çıxış edib. Vəkillər məhkəmə prosesinin bir ildən çox davam etməsindən və ibtidai istintaqın düzgün aparılmamağından narazı olduqlarını bildiriblər. Onlar müdafiə etdikləri şəxslərin barəsində ədalətli hökm çıxarmağı hakimdən xahiş ediblər. Proses fevralın 1-də davam etdiriləcək(APA).
Ittihama görə, Elmar Əliyev Goranboy rayonunda 52 orta məktəbdə və rayon ərazisində fəaliyyət göstərən Kəlbəcər rayonunun 11 orta məktəbinin XI sinif şagirdlərindən test imtahanlarında yüksək bal və attestat verilməsi müqabilində pul yığılmasını təşkil edib və külli miqdarda rüşvət alıb. E.Əliyev təhsil şöbəsinin metodiki kabinetinin müdiri
Faiq Dosiyev vasitəsi ilə pulun ona çatdırılmasını tapışırıb. F.Dosiyev Elmar Əliyevin tapşırığı əsasında məktəb direktorlarının şagirdlərdən 50-100 manat məbləğində topladıqları pulları qəbul edib E.Əliyevə verib. Istintaq zamanı E.Əliyevin yaşayış və iş yerində şagirdlərin 1996-2002-ci illərdə orta məktəbi bitirmələrinə dair müxtəlif seriya və nömrəli 44 ədəd yazılan, 27 ədəd isə boş əsas təhsil haqqında şəhadətnamə və orta təhsil haqqında attestatlar aşkar edilərək götürülüb.