«Azərbaycanda da demokratiyaya keçid dünyada artıq təsbitini tapmış prinsiplərdən kənarda olmayacaq»
Eldar Namazov: “Demokratiyaya keçidin açarı Azərbaycan cəmiyyətinin əlindədir”
“Əsrin müqaviləsi”nin imzalanmasından on səkkiz il ötür. Ötən müddət ərzində Azərbaycan xeyli dəyişsə də, həmin dönəmdə olan ümidlər özünü doğrultmadı. Əksinə, neft bir növ Azərbaycan xalqının bəlasına çevrildi. Neft cəmiyyətin çiçəklənməsinin qarantı olmaq əvəzinə hakimiyyətin sərvət toplamasına xidmət etdi. Bugünkü müsahibimizi təsadüfi seçmədik. Həmsöhbətimiz həmin dönəmdə dövlət postu tutan, hazırda isə Ziyalılar Forumunun üzvü, ANIF prezidenti Eldar Namazovdur.
– Eldar müəllim nə baş verdi ki, “Əsrin müqaviləsi” gözlənilən nəticəni vermədi?
– O zaman cəmiyyətdə olan ümidlər heçdən yaranmamışdı. Hamı başa düşürdü ki, müasir dünyada böyük neft və qaz yataqlarına sahib olmaq hər bir ölkə üçün çox böyük üstünlüklər verir. Bu həm ölkənin inkişafı, vətəndaşların rifahını qaldırmaq üçün, həm də beynəlxalq aləmdə ölkənin imicinin qaldırılması baxımından vacibdir. Ümumiyyətlə, müstəqillik dövründə olan hakimiyyətlərin hamısında neft prioritet məsələ kimi qəbul edilirdi. Bəziləri bu müqaviləni Heydər Əliyevlə bağlayırlar. Amma unutmaq lazım deyil ki, hələ Ayaz Mütəllibov ölkəyə rəhbərlik edəndə, SSRI dağılmayanda Azərbaycanın təklifi ilə Moskvada Nazirlər Sovetinin bir qərarı oldu. Həmin qərarda qeyd olunurdu ki, Azərbaycana neft yataqlarının birgə istismarı üçün icazə verilir ki, Qərb şirkətləri ilə danışıqlara başlasın. Və ABŞ və Avropa şirkətləri artıq o dövrdən Bakıya gəlib Azərbaycanın neft yataqları ilə bağlı danışıqlara başlayırdılar. Elçibəyin dövründə də buna prioritet məsələ kimi baxılırdı və həmin dövrdə ilkin bir layihə də imzalanmaq üçün nəzərdə tutulmuşdu. Eyni zamanda məhz həmin dövrdə belə bir ideya səslənmişdi ki, dünya bazarlarına bizim neft məhz Türkiyə ərazisindən nəql edilsin. Təəssüflər olsun ki, həmin müqaviləni imzalamaq mümkün olmadı. Təbii ki, Heydər Əliyev də anlayırdı neft amili dünya siyasətində nə deməkdir. Heydər Əliyev hakimiyyətə gələndən sonra yeni müqavilə hazırlandı və bu müqavilənin şərtləri AXC hakimiyyətinin dövründəki müqavilədən daha ağır idi. Amma həmin dönəmdə cəbhədə ağır vəziyyət neft şirkətlərini risklə üz-üzə qoyurdu. Hər şirkət isə riskli regiona gedib milyardları itirməklə barışmaz. Neftin dünya siyasətində ciddi amil olması üzündən Azərbaycan cəmiyyətində də buna müvafiq olaraq ümidlər var idi. Amma təəssüf ki, müqavilə imzalansa da və neft dünya bazarlarına çıxsa da, nə Qarabağ məsələsində, nə də ölkənin hərtərəfli inkişafında bu ümidlər özünü doğrultmadı. Bunun da əsas səbəbi Azərbaycanda demokratik hakimiyyətin olmamasıdır. Ölkədə insan haqlarının pozulması, korrupsiya, seçki saxtakarlığı bir normaya çevrilib. Bütün bunlar isə bəslənən ümidlərin doğrulmamasına təsir etdi.
Heydər Əliyev Neft Fondunu şəxsi büdcəsi sayırdı
– Neft Fondunda toplanan pulların gələcək nəsillər üçün nəzərdə tutulduğu elan olunsa da, hazırda fond büdcənin doldurulmasına xidmət edir. Dövlət büdcəsinin kəsiri ilə bağlı problem hökmənmi Neft Fondu hesabına həll edilməlidir?
– Neft Fondunun yaradılması ilə bağlı maraqlı bir olay yadıma gəlir. Fond yeni yaranmışdı və ictimai xadimlər ona nəzarətdə iştirak etmək niyyətlərini elan etmişdilər. Çünki fondda təmsil olunan məmurlar özlərinə nəzarət həyata keçirə bilməzlər. Fondun yaradılmasından bir il keçəndən sonra bu mövzu ilə bağlı təşəbbüsümlə Azərbaycanda böyük konfrans keçirildi. Bu tədbirə diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri dəvət olunmuşdular. O zaman bəyan etmişdim ki, Neft Fondu indiyə qədər fəaliyyəti barədə ictimaiyyətə məlumat verməyib. O zaman Heydər Əliyev bir müşavirə çağırdı və orada fondun fəaliyyəti barədə tələsik və reallıqdan uzaq rəqəmlər səsləndi. Nəhayət, Heydər Əliyev bəyan etdi ki, xalq fondu ona həvalə edib və ona yalnız o nəzarət edə bilər. Heç bir ictmai qurumlar onun fəaliyyətinə müdaxilə etməsin. Bu, hakimiyyətin Neft Fonduna münasibətini göstərir. Halbuki Neft Fondunun nümayəndələri ictimaiyyət nümayəndələri olmalıdır, onlar əhalinin müxtəlif təbəqələrini təmsil etməlidirlər. Neft heç kimin dədəsinin malı deyil. Bu, bütün millətə məxsusdur. Neft gəlirlərinin istifadə olunması nə bir adamdan, nə hakim partiyadan asılı olmalıdır. Büdcənin fond hesabına isə doldurulması faciədir. Beynəlxalq hesablamalara görə, Azərbaycanda kölgə iqtisadiyyatının səviyyəsi 60 faizdir. Bu sahədə şəffaflıq təmin olunsa, ölkənin büdcəsini ən azı ikiyə vurmaq olardı. Pensiyaları, maaşları ən azı iki dəfə qaldırmaq olardı. Əgər kölgə iqtisadiyyat ölkədə şəxsi ciblərə xidmət etməsəydi vəziyyət başqa cür ola bilərdi.
Nigar Yaqubludan qisas alınır
– Hazırda həbsdə olan Müsavat fəalı Nigar Yaqublu “Eurovision” öncəsi keçirilən aksiyalarda fəal iştirak edən gənclərdəndir. Hesab olunur ki, məhz bu üzdən gənc xanımın həbsi qisas xarakterlidir?
– Ziyalılar Forumunun üzvləri bu məsələ ilə bağlı mövqelərini bildiriblər. Mən özüm də müdafiə komitəsinin toplantısı zamanı telefon açaraq qəbul olunan sənədlərə bizim də adımızı daxil etməyi xahiş etdim. Ramil Səfərovla bağlı məsələ iqtidar-müxalifət arasında müzakirəyə çıxarılmışdı. Mətbuat məndən baş verənə necə baxdığımı soruşanda vurğulamışdım ki, elə müzakirə mövzularından biri də Nigar Yaqublunun məsələsi ola bilər. Nəyə görə istintaq müddətində gənc fəal həbsdə saxlanılmalıdır. Fikrimcə, bu, son illərdə ictimai fəallara qarşı aparılan repressiya siyasətinin davamıdır.
– Bir müddət əvvəl elan olunmuşdu ki, Ziyalılar Forumu ilə Ictimai Palata ölkədə baş verənləri birgə müzakirəyə çıxara bilər. Bu istiqamətdə nə məlumat var?
– Bu məsələlər həmişə gündəmdədir. Hər bir təşkilatın daxilində bu istiqamətdə müzakirələr gedir və müxtəlif baxışlar mövcuddur. Biz bunu faydalı sayırıq. Hər şey müzakirədən keçir. Ziyalılar Forumu hesab edir ki, Azərbaycanda demokratiya uğrunda mübarizə aparan bütün təşkilatları bir araya gətirib, müzakirə keçirmək lazımdır. Ictimai Palata ilə bağlı bizim əlaqələrimiz çoxdan qurulub. Iki təşkilatın böyük tədbiri Ictimai Palatadan gəlmişdi. Bu tədbir “ümumrespublika demokratik müşavirəsi” formatında keçirilir. Amma bu tədbir daha böyük səylər tələb etdiyi üçün, bu məsələyə ciddi yanaşmaq lazımdır ki, onun səmərəsi olsun.
Demokratiyaya keçid mütləq olacaq
– Hazırda dünyada baş verən proseslər göstərir ki, daxili faktorla beynəlxalq faktorun bir-birini tamamlaması demokratik dəyişikliklərin uğurla son çatmasının formuludur. Bu baxımdan Azərbaycanla bağlı durumu necə qiymətləndirmək olar?
– Demokratiyaya keçidin özünə xas qanunauyğunluqlar var. Hətta bu işlə məşğul olan xüsusi beyin mərkəzləri var. Yumşaq keçidin, məxməri inqilabların həm nəzəriyyəsində, həm də praktikasında cəmiyyətdə demokratiyaya keçid ilə bağlı geniş konsensus əldə olunur. Hətta həmin konsensusa dövlət məmurlarının bir qismini cəlb etmək mümkün olur. Bu zaman həm keçid qaçılmaz olur, həm də o, yumşaq xarakter daşıyır. ona görə də Azərbaycanda da demokratiyaya keçid dünyada artıq təsbitini tapmış prinsiplərdən kənarda olmayacaq. Biz cəmiyyətdə demokratik keçidlə bağlı geniş konsensus yarada bilsək, bu dəyişikliyin vacibliyinə məmurların bir qismi də əmin olsa, o zaman keçid mütləq olacaq.
– Baş verənlərin fonunda islahat aparmaq niyyəti olmayan bir hakimiyyət başçısının 3-cü dəfə namizədliyini irəli sürmək niyyətinə Qərb necə münasibət bəsləyəcək?
– Dünyada demokratiya dalğalarla gəlir. Hesablama aparsaq görərik ki, ilk demokratik dalğa ABŞ və Avropa ölkələrində dəyişikliklərə imza atıb. Bu dəyişikliklər ilk olaraq protestant ideologiyasının mövcud olduğu məkanda yarandı. Ona görə belə bir fikir hakim kəsildi ki, demokratiya yalnız protestant mədəniyyətinə xasdır. Nəinki müsəlman, hətta katoliklər, pravoslavlar da bu dəyərə qovuşa bilməz. Ancaq ondan sonra ikinci böyük dalğa katolik dünyasında baş verdi. Bu dəfə Ispaniya və Portuqaliya demokratikləşməyə məruz qaldı. O zaman nəzəriyyə bir qədər dəyişdi. Bildirdilər ki, bu dəyər həm katoliklərə və protestantlara uyğundur. Serbiya, Gürcüstan və Ukraynada baş verən demokratik dəyişikliklər pravoslav dünyasını bu çevrəyə daxil etdi. Və nəhayət, müsəlman dünyasında hazırda cərəyan edənlər indi artıq o fikri möhkəmləndirir ki, demokratik sistem bütün xalqlara aiddir. Insan haqları, şəffaf seçkilər, qanunun aliliyi artıq ümumbəşəri prinsip kimi qəbul olunmağa başlayır. Ona görə avtoritar rejimlərin dünyada gedən proseslərin əksinə çıxaraq, inkişafın qarşısını almaq cəhdləri uğursuz və boşdur. Gec və tez demokratiyaya keçid dünyanın hər yerində baş verəcək. Bunun fonunda Ilham Əliyevin namizədliyini irəli sürməsinə Avropa və beynəlxalq qurumların münasibəti təbii ki, mənfidir. Bu proseslərin getdiyi fonda bir nəfərin 3-cü dəfə namizədliyini verməsinə beynəlxalq qurum razılaşa bilməz. Xüsusilə nəzərə almaq lazımdır ki, korrupsiyalaşmış rejim barəsində bir müddət əvvəl dünya mətbuatında necə kampaniya getdi. Bu şəraitdə gözləmək ki, Ilham Əliyev bu addımına dəstək qazanacaq, bu, böyük yanlışlıqdır.
2013-cü il seçkilərinin taleyi cəmiyyətdən asılıdır
– Hazırda Azərbaycanın Türkiyəyə yaxınlıq etməklə seçki öncəsi Qərbdən gələ biləcək mesajlardan yayınmağa çalışdığı düşünülür. Ilham Əliyevin Fransaya son səfəri də məhz dəstək almaq məqsədi daşıyıb. Bu fərziyyəyə münasibətiniz necədir?
– Hakimiyyət seçki öncəsi öz xeyrinə müəyyən əlaqələr qurmağa və barəsində fikir formalaşdırmağa çalışacaq. Ancaq indiki şəraitdə, dünyada gedən qloballaşmanın fonunda buna nail olmaq mümkünsüzdür. Əgər xalqın özü hüquqları uğrunda mübarizəyə qalxmırsa, haqlarını tələb etmirsə, o zaman heç bir beynəlxalq təşkilat kömək edə bilməyəcək. Ona görə 2013-cü ilin seçkilərinin taleyi Azərbaycan cəmiyyətindən asılıdır. Cəmiyyət fəal, saxtakarlığa, korrupsiyaya qarşı səfərbər olsa, Azərbaycanda hər şey dəyişəcək. Yox, cəmiyyət passiv olsa, siyasi qüvvələr bir araya gələ bilməsələr, o zaman fərqi yoxdur hakimiyyət kiminlə görüş keçirir. O zaman beynəlxalq rəydə belə fikir formalaşar ki, Azərbaycan beynəlxalq dəyişikliyə hazır deyil. Demokratiyaya keçidin açarı Azərbaycan cəmiyyətinin əlindədir.
– Qarşıdan gələn seçkidə cəmiyyətin aktivləşdirilməsi baxımından siyasi qüvvələrin, ziyalıların üzərinə hansı vəzifələr düşür?
– Heç bir avtoritar rejim şəffaf demokratik seçkilər keçirmək üçün şərait yaratmayıb. Hətta demokratiyaya keçid baş verən ölkələrdə də hakimiyyət seçkini saxtalaşdırır, özünü qalib elan edirdi. Fərq yalnız ondadır ki, cəmiyyət nə vaxtsa o qədər fəal olur ki, bu, seçkilərin saxtalaşdırılmasının qarşısını alır. Ona görə də avtoritar rejimlərdə seçkilərə bir cəmiyyət, bir də hakimiyyət hazırlaşır. Hakimiyyət öz istəyinə nail olanda seçkilər saxtalaşdırılır və heç nə dəyişmir. Ona görə biz hakimiyyətdən gözləməməliyik ki, demokratik qüvvələrin qalib gələcəyi şəraiti yaradacaq və qalibiyyət vasitəsilə onları təbrik edəcək. Demokratik keçid hakimiyyətin ssenarisinin deyil, cəmiyyətin ssenarisi reallaşanda baş verir. Ona görə indi əsas cəmiyyətin fəallığıdır. Buna nail olmaq lazımdır. Siyasi qüvvələr və ictimaiyyət bu istiqamətdə səy göstərməlidir.
Xəyal