Məhkəmə dövlət çevrilişinə cəhddə ittiham olunan general və admirallara 20 ilə qədər həbs cəzası verdi
Kamal Kılıcdaroğlu: “AKP iqtidarı ədalət anlayışını zibil səbətinə atıb”
Türkiyədə il yarım davam edən, 250 nəfər barəsində həbs-qətimkan tədbiri seçilməklə, ümumilikdə 365 təqsirləndirilən şəxsin mühakimə olunduğu “Balyoz” (Çəkic) adlı məhkəmə prosesi başa çatıb.
Məhkəmə hərbi hava qüvvələrinin sabiq komandiri, istefada olan ordu generalı Xəlil Ibrahim Fırtına, hərbi dəniz donanmasının sabiq komandiri, istefada olan admiral Özden Örnek və sabiq 1-ci ordu komandiri, istefada olan ordu generalı Çətin Doğan barəsində xüsusi rejimli ömürlük həbs qərarı verdi. Qərara səbəb kimi isə hərbçilərin hərbi yolla dövlət çevrilişinə cəhd etməsi göstərilib. Cəhdin baş tutmaması səbəbindən isə ömürlük həbs cəzası 20 illə əvəz olunub.
Bundan başqa, Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili, general-leytenant Engin Alan, ordu generalı Bilgin Balanlı, istefada olan vitse-admiral Əhməd Fəyyaz Ögütçü, istefada olan general-leytenant Necat Bek, Milli Təhlükəsizlik Şurasının sabiq baş katibi, istefada olan ordu generalı Şükrü Sarıişıq, istefada olan ordu generalı Engin Sayqun, istefada olan general-mayor Süha Tanyeri, istefada olan polkovnik Camal Təmizöz, istefada olan vitse-admiral Qədir Sağdıç, vitse-admiral Abdullah Can Erenoğlu, istefada olan general-leytenant Yurdaər Olcan barəsində 18 il, daha 3 nəfər barəsində isə 16 il həbs qərarı verilib.
Təqsirləndirilənlərdən 34-nə bəraət verildiyi məhkəmədə elə istintaq dövründə də həbsdə saxlanılan 250 nəfərin dustaq həyatını davam etməsi haqda hökm çıxarılıb.
Məhkum olunan şəxslərin bəzilərinin qohumları hökmə etiraz əlaməti olaraq, məhkəmə binasının qarşısında aksiya keçiriblər.
“Balyoz” adlı hərbi çevriliş planı hazırlayaraq hökuməti devirmək cəhdində günahlandırılan şəxslərlə bağlı məhkəmənin qəbul etdiyi hökmü Ali Məhkəmə də təsdiqləsə, həbsinə qərar verilən bütün generalların rütbəsi alınacaq. Istanbul 10-cu Ağır Cinayətlər Məhkəməsinin qərarları Ali Məhkəmə tərəfindən təsdiqlənsə, həbsinə qərar verilən təqaüdçü və vəzifəli hərbçilər sıravi əsgər statusuna endiriləcək. Təqaüdçü generalların medal və nişanları da geri alınacaq.
20 il həbs cəzasına məhkum edilən 1-ci ordunun sabiq komandanı, ordu generalı Çətin Doğan, Hərbi Hava Qüvvələrinin sabiq komandanı, ordu generalı Ibrahim Fırtına, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, ordu admiralı Özdən Örnəkin medal və nişanları Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına geri qaytarılacaq.
“Balyoz” işi üzrə azadlıqdan məhrumetmə cəzasına məhrum edilən, lakin istintaq və məhkəmə prosesi gedən dövrdə azadlıqda olmuş 6 nəfər təqsirləndirilən şəxslərdən biri hökm elan olunmamışdan əvvəl məhkəmə salonunu tərk edib. Təqaüdçü polkovnik Berna Dönməz hökm elan olunan ərəfədə məhkəmə zalından çıxaraq, hətta öz pasportunu verərək aldığı “təqsirləndirilən şəxs” kartını da qaytarmayıb.
Sözügedən məhkəmə hökmü hazırda Türkiyə siyasətində əsas müzakirə mövzusudur. Ana müxalifət partiyası CHP-nin sədri Kamal Kılıcdaroğlu hökmü şərh edərək, hakim AKP-nin ədalətsiz olduğunu söyləyib: “Insanların içəri atılıb onlara müdafiə haqqı verilməməsini qəbul etmirik. Şəxsi səlahiyyətli məhkəmələri qəbul etmirik. Ədalət müqəddəsdir. AKP iqtidarı isə ədalət anlayışını zibil səbətinə atıb”.