Dəm qazından hər il 500-1000 zəhərlənmə olur
Ölkədə dəm qazından zəhərlənmələr tüğyan edir. Son günlərdə mətbuatda açıqlanan belə faktların sayı 20 -dən artıqdır. Təkcə martın ilk həftəsində mətbuatda 3 belə faciəli ölüm hadisəsi qeydə alınıb: tanınmış hüquqşünas Əyyub Kərimovun, Sumqayıtda 6 nəfərlik ailənin bütün üzvlərinin və dünən bir ailənin iki övladının boğulması. Ümumiyyətlə, son illərdə dəm qazlndan zəhərlənmələrlə bağlı dəqiq statistika yoxdur. Onu ya qəsdən gizlədirlər, ya da ölüm faktlarının hesabatını aparmaq kimsəni maraqlandırmır. Müraciət etdiyim mütəxəssislər də etiraf edir, bu haqda məlumatı ancaq mətbuatda gedən rəqəmlərdən alırlar, o da çox halda bütün faktları əks etdirmir. Amma Kliniki tibbi mərkəzin açıqladığı informasiyalara görə il ərzində orta hesabla dəm qazından 500-1000 zəhərlənmə olur.
Buna görə, biz də internetdə bir az araşdırma aparıb, son illərin statistikasından alınan müəyyən rəqəmləri bir araya gətirməyə çalışdıq. Mətbuatda açıqlanan rəqəmlər çox halda şəhər Təcili tibbi yardım stansiyasının və Kliniki tibbi mərkəzin açıqlamalarına əsaslanır. Beləliklə, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının məlumatına görə 2009-ci ildə paytaxtda 487 kişi, 586 qadın, 150 azyaşlı uşaq dəm qazından zəhərlənib. Zəhərlənmə dioqnozu ilə stansiyaya müraciət edənlərdən 16 nəfəri dünyasını dəyişib. 2012-ci ilin təkcə dekabr ayında Təcili Yardıma dəm qazından zəhərlənməyə görə 270 müraciət daxil olub, bunlardan 180 nəfəri xəstəxanaya yerləşdirilib, 5 ölüm hadisəsi qeydə alınıb. 2013-cu ilin dekabr ayı ərzində isə 382 dəm qazından zəhərlənməylə bağlı müraciət olunub. Bunlardan 270 nəfəri xəstaxanaya yerləşdirilib. Zəhərlənənlərin 16 nəfərində ölüm hadisəsi qeydə alınıb. Ölənlərin də 7-si kişi, 9-u qadın olub.
Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsindən verilən məlumata görə, 2015-ci ildə 302 nəfər dəm qazından zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzə gətirilib: “Onlardan 11 nəfəri uşaq olub. Dəm qazından zəhərlənənlərdən 80 faizi kişi, 20 faizi qadındır. Həmin il 3 nəfər dəm qazından zəhərlənərək ölüb”.
2016-cı ilin ilk iki ayında 75 nəfər dəm qazından zəhərlənib. Bunlardan 42 nəfəri dünyasını dəyişib. Zəhərlənmə hallarından 53-ü yanvar, 22-si isə fevral ayında baş verib. Martın ilk 10 günündə isə dəm qazından 6 zəhərlənmə halı qeydə alınıb ki, bunlardan 4-ü ölümlə nəticələnib. Respublika Toksikologiya Mərkəzinin rəhbəri Azər Maqsudovun sözlərinə görə, həmin il ərzində Toksikologiya Mərkəzinə dəm qazı zəhərlənməsi ilə bağlı 454 nəfər müraciət edib: “Onlardan 70 %-i orta ağır dərəcədə, 10 %-i ağır, qalanları isə yüngül zəhərlənib. Dəm qazı zəhərlənməsi ilə bağlı müraciət edənlər əsasən cavan və orta yaşlı, 20-40 yaş arası insanlardır”.
2017-ci ilin yanvar-sentyabr aylarında isə xəstəxanaya dəm qazından zəhərlənmə ilə bağlı 273 nəfər müraciət edib. Dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin 20-si azyaşlı olub. Müraciət edənlər daha çox 25-40 yaşlı və yaşı 55-dən yuxarı şəxslər olub. Bu il xəstəxanaya dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olanlar arasında ölüm halı baş verməyib.
A. Maqsudov 2018-ci ilin yanvar ayında 18, fevral ayında 15 nəfərin dəm qazından zəhərləndiyini açıqlayıb. Mart ayının 6-dək isə 4 nəfər dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. Şöbə müdiri bildirib ki, KTM-ə dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlər Bakı şəhəri və onun ətraf ərazilərində yaşayan insanlardır. Rayonlarda olan zəhərlənmə hadisələri ilə bağlı faktlar ayrıca aparılır.
Gördüyünüz kimi, statistika tam olmasa da, rəqəmlər xeyli dərəcədə artıqdır. Hər halda, faktların illik hesabat şəklində açıqlanmaması da elə bununla bağlıdır. Bəs bu ölüm kabusunu evlərə gətirib çıxaran əsas səbəblər hansılardır? Bir çox ekspertlər əhaliyə verilən qazın tərkibində zəhərli elementlərin olduğunu deyir və bildirir ki, zəhərlənmə baş verməməsi üçün məişətdə istifadə olunan qaza əlavə maddələr qatılmalıdır. Zəhərlənmələr də qazın tərkibi təmizlənmədiyinə görə baş verir. Bir neçə il əvvəl Sənaye və Energetika naziri Natiq Əliyev də qış mövsümündə Azərbaycanın qaz emalı zavodlarının əldə olunan qazın yalnız 60 faizini təmizləyə bildiyini demişdi. Nazir bunu zavodların belə bir gücə malik olmaması ilə əlaqələndirmişdi. Ancaq nazir onu da əlavə etmişdi ki, dəm qazından kütləvi zəhərlənmələrə səbəb qazın tərkibinin tam təmizlənməməsi yox, istehlakçının ehtiyatsızlığıdır. Mütəxəssilər, hava çatışmazlığı, vətəndaşların qazla davranma qaydalarını bilməməsi, tüstü bacalarının və borularının vaxtında təmizlənməməsi, mənzillərdə işlədilən qaz sobalarının standartlara uyğun gəlməməsini də dəm qazından boğulmaya səbəb olan amillər sırasında qeyd edilir. Tələblərə görə hər il bütün yaşayış binalarının tüstü bacaları təmizlənməlidir. Deyilənə görə, sonuncu belə təmizlənmə 1987-ci ildə aparılıb. Bu sahədə təcrübəsi olan mütəxəssilər onu da qeyd edir ki, hökumət dəm qazı zəhərlənnmələrinin qarşısını almaq üçün bir sıra tədbilər görə bilər və görməlidir.
Məsələn, Estoniyada mənzillərdə dəm qazını göstərən sayğacların quraşdırılması haqqında məcburi qayda var. Bunu etmək, yaxud da ölkədə mərkəzləşdirilmiş istilik sisteminə keçməklə faciələrin qarşısını almaq olar. Əks halda, rəqəmlər artan səviyyədə beləcə davam edəcək.
Səadət