“Səba”dan daha bir yenilik

Toyuqların yemini müəssisə özü yetişdirməyə başladı

Məqsəd məhsulların qiymətini aşağı salmaqdır

“Səba” brendi yetişdirdiyi toyuqlarının yemini özü istehsal etməyə başlayıb. Şirkət bu il, ilk dəfə olaraq, qarğıdalı becərib. Məqsəd xaricdən alınması baha başa gələn keyfiyyətli yemi ölkədə istehsal etməklə, toyuqların qiymətinin aşağı salınmasına nail olmaqdır.
“Səba”nın qarğıdalı sahəsi Ağsu və Kürdəmir rayonları ərazisində yerləşir. 400 hektarı əhatə edən sahədən bu il 5 min ton məhsul gözlənilir.  
Ilk məhsulun təqdimatına dəvət edilmiş jurnalistlər sahə və texnika ilə tanış oldular. “Səba” Istehsalat müəssisəsinin baş direktoru Zakir Əzimov, “Səba”nın Ağsu-Kürdəmir ərazisindəki taxılçılıq layihəsini həyata keçirən “Qarabağ-taxıl” şirkətinin direktoru Rəcəb Orucov və Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev layihə barədə ətraflı məlumat verdilər.
Jurnalistlərə bildirildi ki, Azərbaycandakı başqa quşçuluq müəssisələrindən fərqlənərək, “Səba” şirkət üçün yem istehsalına başlamaqla, əkinçilikdə də bir sıra yeniliklər edib. Qarğıdalı məhsulunun yığımı üçün gətirilmiş ABŞ istehsallı texnikadan çox yüksək nəticə gözlənilir. Suvarma sistemində istifadə olunan süni yağışyağdırma aqreqatları (PIVOT) ölkə əkinçiliyində tətbiq edilən ən müasir üsullardandır. PIVOT suvarmada işlədilən suya bir neçə dəfə qənaət edir. Bundan əlavə, sahənin gübrələnməsində müəssisənin yetişdirdiyi quşların peyinindən istifadə olunub. Bu, həm tullantılardan səmərəli istifadə kimi ətraf mühitin mühafizəsinə yönəlib, həm də bitkini təbii gübrə ilə təmin edir.
“Bu il gözlədiyimiz məhsul ”Səba” toyuqlarının qarğıdalı dəninə olan illik tələbatının tam yarısını ödəyir. Gələn ildən isə toyuqlarımızın qarğıdalıya, buğdaya və günəbaxan tumuna olan tələbatının böyük bir hissəsini özümüz təmin edəcəyik. Əminik ki, xaricdən gətirilməsi baha başa gələn keyfiyyətli yemi özümüz istehsal etməklə, ətin keyfiyyətini daha da yüksəltməyə və müəyyən vaxtdan sonra quş ətinin qiymətini aşağı salmağa nail olacağıq”- müəssisənin baş direktoru Zakir Əzimov dedi.
“Səba”nın Ağsu-Kürdəmir ərazisindəki taxılçılıq layihəsini həyata keçirən “Qarabağ-taxıl” şirkətinin direktoru Rəcəb Orucov bildirdi ki, Kürdəmir-Ağsu ərazisində indiyədək qarğıdalıda belə məhsuldarlıq görünməyib. “Bizim burada yüksək texnologiyalardan istifadə ilə əldə etdiyimiz məhsul ölkə üzrə mövcud ümumi orta məhsuldarlıqdan 3 dəfə artıqdır. Kür-Araz ovalığının iqlim şəraiti ildə iki dəfə məhsul yığmağa imkan verir və biz gələn ildən işlərimizi bu istiqamətdə davam etdirəcəyik”- Rəcəb Orucov bildirdi.
Layihəninin reallaşmasına dəstək verən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev isə əsas hədəfin Azərbaycanın özünü ərzaqla təmin etməsi olduğunu qeyd etdi. Icraçı direktor başqa müəssisələrin də “Səba”nın nümunəsini davam və inkişaf edirmək  imkanlarının olduğunu vurğuladı.