“Kişiliyi çatırsa, əlini stola vurub desin ki…”
Ermənistan Milli Konqresinin (EMK) bu ölkənin müstəqilliyinin iyirmi bir illiyi münasibəti ilə İrəvanın Saryan parkında keçirilən bayram mitinqində EMK lideri Levon Ter-Petrosyan yekun sözü ilə çıxış edib. Çoxlarının gözlədiyinin əksinə olaraq, o, bu çıxışında prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirməyib. Halbuki düz 5 il qabaq o, belə bir bəyanat vermişdi.
Ermənistanın ilk prezidenti öz çıxışında ölkəsinin qarşısında duran 5 problemə toxunub: Ermənistan-Türkiyə münasibətləri, Qarabağ probleminin həlli, blokadanın açılması, korrupsiya və qanunvericiliyin bərpası. Ter-Petrosyan Ermənistan prezidenti Serj Sarkisyanla da bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, əgər Sarkisyanın kişiliyi çatırsa, əlini stola vurub desin ki, “bu gündən oğurlamağı dayandırırıq”.