tezexan mirelemli-yeni

“Bir addım da geri çəkilmək fikrində deyiləm”

tezexan mirelemli-yeniTəzəxan Mirələml hakimiyyətin mənəvi terroruna mübarizə əzmi ilə cavab verdi

AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmlinin atası Məhərrəm Mirələmlini Lənkəran Ağır Cinayətlər Məhkəməsi 13 il 6 ay azadlıqdan məhrum etdi. Bundan əvvəl isə cəbhəçinin 8-ci sinifdə oxuyan oğlu Vasif Mirələmli təxribata çəkilərək məktəb yoldaşını bıçaqla vurmuşdu. Müəmmalı şəkildə dünyasını dəyişən mərhuma görə Vasif Mirələmli 8 il müddətinə azadlıqdan məhrum edildi. Bundan başqa, Təzəxan bəyin qardaşı Fikrət Mirələmli də hökumətin təxribatının qurbanı oldu və o da məhbəs həyatı yaşayır.
Atası barədə çıxarılan qərardan sonra sosial şəbəkələrdə Təzəxan Mirələmlinin Respublika Prokurorluğunun qarşısında özünü yandıracağı barədə məlumatlar yayıldı. Hadisə günü Mirələmliylə əlaqə saxlamaq cəhdlərimiz səmərəsiz olduğu üçün onunla dünən görüşüb baş verənlərə aydınlıq gətirmək istədik.
Öncədən bir şeyi qeyd edək ki, Təzəxan Mirələmliyə qarşı baş verənlər bununla bitmir. Belə ki, bu olaylar zamanı onu işlədəyi Fərzili kənd ümumi orta məktəbdən də qanunsuz olaraq çıxardılar. Rayonda iş tapa bilmədiyindən ailəsiylə paytaxta pənah gətirib. Üz tutduğu bütün ünvanlar onun cəbhəçi, hakimiyyətin “persona non qrata” elan etdiyi şəxs olduğunu bildikdən sonra ona iş verməkdən boyun qaçırırlar. Partiyadaşların köməyi ilə o, Bakıda kirayədə yaşayır.

“Bütün proseslər 2010-cu il seçkilərindən başladı”

Onunla söhbətimiz də elə birotaqlı kirayə evdə baş tutdu. Söhbətə atasının həbsiylə başladıq. Təzəxan Mirələmli deyir ki, atasının həbsi özünün siyasi fəaliyyətinə görə olub: “Bu hadisələr olmazdan öncə, yəni 2010-cu il parlament seçkilərində namizədliyimi verəndə əvvəlcə rayon təhsil şöbəsinin müdiri Ədalət Əsgərov mənimlə söhbət edib, bu yoldan çəkilməyimi məsləhət gördü. Qərarımda israrlı olduğumu bildirdikdə ”sənə elə bir adam elçi düşəcək ki, ona etiraz edə bilməyəcəksən” cavabını verdi. Mən o adamın kimliyini bilirdim. Həmin şəxs Respublika Prokurorluğunda ittiham idarəsində şöbə rəisi işləyən Atabala Pənahov idi. Atabala Pənahov 2010-cu ilin oktyabrın 4-də Cəlilabada gələrək mənimlə “Şəhri Şuşa” kafesində söhbət etdi. O da namizədliyimdən imtina etməyi məsləhət gördü. Ondan bunu nəyə görə etməyimi soruşdum. “Bunun həm sənə, həm də ailəni xeyri olacaq” cavabını verdi. Hətta mənə 80 min manat məbləğində pul da təklif etdi. Bundan imtina etsəm də, bir daha fikirləşməyi məsləhət gördü. Səhəri gün onun israrıyla yenidən görüşdük və təkliflərini mənə xatırlatdı. Əlavə etdi ki, onun Cəlilabada səfəri mənimlə söhbət etmək və namizədliyimi geri götürməyə razı salmaq üçündür. “Sən geri çəkilməsən, məni işdən azad edəcəklər. Bu hökumət müxalifətdə olan qohumuma görə məni işdən çıxaracaq” fikrini də səsləndirdi. Heç bir halda geri çəkilməyəcəyimi onun diqqətinə çatdırdım. Bildirim ki, Atabala Pənahov atamın dayısı nəvəsidir”.
Təzəxan Mirələmliylə heç cür anlaşa bilməyən prokuror oktyabrın 6-da atası Məhərrəm Mirələmlinin yaşadığı Şatırlı kəndinə üz tutur. Məhərrəm bəylə söhbət edən Atabala Pənahov Təzəxan bəyə etdikləri təklifi ona da deyir. Məhərrəm bəy isə “mən oğlumun işlərinə qarışmıram” cavabını verir. Bir gün sonra – oktyabrın 7-də Təzəxan Mirəliminin bacısının yoldaşı Xasay Mirələmov (Xasay Mirələmov həm də Atabala Pənahovun qaynıdır – R.D.) onun yanına gəlir və işdən çıxarıldığını deyir: “Xasay Mirələmov Cəlilabad rayon polis şöbəsində polis serjantıdır. Mənə ona dedim ki, sən niyə öz hüquqlarını qorumursan. Əgər səni mənim kürəkənim olduğun üçün işdən çıxarırlarsa, nədən kürəkənin Atabalaya görə işə bərpa olmursan? Sonra aramızda kiçik söz-söhbət oldu. Bərk əsəbiləşdiyim üçün miakard infarkt (yüngül infarkt) keçirdim. Dərhal Xasay Atabalaya xəbər verdi. Atabala və rayon səhiyyə şöbəsinin o vaxtkı müdiri Sadatxan Əliyevlə bizə gəldi”.
Bu zaman evdə olan qardaşı Fikrət üzünü Atabala Pənahova tutaraq “dincəldiniz?” deyə xitab edir. Prokuror isə “sən hələ uşaqsan, boynun qoltuqarası görməyib” deyərək hədələyir. Bu söhbətlərin şahidləri sırasında Təzəxan bəyin seçki qərargahının üzvləri də olub.
Bütün bunlara baxmayaraq imza vərəqələrini toplayan Təzəxan Mirələmli namizədliyini irəli sürür. Ancaq “yuxarı”ların sifarişiylə onun namizədliyi qeydə alınmır.

“Bir addım da geri çəkilmək fikrində deyiləm”

Təzəxan bəyin bu addımını – Atabala Pənahovun şərtlərini qəbul etməməsi ikincinin yaddaşından silinmir.
Təzəxan Mirələmli deyir ki, həm oğlu Vasifə, həm də atası Məhərrəmə məhz prokurorluq ən ağır cəzanı istəyib: “Qəti şəkildə deyirəm ki, prokurorlara bu tapşırıq Atabala Pənahovdan gəlib. Özümü Respublika Prokurorluğunun qarşısında yandırmaq niyyətim də buradan qaynaqlanır”.
Təzəxan Mirələmli sentyabrın 21-də prokurorun atasına 15 il iş istəməsi xəbərini vəkil Mənsum Bayramovdan eşidəndə elə telefonda “Respublika Prokurorluğuna gedib, özümü yandıracam” deyir. Vəkil bu xəbəri təcili cəbhəçilərə çatdırır. Təzəxan Mirələmli sözügedən ünvanın qarşısına çatanda ora toplaşan cəbhəçilər onun bu niyyətinin baş tutmasının qarşısını alır.
Təzəxan bəy yenə də müxalifətçidir və yenə də öndədir. Bununla belə Atabala Pənahov yenə də onun qohumdur. Onda niyə hökumət müxalifətdə olan qohumuna görə onu işdən azad etmir. Təzəxan bəy də elə bu sualla onu müraciət edir: “Əgər mənim atam qatı cinayətkardırsa, üstəlik, mən yenə də müxalifətdəyəmsə, niyə onu işdən azad etmirlər? Bəlkə o, öz rəhbərliyi qarşısında bizi məhv etmək barədə öhdəlik götürüb və ona əməl edir?”.
Təzəxan Mirələmli atasına kəsilən bu işdən apelyasiya şikayəti verəcəyini deyir: “Düzdür, heç vaxt Azərbaycan məhkəmələrindən ədalətli qərar gözləmirəm. Sadəcə, bu bir prosedurduêr və Avropa Məhkəməsinə getmək üçün apelyasiya şikayəti verəcəyik”.
Mirələmli deyir ki, 15 yaşlı oğlu Vahid Mirələmli dərsə gedə bilmir: “Daimi yaşayış yerim olmadığı üçün Bakıda təhsil ala bilmir. Bundan başqa, Cəlilabad şəhər 7 saylı orta məktəb də sənədləri vermir”.
Təzəxan bəy mənəvi və fiziki işgəncələr ucbatından ailəsini başqa ölkəyə köçürmək barədə qərara gəlib: “Mən özüm burada qalacam. Ölkədə qalıb siyasi fəaliyyətimi davam etdirmək istəyirəm. Bir addım da geri çəkilmək fikrində deyiləm”.

tezexan m-e kerimli

“Təzəxan bəy mənəvi müvazinəti saxlamağın örnəyini yaratmış bir insandır”

Biz Təzəxan Mirələmlinin evini tərk edəndə AXCP sədri Əli Kərimlinin onu yoluxmağa gəldiyi xəbərini aldıq. AXCP sədrindən baş verənlərlə bağlı kiçik açıqlama aldıq.
Əli Kərimli iki ildir Azərbaycan hökumətinin bir vətəndaşı hədəf seçdiyini söylədi: “2010-cu ilin parlament seçkiləri zamanı hökumətdən irəli sürülmüş təkliflərə yox dediyinə, öz hüquqları uğrunda ardıcıl mübarizə apardığına, öz əqidəsinə sədaqətinə görə Təzəxan bəy hökumətin hədəfindədir. Hamı bilir ki, 2010-cu ildən ona təzyiqlər başladı. 2011-ci ilin aprel mitinqləri zamanı vəhşicəsinə döyüldü. Övladı təxribata çəkildi. Indi azyaşlı oğlu il yarımdır ki, həbsdədir. Ancaq Təzəxan bəydən əl çəkməyiblər. Onu işdən çıxarıblar, faktiki yaşayış yerindən didərgin salıblar, el-obasında yaşamağa imkan vermirlər. Indi də atasına qarşı uydurma bir ittihamla ən ağır cəzanı veriblər. Prosesin gedişində baş vermiş pozuntular, sonradan hökm zamanı nümayiş etdirilən qəddarlıq, açıq-aşkar sübut edir ki, Azərbaycan hakimiyyəti hələ də Təzəxan bəydən qisas almaq məqsədi güdür, hələ də təzyiqləri davam etdirir. Bu bir ailəyə qarşı həyata keçirilən olduqca vicdansız münasibətdir. Dövlət, dövlət hakimiyyəti öz vətəndaşının hüquq və azadlıqlarını qorumalıdır. Vətəndaşını bədbəxt etmək, onun yaşam imkanlarını əlindən almaq, onun əzizlərini, doğmalarını repressiya edib yolundan döndərmək üçün dövlət mexanizimindən istifadə etməzlər. Dövlətin mahiyyəti dəyişib. Təzəxan bəyə qarşı bu repressiyanı həyata keçirən mexanizmin adı hər nədirsə, dövlət mexanizmi deyil. Bu bir cinayətkar dəstənin öz əsirliyində olan insanlarla davranışıdır”.
AXCP sədri deyir ki, Təzəxan bəyə qarşı baş verənlər Azərbaycan cəmiyyəti üçün həyəcan siqnalı olmalıdır: “Azərbaycanda bu qədər iyrənc təfəkkürün daşıyıcıları iş başındadır. Onlar bir vətəndaşa qarşı bu qədər haqsızlığı ardı-arası kəsilmədən eləyə bilirlər. Bu, bütün Azərbaycan cəmiyyətini hərəkətə keçirməli olan haqsızlıqdır. Təzəxan bəy çox möhkəm adamdır ki, bu qədər müddətdə belə bir təzyiqlərə dözür. Təzəxan bəy Azərbaycanda mübarizə aparan, apardığı mübarizəyə görə daim təqib olunan, ancaq bu təqiblərin qarşısında duruş gətirən, sınmayan, mənəvi müvazinətini saxlamağın örnəyini yaratmış bir insandır. On minlərlə əqidədaşı onunla mənən bir yerdədirlər. Onun mübarizəsində onunla həmrəydilər. Mən də bu gün onun Bakıda kirayə qaldığı evə özünə, ailəsinə təskinlik vermək üçün gəldim. Bilsin ki, əslində bu mənim fikrim deyil, on minlərlə cəbhədaşı onunla fəxr edir. Biz onun keçdiyi keşməkeşli yolda yaşadığı məhrumiyyətlərin şahidləriyik. Gözümüzün qabağında görürük ki, insan mənən nə qədər güclü ola bilər. Onun üzərinə qaragüruh kampaniyası ilə gələn rejimin bütün təxribatlarına baxmayaraq, yenə də ayaqda qalıb, yenə də mübarizəsini davam etdirir. Məhz belə insanların mübarizəsi bu antiinsani, antibəşəri rejimin sonunu gətirəcək”.

Ramin DEKO