Fəzail Ağamalı ilə Zahid Oruc arasındakı ziddiyyətlərin pərdəarxası məqamları
AVP sədri Fəzail Ağamalı sədr müavini Zahid Orucun YAP-la birləşmək barədə təklifinə mətbuatda cavab verib. Xatırladaq ki, Z.Oruc modern.az-a açıqlamasında bildirib ki, hər iki iqtidar partiyasının vahid şəkildə birləşməsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. “Mən bir müddət əvvəl də belə bir təklif irəli sürmüşdüm. Təbii ki, hər zaman bir millət vəkili kimi, istər Ana Vətən Partiyasının təmsilçisi kimi mən partiyalar sistemində inteqrasiyaların getməsini hər zaman arzulamışam”, – deyə Z.Oruc vurğulayıb.
F.Ağamalı isə Z.Orucun fikirlərinə “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə aydınlıq gətirib. O, bildirib ki, əgər sədr müavini təşkilatını dəyişmək istəyirsə onun yolu açıqdır: “Lütfən, Zahid Oruc YAP-a getmək istəyirsə, buyursun getsin. Dəfələrlə bu məsələ ətrafında Zahid bəy tərəfindən məsələ qaldırılıb. Müzakirələr zamanı Zahid bəyin söylədiyi fikirlər partiya üzvləri və YAP tərəfindən dəstəklənməyib. Ana Vətən Partiyasının 62 rayon təşkilatı var”.
Z.Oruc qəzetimizə açıqlamasında qeyd etdi ki, o, internet sayta açıqlama verərkən Azərbaycanda siyasi sistemin daha da mükəmməlləşməsi, güclü partiyaların formalaşması üçün hansı addımların atıla biləcəyini dilə gətirib. Bu mənada inteqrasiya prosesi nəticəsində ölkədə güclü altı-yeddi partiyanın yaradıla biləcəyini təklif etdiyini deyən Z.Oruc vurğuladı ki, fərdlər, zəif partiyalar modeli güclü ideyalara diqqət yönəltməyə, onları müzakirə etməyə mane olur: “Mən konkret olaraq AVP və ya iqtidar çevrəsinin problemindən bəhs etməmişəm. Bu gün Azərbaycanın siyasi partiyalar məkanında 50-dən artıq qeydiyyata alınmış, ondan bir dörd dəfə də artıq qeydiyyata alınmamış əksər hallarda sədrdən və iddiadan ibarət təşkilatlardır. Əgər siyasi partiyalar klub olmaq istəmirlərsə o zaman belə bir mərkəzləşmə getsə yaxşıdır. Onsuz da Azərbaycan cəmiyyəti bir neçə partiyaları tanıyır. Pis olmazdımı ki, satellit praktikasından çıxaq və ölkəmizdə iri güclü partiyalar olsun. Mən bu ideyanı şəxsi iddiama, gələcək siyasi perspektivimlə bağlı bir ideya kimi irəli sürməmişəm. Əgər belə olsaydı mən siyasi partiya formalaşdırmaq istəyimi dilə gətirərdim. AVP daxilində xüsusi iddia daşımıram. Partiya Fəzail Ağamalının haqqıdır. Onun nizamnamə kapitalı və illərdən bəri zəhməti onun üzərindədir. Ona görə söylədiklərimi xüsusi olaraq sədirlik iddiam və ya başqa partiyaya keçmək hissimin ifadəsi kimi təqdim etmək yanlışdır”.
F.Ağamalının AVP-nin yerli təşkilatlarının YAP-la birləşməyə qarşı olduqları ilə bağlı söylədiklərinə gəlincə isə Z.Oruc vurğuladı ki, onun fikrləri əksər siyasi partiyalarda olduğu kimi AVP-də də müzakirə oluna bilər. Əgər partiya üzvləri indiki statusda fəaliyyət göstərməyi məqbul sayacaqlarsa, belə modeldə fəaliyyət aparmaq hamının haqqıdır: “Belədirsə, lap yaxşı. Onsuz da YAP-dan açıqlamalar verilmişdi ki, əməkdaşlığın belə formatı bizi qane edir. Hətta birləşmək məsələləri meydana çıxarsa, söhbət qatılmaqdan gedə bilər. YAP kimi partiyanın başqa bir təşkilatla bərabərhüquqlu birləşməsi yanlış təsəvvür yaradardı”.
“Azadlıq”a daxil olan məlumatlara görə, Zahid Oruc-Fəzail Ağamalı duellosunun kökündə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev faktoru dayanır. Məsələ burasındadır ki, Fəzail Ağamalı Ramiz Mehdiyevin “qara siyahısın”da olan şəxslərdəndir. Bunun səbəbi AVP sədrinin vaxtilə Ramiz Mehdiyevi mətbuatda sərt tənqid etməsi olub. PA rəhbəri hələ də Fəzail Ağamalını buna görə bağışlaya bilmir. Bu səbəbdən də hər fürsətdə ona zərbə endirməyə çalışır. Məlumatlarda bildirilir ki, Ramiz Mehdiyev indi də Zahid Oruc faktorundan istifadə edərək Fəzail Ağamalının rəhbərlik etdiyi partiyanı YAP-da əritməyə çalışır. AVP sədri isə hakim partiyanın Ramiz Mehdiyevin nəzarətində olmasını və PA rəhbərinin niyyətini bildiyindən Zahid Orucun təklifinə sərt cavab verib.
Hikmət