Obama və Romni “atışdı”

Prezident rəqibini ölkəni müharibəyə sürükləməkdə, respublikaçı isə prezidenti İsrailə arxa çevirməkdə suçladı

ABŞ prezidenti Barak Obama bu ilin noyabrında keçiriləcək seçkilərdəki əsas rəqibi respublikaçı Mit Romninin ünvanına ağır ittihamlar səsləndirib. Ağ ev rəhbəri respublikaçı rəqibini İran və Suriya məsələsində müharibə variantına üstünlük verməkdə günahlandırıb. Obama Rominin prezident seçiləcəyi təqdirdə ölkəni müharibəyə sürükləyəcəyini deyib. O, ABŞ-ın Suriya məsələsində passiv qalmasının seçkilərlə bağlı olmadığını deyərək bu kursun dəyişməyəcəyini bildirib.

“CBS” kanalında yayımlanan “60 dəqiqə” adlı proqrama qatılan namizədlər bir-birini tənqid edib. Obama Romnini ABŞ-ı müharibəyə sövq etməkdə, Romni isə Obamanı İsrailə arxa çevirməkdə günahlandırıb. İndiki prezident “İraqda müharibəni bitirəcəyimi söylədim, etdim. “Əl Qaidə”nin, Usamə bin Ladenin məhvinə çalışacağımı söylədim, ben Laden öldürüldü. Yəni xarici siyasət hədəflərimizi yerinə yetirdim” deyib.

Mit Romni isə tənqidlərini Obamanın İsrail siyasəti üzərinə yönəldib. Respublikaçı namizəd Obamanın BMT Baş Assambleyasının Nyu Yorkda keçiriləcək toplantısına qatılacaq İsrail baş naziri Benyamin Netanyahu ilə görüşməməsinin böyük bir səhv olduğunu söyləyib:“Bu səhvdir. Bütün Yaxın Şərqəki dostlarımızdan uzaqlaşmaq mesajı idi. Ancaq bunun tam tərsi edilməliydi”.