İranda Ana Dili Gününü qeyd etməyə icazə verilmir

“Bəlkə bizlər daha peşəkar çalışmağı öyrənməmişik. Bizim mediada da ümumiyyətlə o yoldaşlar çalışır ki, media fəaliyyəti bunların ikinci ya üçüncü peşəsidir,” deyə Məhəmməd Rəhmanifər İran Azərbaycanındakı mədəni fəaliyyətlərin kifayət qədər mediada işıqlandırılmamasının səbəblərini dəyərləndiri

Təbrizdən Amerikanın Səsinə danışan yazar və mədəni fəal son vaxtlar ana dilinin tədrisi və türkcənin rəsmiləşdirilməsi tələbi ilə təşkil olunan kampaniyalar və mitinqlər haqqında məlumat verib. O, həmçinin bu olayların sosyal mediada zəif əks olunmasının səbəbləri haqqında fikirlərini paylaşıb.

Təbrizin Azərbaycan Şəhid Mədəni Universiteti: Mitinq keçirən tələbələr türkcənin universitetdə tədrisini tələb edirlər
Təbrizin Azərbaycan Şəhid Mədəni Universiteti: Mitinq keçirən tələbələr türkcənin universitetdə tədrisini tələb edirlər

Məhəmməd Rəhmanifər ana dili ilə bağlı tələblərin sadəcə Dünya Ana Dili Gününə məxsus olmadığını, bu tələblərin məktəblərin açıldığı zaman, seçkilər zamanı, prezidentin Azərbaycan şəhərlərinə səfərlərində və başqa münasibətlərdə dilə gətirildiyini vurğulayır.

“Ana Dili Günü ilə bağlı rəsmi şəkildə mərasim keçirmək üçün təəssüf ki, icazə vermirlər. Yəni hər il mədəni fəallarımız bu günlə bağlı rəsmi mərasim keçirmək üçün icazə almağa çalışırlar. Bəzən mən də müraciət etmişəm… Təəssüflə, keçən illər kimi bu il də bu müraciətlərə mənfi cavab verildi,” deyə o bildirir.

Keçən həftələrdə Urmiyə, Təbriz, Binab və digər şəhərlərdə minlər universitet tələbəsinin türkcənin tədrisi və rəsmilərşidirilməsi tələbi ilə təşkil etdikləri mitinqlər və imza kampaniyaları haqqında məlumat verən yazar bu olayların kifayət qədər media və sosyal şəbəkələrdə işıqlandırılmadığından şikayətlənir.

O, İran Azərbaycanında media fəaliyyətinin peşəkar səviyyədə olmadığına diqqət çəkir:

“Bəlkə bizlər daha peşəkar çalışmağı öyrənməmişik. Bizim mediada da ümumiyyətlə o yoldaşlar çalışır ki, media fəaliyyəti bunların ikinci ya üçüncü peşəsidir. Bu baxımdan bunlara haqq verirəm. Çünki, buralarda heç kəs deyə bilmir ki, mən məişətimi media fəaliyyəti ilə təmin edirəm.”

İran Azərbaycanında yüzlər tələbənin mitinqlər keçirərək türk dilinin universitetlərdə tədrisini tələb etməsi və 4 mindən artıq tələbənin türkcənin rəsmiləşdirilməsi tələbi ilə prezidentə məktub ünvanlaması sosial mediada da o kampaniyaların həcmi ilə mütənasib bir şəkildə əks olunmadı.

Məhəmməd Rəhmanifər hesab edir ki, fəallar kampaniyaların mediada işıqlandırılmasını əsas prioritet kimi görmürlər.

“Sosial mediada ana dili ilə bağlı şeir paylaşmaq, profil şəkli dəyişdirmək və yazı paylaşmaq var. Amma xəbər adı daşıyan materialları paylaşmağa gələndə, bəlkə biz bunu özümüzə vəzifə kimi görmürük,” deyə o, əlavə edir