AntiBarrozu kampaniyasının arxasında nə dayanır?

 

Semnebinin açıqlaması nəyə işarədir?

Fuad Qəhrəmanlı: «Avropa Birliyi əldə olunan müəyyən razılıqlarla bağlı Azərbaycandan aydın mövqe tələb edir»

 

Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ölkəmizə səfəri zamanı Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun çıxışı ilə bağlı yaranan qalmaqala aydınlıq gətirib. Dağlıq Qarabağ münaqişəsinin həllində AB-nin mövqeyinin dəyişməz olaraq qaldığını bəyan edən P.Semnebi vurğulayıb ki, onun Barrozunun səfərindən dərhal sonra Bakıya gəlişi ölkəmizin xarici siyasətindəki dəyişikliklərlə bağlıdır: “Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona görə hökumət bu məsələdə spekulyasiyaya yol verməməlidir. Barrozunun çıxışının saytda tam verilməməsi məsələsini şişirtmək lazım deyil. Bu çıxış səfərdən əvvəl saytda yerləşdirilib və saytda mətnin əvvəlki versiyası olub”.

P.Semnebinin çıxışında diqqət çəkən əsas məqam onun səfərinin məhz Azərbaycanın xarici siyasətində baş verən son dəyişikliklərlə bağlı olduğunu vurğulamasıdır. Belə görünür ki, AB Barrozunun səfərindən dərhal sonra Azərbaycanın Brüsellə qarşı çıxmasının fonunda, Rusiya ilə yaxınlaşmasını aydınlaşdırmaq istəyir.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, ötən həftə reallaşan Barrozunun səfəri Azərbaycanın uzun müddət müqavimət göstərdiyi NABUCCO proyektinə razılıq verməklə yekunlaşdı. Bu cür geosiyasi hadisələrin, bir qayda olaraq, qonşu dövlətlərin reaksiyası olmadan ötüşmədiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, Barrozunun səfərindən dərhal sonra paytaxtımıza Narışkinin təşrif buyurması Rusiyanın baş verənlərlə bağlı narahatlığının göstəricisi idi: “Azərbaycanın Avropa ilə alternativ enerji layihələrini reallaşdırması Rusiyanın enerji siyasətinə bir təhlükə törədir. Ona görə də Rusiya açıq şəkildə mövqeyini ortaya qoyandan sonra Azərbaycan baş verənləri kompensasiya etmək məqsədi ilə Barrozuya qarşı kampaniya yürütməyə başladı. Görünür, Azərbaycan Barrozu ilə müzakirə olunan məsələlərə isti yanaşmadığını göstərməyə çalışır. Amma düşünmürəm ki, xarici siyasətdə bu cür sistemsiz yanaşmanı istər Rusiya, istərsə də Avropa Birliyi ciddi qarşılasın”.

Bu cür xarici siyasətin Azərbaycanın beynəlxalq imicinə ciddi zərbə vurduğunu düşünən F.Qəhrəmanlı bildirdi ki, eyni zamanda hakimiyyət özünün etimad limitini də xərcləyir: “Artıq belə təsəvvür formalaşmağa başlayacaq ki, Azərbaycan hakimiyyəti ilə hər hansı ciddi məsələni müzakirə etməyə dəyməz. Çünki imzalanan istənilən sənəd mürəkkəbi qurumamış dəyişdirilə bilər. Bu baxımdan Semnebinin onun səfərinin əsas məqsədinin xarici siyasətlə bağlı olduğunu vurğulaması təsadüfi deyil. Semnebi bununla onun mesajını verməyə çalışır ki, əldə olunan müəyyən razılıqlarla bağlı Azərbaycan tərəfi aydın mövqe nümayiş etdirməlidir”.

Xəyal