Vaşinqton Tehran rejiminə müxalif silahlı təşkilatı “qara siyahı”dan çıxarmağa hazırlaşır
ABŞ Tehran rejiminin qəzəbinə səbəb olacaq addım atıb. Amerikalı rəsmilər Vaşınqtonun iranlı müxalif “Xalq Mücahidləri” təşkilatını terrorçu qruplaşmaların olduğu “qara siyahı”dan çıxarmağa hazırlaşdıqlarını bildiriblər. ABŞ Appelyasiya Məhkəməsinin dövlət katibi Hillari Klintona adıkeçən təşkilatın taleyi ilə bağlı qərar verməsinə oktyabrın 1-dək vaxt verdiyi deyilir. Mərkəzi ofisi Parisdə yerləşən “Xalq Mücahidləri” ABŞ-da lobbi fəaliyyətləri yürüdərək statusunun dəyişdirilməsini tələb edirdi.
1960-cı illərə İran şahına müxalifət məqsədiylə qurulan təşkilat, 1979-cu il islam inqilabından sonra ayətullahlara qarşı mübarizəyə başlamışdı. “Xalq Mücahidləri” aradan keçən illər ərzində bir çox dəyişikliklərə gedib. Təşkilat üzvləri və dəstəkçiləri silahlı mübarizəni dayandırdıqlarını, Tehran rejimini dinc yollarla devirmək istədiklərini açıqlamışdılar.
ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü, xarici əlaqələr komitəsinin üzvü Ted Po Hillari Klintonun “Xalqın Mücahidləri” təşkilatının terror siyahısından çıxarılması qərarının gecikdiyini bildirib. Başqa bir respublikaçı konqresmen Dana Rohrabaher də Dövlət Departamentinin təşkilatla bağlı qərarını məmnunluqla qarşıladığını deyib. Konqresmen deyib ki, “Xalqın Mücahidləri” dünyəvi, sülhsevər və demokratik hökumət qurmaq istəyən iranlılardan ibarətdir.
Xatırladaq ki, İran və İraqda hakimiyyətin şiələrin nəzarətində olduğu vaxtlar “Xalqın Mücahidləri” təşkilatı terrorçu təşkilat kimi tanınırdı. 1979-cu ildə İranda inqilab baş verdikdən sonra sabiq İraq prezidenti Səddam Hüseyn qrupun üzvlərinə ölkəsində sığınacaq vermişdi. ABŞ isə bu təşkilatı 1997-ci ildə “qara siyahı”ya salmışdı.