Alman deputat Əliyev və Yanukoviçi hədəf aldı

Folker Bek: «Diktatorlar iri beynəlxalq tədbirlərlə özlərinin görmək istədiklərini dünyaya göstərməyə çalışdı»

Almaniya Bundestaqının “Yaşıllar” partiyasından olan deputatı, parlamentin insan haqları komitəsinin sədri Folker Bek “Frankfurter Rundschau” qəzetində müəllif məqaləsilə çıxış edib. Bundestaq üzvü məqaləsində Azərbaycan və Ukraynada insan haqları sahəsindəki problemlərə toxunub.
Folker Bek yazıb ki, bu yay Azərbaycanda “Eurovision” musiqi yarışması və Ukraynada futbol üzrə Avropa çempionatı keçiriləndə bu ölkələrdə insan haqları problemləri dünyada geniş müzakirəyə çıxarıldı.
Bundestaq üzvü yazır ki, diktatorlar iri beynəlxalq tədbirlərlə özlərinin görmək istədiklərini dünyaya göstərməyə çalışdı:
“Azərbaycanda Ilham Əliyev rejimi musiqi yarışmasının təşkilinə, yeni konsert zalının tikintisinə və reklam işlərinə külli miqdarda pul xərclədi. O, (Ilham Əliyev nəzərdə tutulur-red.) düşünürdü ki, özünü təbii ehtiyatlarla zəngin ölkənin xoşbəxt lideri kimi təqdim edə biləcək.
Ukrayna prezidenti Viktor Yanukoviç də təntənəli futbol yarışına hazırlıq və turnirin gedişilə müəyyən dairələrin simpatiyasını qazanacağına ümid edirdi. Lakin çoxları hər iki ölkədə müxalifətə qarşı sistemli təzyiqlərin olduğunu gördü. Futbol üzrə Avropa çempionatı zamanı Ukraynada keçmiş hökumətin 20 üzvü həbsxanada idi. Azərbaycanda isə jurnalistlər və insan haqları uğrunda mübarizə aparanlar həbsə atıldı. Ölkədə azad məbutat yoxdur. Hakimiyyətə qarşı çıxanlar xüsusi xidmət orqanlarının və təhlükəsizlik qüvvələrinin amansız repressiyalarına məruz qaldı.
Yaxşı ki, Azərbaycan və Ukraynada Əliyev və Yanukoviçin planları bir işə yaramadı. Ancaq bəzi super güclər ənənəvi müxalifətin imkanlarını nəzərə almadı, beynəlxalq medianın fəallığından geridə qaldı. “Eurovision” Azərbaycanda müxalifətin hücumlara məruz qalmasına diqqətləri yönəltməyə imkan verdi. Ukraynada da Timoşenko hadisəsi kifayət qədər dünyanın diqqətində oldu. Almaniyada demək olar ki, heç kim bu iki ölkədə demokratiyanın olduğuna inanmır. Bu yaxşı haldır.
Ulduzların bu ölkələrə səfəri və milyonların onları izləməsinin yaratdığı effektin qısa müddət sonra unudulacağı ehtimalı vardı. Idman turnirləri və musiqi yarışları üzərində qurulmuş PR kampaniyalar iflasa uğradı. Məndə olan məlumata görə, Almaniya federal hökuməti Ukraynada insan haqlarının durumundan narahatlıq keçirir. Futbol yarışının ölkədə insan haqlarının durumuna müsbət təsir göstərəcəyinə dair ümidlər boşa çıxıb. Federal hökumət Azərbaycanla da bağlı eyni mövqedə və düşüncədədir. 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarından sonra baş verənlər təkrarlanır. O zaman da bir çoxları Asiya ölkəsində yarışdan sonra vəziyyətin düzələcəyini düşünürdü. Lakin Çin hökuməti təzyiq və repressiya aparatını əvvəlki tək işlədir”.