Elçin Behbudov: «Azərbaycanın Penitensiar Xidmətində və hüquq-mühafizə orqanlarında kifayət qədər işgəncə faktları mövcuddur»
“Azərbaycanın Penitensiar Xidmətində də kifayət qədər işgəncə faktları var. Bu barədə bizim komitəyə çoxsaylı müraciətlər olur. Lakin mən inanmıram ki, ədliyyə naziri gürcüstanlı həmkarı kimi addım ataraq, istefa versin”.
Bu sözləri “Azadlıq”a Işgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov deyib. Elçin Behbudov bildirib ki, hazırda ona həbsxanalarda monitorinq aparmağa qadağa qoyulub: “Bizi həbsxanalara buraxmırlar. Bu nə deməkdir axı? Bunun bir adı var: Işgəncə faktlarını, qanunsuzluqları ictimaiyyətdən gizlətmək. Açığı, Mədət Quliyev Penitensiar Xidmətin rəhbərliyinə gətiriləndə mənim böyük gözləntilərim var idi. Lakin təəssüf ki, bu gözləntilər özünü doğrultmadı. Əgər bu gün Işgəncələr Əleyhinə Komitə həbsxanalara buraxılmırsa, bu sahədə hansı şəffaflıqdan danışmaq olar?!”
Elçin Behbudov əlavə edib ki, təkcə Penitensiar Xidmətdə deyil, hüquq-mühafizə orqanlarında işgəncə faktları mövcuddur: “Bu baxımdan bütün hüquq-mühafizə orqanlarının rəhbərləri Gürcüstandan nümunə götürməlidirlər”, deyə Elçin Behbudov vurğulayıb.
Xatırladaq ki, bu günlərdə Gürcüstanın ədliyyə naziri Xatun Kalmaxelidze istefa verib. O, bu addımı həbsxanaların birində məhbuslara işgəncə verilməsi faktının ictimailəşməsindən sonra atıb.