İngiltərədə Əliyev iqtidarını və BP-ni “vuran” kitabın təqdimatı olub
İngiltərədə Azərbaycan neftinin insan haqlarına təsiri barədə kitab dərc olunub. Ötən həftə dərc olunan kitabda müəlliflər Azərbaycandan neftin mərkəzi və qərbi Avropaya nəqli nəticəsində insan haqlarının pozulmasından bəhs edirlər.
“Neft yolu – Xəzər dənizindən London şəhərinə” adlı kitabı Londonda yerləşən “Platform” qrupunun tədqiqatçıları yazıb. Bu qrup neft korporasiyalarının layihələrinin təsirinə məruz qalan və onlara qarşı çıxan icmalara dəstək göstərir. Londonda kitabın təqdimatı zamanı müəlliflərdən biri onu “neftin Bakıdan Qərbi Avropaya gedən izi ilə səyahət gündəliyi” adlandırıb. Kitab neft nəqlinin tarixi və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin insan haqlarına təsiri barədədir.
Müəlliflərdən biri Ceyms Marriott deyib ki, bilavasitə BTC kəməri boyunca məskunlaşan insanlar əziyyət çəkir. Onlar üçün kifayət qədər tədbir görülməyib. “Əlbəttə, korporativ sosial məsuliyyət proqramları mövcuddur və kitabda açıqladığımız məqamlardan biri də tədbirlərin müvvəqəti və qüsurlu olmasıdır”, – deyə o, bildirib.
Ceyms Marriott bildirib ki, kitabda BTC-nin Azərbaycanda insanların həyatına təsirinə dair bir sıra əhvalatlara toxunulub: “Boru kəməri Azərbaycanın qərbində Gəncə şəhəri yaxınlığında kiçik Qarabörk kəndində bir ailənin evi altından keçir. Qərbi Avropada belə şey baş verə bilərdimi? Keçmişdə bəlkə də, lakin bu gün, bu əsrdə belə iş görülməzdi. Nə üçün bu adam boru kəməri üzərində yaşasın və heç bir kompensasiya almasın? Güman edirəm ki, bu, insan haqlarının pozulmasıdır”.
Ceyms Marriott deyib ki, insan haqlarına mənfi təsir neft kəməri yolları ətraflnda yaşayan insanlarla məhdudlaşmır. Müəllif həmçinin, Azərbaycanda ümumilikdə insan haqlarının vəziyyətinə görə neft biznesini günahlandırır: “Azərbaycan iqtisadiyyatının təməli neftdir. Odur ki, neft sahəsində əsas rol oynayan şirkət, yəni BP iqtisadi strukturda da ön yeri tutur. Əslində Əliyev rejimi üçün şəraitlər yaradan iqtisadi strukturun və BP-nin insan haqlarının pozulmasına aidiyyəti olmaya bilməz. Beləliklə, biz anlayırıq ki, insan haqlarını inkar edən bir strukturun dəstəklənməsində BP-nin rolu böyükdür”.
Ceyms Marriott izah edib ki, BTC keçdiyi 3 ölkədə ətrafındakı təxminən yarım km məsafə ilə “dövlət içində dövlət” kimi bir dəhliz təşkil edir: “Nə üçün Azərbaycanda, Gürcüstanda və Türkiyədə biz boru kəmərinə yaxınlaşmağa cəhd edəndə dərhal, əsasən, hərbiləşdirilmiş polis tərəfindən saxlanıb, bir çox yerlərdə isə tutulurduq? Avstriyada yaxud Almaniyada boru kəmərinə yaxınlaşmaq istəsəniz, sizdən bir söz də soruşan olmaz. Azərbaycanda, Gürcüstanda və Türkiyədə boru kəməri strukturu bu ölkələrlə BP arasında beynəlxalq hüquq (yaxud imzalanmış saziş) əsasında fəaliyyət göstərir və bu saziş, əslində, uzunluğu 1600, eni təxminən yarım kilometr olan bu dəhlizdə normal dövlət hüquq strukturunun fəaliyyətini dondurur. Kobud desək, bu ərazi dövlətdən kənar dövlətə çevrilir. Burada tətbiq edilən qanunlar Azərbaycan, Gürcüstan və Türkiyə qanunları çərçivəsindən kənardır. Bu dəhliz üçün nəzərdə tutulan qanunlar bu üç ölkə ərazisində iqtisadi subyektlərə şamil edilən qanunlardan üstündür və “Amnesty İnternational” burada insan haqlarının dondurulduğunu bildirir. Bəzi şirkətlərin neft nəql etməyi bu yerlərdə yaşayan insanların hüququndan üstün tutması nə dərəcədə düzgündür? Və bu baxımdan, günah Azərbaycan hökumətində işləyən bəzi rəsmilərin üzərinə düşür. Bu hüquqi struktur Londonda və Hyustonda (ABŞ, Texas ştatı) yaradılıb”.
Ceyms Marriott araşdırmaları ilə bağlı BP ilə danıdıqlarını, lakin onların “bizə neft lazımdır, hamıya neft lazımdır”, – deyə vəziyyətə bəraət qazandırdıqlarını deyib. “Onlar deyirlər ki, 1990-cı illərdə Qafqazda qeyri-sabitlik olub və onların hər hansı bir hüquqi struktura ehtiyacı olub. Lakin bizim arqumentimiz budur ki, bunlar bəhanə ola bilməz, məsələyə bunlarla haqq qazandırmaq olmaz”, – deyə müəllif qeyd edib.
Kitabda həmçinin Britaniya hökuməti tənqid olunur. Bildirilir ki, hökumət BP-yə Azərbaycanda müqavilə əldə etməyə yardım göstərib. Bununla bağlı suala Ceyms Marriott belə cavab verib: “1992-ci ilin yazında, yeni Azərbaycan hökuməti dövründə sanki BP öz mövqelərini Amerikanın AMOKO şirkətinə güzəşt edirdi. Elçibəy hökumətinin xoşuna gəlmək üçün onlar dedilər, gəlin iki taktika sınayaq. Birincisi o idi ki, onlar Böyük Britaniya səfirliyini BP ofislərində yerləşdirməyi təklif etdilər. Beləliklə, səfirliklər BP ofislərinə daxil oldu və milli bayraq kənara çıxdı. Digər təklif o idi ki, azərbaycanlıları təsirləndirə bilən hər hansı bir şəxsi dəvət etmək lazımdı. Britaniya XİN sabiq müdafiə naziri Maykl Heseltini təklif etdi. Lakin BP və Azərbaycan tərəfini bu qane etmədi və 1992-ci ildə müqavilə imzalanma mərasiminə Marqaret Tetçer dəvət olundu. Beləliklə, xarici siyasət idarəsi bu prosesə cəlb olundu. Hərçənd o zaman Tetçerin vəzifəsi yox idi, hətta heç parlament üzvü də deyildi. Lakin ondan, bir növ, bir silah kimi istifadə olundu”.
Ceyms Marriottla söhbəti hazırlayan “BBC Azərbaycanca” BP ilə əlaqə saxlasa da, şirkətin sözçüsü deyib ki, kitab barədə məlumatları yoxdur və şərh verməyəcəklər.