Deputatla bağlı ittiham təsdiqini tapsa…

Müzəffər Baxış: “Hökmən belə insanlar cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmalıdır”

Məlum olduğu kimi, bir müddət əvvəl fəaliyyətini dayandıran Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayev Gülər Əhmədovaya 2 milyon dollar rüşvət verməsi iddiası ilə Baş prokurorluğa müraciət edib.
Keçmiş rektor Gülər Əhmədovanın ondan bu pulu onu parlamentə seçdirmək və qardaşı Mahirin sağ-salamat geri qayıtması üçün alıb. Lakin vədinə əməl etmədikdə pulu qaytarmaq istəməyib. E.Abdullayevin iddiasına görə, o pulunu geri istədikdə deputatın hədələri ilə üzləşib. Keçmiş rektor Gülər Əhmədova ilə söhbətlərinin videoçəkilişini və telefon danışıqlarının audio yazısını apardığını da deyir.
Müraciətlə bağlı prokurorluğunu mövqeyi hələlik bəlli deyil.
Bəs fakt təsdiq olunsa, müvafiq qurumlar bununla bağlı hansı addımlar atmalıdır?
Baş verənləri dələduzluq kimi qiymətləndirən hüquqşunas Müzəffər Baxış əməllər təsdiqi tapacağı təqdirdə Gülər Əhmədovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmalı olduğunu deyir: “Cinayət Məcəlləsinin məzmununa görə, 7 min manatdan yuxarı məbləğ külli miqdar hesab olunur və külli miqdarda dələduzluq Azərbaycan  Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə tövsif olunan cinayət əməlidir. Fakt üzrə cinayət işi başlamalıdır və istintaq getməlidir. Müraciət prokurorluğa olduğundan prokurorluq ilkin araşdırma apara, cinayət işinə başlaya bilər. Ancaq istintaqı da polis orqanları aparmalıdır. Cinayət Prosessual Məcəllənin 315-ci maddəsinə görə, bu qəbildən olan cinayətlərin istintaqını polis orqanları aparır”.
M.Baxışın sözlərinə görə, əgər digər vəzifə cinayətləri, hakimiyyətdən sui-istifadə halları müəyyən edilsə, onda cinayətlərin məcmu qaydasında ona ittiham verilməlidir. Əgər Gülər Əhmədovanı cinayət məsuliyyətinə cəlb etsələr, Cinayət Prosessual Məcəllənin 315.3.2 maddəsinə görə, deputat olduğundan onun barəsində istintaqı prokurorluq orqanları aparmalıdır: “Hökmən belə insanlar cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmalıdır. Çünki Azərbaycanda belə hallar həddindən artıq çoxdu. Təkcə Gülər Əhmədova ilə bağlı deyil, digər insanlarla da bağlı dəfələrlə belə ittihamlar irəli sürülüb. Onlar bu və ya başqa şəxslərdən pul alırlar, onlara vəzifə, mandat təklif edirlər. Bu Azərbaycanda kütləvi hal alıb. Ona görə də onları cəzalandırmaq lazımdır”.

Fizzə