“Bu rejim Azərbaycanı mədəniyyətdən, elmdən, tərəqqidən 50 il geri qoydu”
Mehriban Vəzir: “1993-cü ildə hakimiyyətin devrilməsi nəticəsində saxtakarlıq və zorakılıq şüuru daşıyan, siyasi mədəniyyət anlayışından uzaq zümrə iqtidara gəldi”
“Əsrin müqaviləsi”nin on səkkiz ili tamam oldu. Bu sənəd imzalanan zaman Azərbaycan cəmiyyətində gələcəklə bağlı böyük ümidlər, gözləntilər var idi. Amma ötən müddət ərzində bu müqavilə ilə bağlı heç bir gözlənti özünü doğrultmadı. Halbuki bu müqavilənin imzalanmasının müqabilində güclü iqtisadiyyat, hətta işğal altında olan torpaqların qaytarılacağı da müqavilənin çözə biləcəyi problemlər sırasına daxil edilmişdi. Bəs belə nəticənin yaranmasına səbəb nə idi? Bu sual ilə Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir ilə müsahibəyə başladıq:
– Milli Azadlıq Hərəkatının baş verməsi, nəticədə hərakatın lideri Əbülfəz Elçibəyin iqtidara gəlməsi xalqa hakimiyyət qazandırmışdı. Xalq özünə prezident seçmişdi, səs çoxluğu ilə bu prezident hakimiyyətə gəlmişdi. Hərəkatın doğurduğu o komanda xalq və dövlət üçün çalışırdı. O hakimiyyətin əsas missiyası xalqa xidmət etmək, cəmiyyəti inkişaf etdirmək, rifaha qovuşdurmaq, xalqın oğurlanmış var-dövlətini özünə qaytarmaq, Avropaya çıxmaq, mədəni dünyaya inteqrasiya idi. Lakin bu missiya yarımçıq qaldə, hakimiyyət çevrilişi oldu. Hakimiyyət çevrilişi oldu və hakimiyyət xalqın əlindən alındı. Təəssüf ki, həmin anda Azərbaycan xalqı nəyin baş verdiyini tam başa düşmədi. Sovet şüuru öz işini gördü. Cəmiyyətə hansı müsibətin gəldiyini, nələr baş verəcəyini anlatmaq imkanı olmadı. Fürsət olmadı ki, cəmiyyətə anladılsın ki, bu tufan, bu qasırğa hardan gəlir və bu fəlakəti hansı qüvvələr idarə edir. Hansı qüvvələr Azərbaycanı demokratik olmaqdan yayındırmağa, geridə qoymağa, tərəqqidən, elmdən, demokratiyadan, qısası, ədalətli idarəetmədən uzaq salmağa çalışır. Azərbaycanın inkişaf etməsini istəməyən dünya güclərinin, o cümlədən Rusiyanın, Iranın xalqın başına nə oyunlar gətirdiyini millət ilk anda görə bilmədi. Çevrilişdən sonra Əbülfəz Elçibəyin başlatdığı Azərbaycan neftini Bakı-Ceyhan vasitəsilə dünyaya çıxarmaq siyasəti müvəqqəti olaraq yarımçıq qaldı. Sonradan imzalanan kontraktın bütün başlanğıc addımları, təşəbbüs və təkliflər Əbülfəz Elçibəy və onun komandasına aiddir. Sonradan, 1994-də Müqavilə bağlanıldı və bunun əvəzində Azərbaycana çox şeylər vəd olundu. Qarabağın qaytarılması, Azərbaycanın haqq sözünün dünyada deyilməsi, vətəndaşın rifahı, insan haqları, demokratiya vəd edildi. Xalq məhz bunu gözləyirdi. Sadəlövhlər KQB yetirmələrinin belə bir cəmiyyət quracaq güclərinin olduğunu zənn edirdilər. Səmimi inananlar da vardı. Hətta çox idi. Əslində isə xalq nə itirdiyini bilmədi. Nəticədə nə oldu? Xalqın sərvəti olan bu dövlət bütün varidatı və gücü ilə sülala rejiminin yaranması, bu sülalənin təhlükəli həddə varlanması və avtoritarizmin metastazına xidmət etdi. Bir sözlə, orta çağlara qaytarıldıq: dərəbəylik, qanunsuzluq, pis idarəetmə.
Hakimiyyət insanların cibinə girir
– Həqiqətən də Azərbaycan xalqı pulsuz təhsil, maddi rifahın yüksəlməsi, Qarabağ probleminin həll olunmasını gözlədiyi halda əvəzində Dubay mülklərini, offşor zonalara çıxarılan 48 milyard dolları aldı. Bu nəyin görsənişidir?
– Təəssəvür edin, Türkiyə kimi nefti olmayan bir ölkədə qanun çıxır ki, ali təhsil pulsuzdur. Yalnız ikinci ali təhsil pullu ola bilər. Azərbaycanda nə baş verir? Bizdə ali təhsil hər ötən il daha da bahalaşır və elmi keyfiyyətini itirir. Hakimiyyət təhsil vasitəsi ilə də insanların cibinə girir, insanlardan oğurluq edilir. Insanlar bütün vasitələrlə talan olunur. Rüşvət yoxsulların pulunun zənginlərin cibinə axması deməkdir. Bizim zənginlər isə yalnız hakimiyyəti ələ keçirənlərdir. Çovdar yatağı, Dubay mülkləri, offşor zonalarına çıxarılan pullar buna misaldır. Bu, çox təəssüfedici haldır. Avropa ölkələrinə baxın. Bu dövlətlərin hakimiyyətləri xalqı soymur, əksinə xidmət göstərir. Onlar həm cəmiyyətlərini, həm dövlətlərini inkişaf etdirirlər. Çünki onlar özləri inkişaf etmiş mədəni insanlardır. Məsələn, Türkiyədə belə bir qayda var. Kaymakam olmaq istəyən hər bir kəs imtahana girir, imtahanı qazanırsa, dövlət hesabına Ingiltərədə iki il təhsil alır və təcrübə keçir. Azərbaycanda təsəvvür edirsinizmi ki, icra başçısı olmaq istəyən şəxsin elmi, mədəni, bilik səviyyəsi yoxlanılsın. Bizdə bir tələb var: rüşvət. Heç adını yaza bilmə, nadanın, cahilin yekəsi ol, amma rüşvət ver, rüşvət al, çap, tala. Bu rejim Azərbaycanı mədəniyyətdən və tərəqqidən 50 il geri qoydu. Təsəvvür edin, bütün mədəni hakimiyyətlər xalqının inkişaf etməsi üçün dəridən-qabıqdan çıxır. Qəzetlər, kitablar pulsuz paylanılır. Amma bizimkilər hətta köşkləri yığışdırırlar ki, insanlar oxumasın, bilməsin. Oxusalar belə bunların sifariş verdiyi nəğmələri söyləsinlər.
Ramil Səfərovla bağlı sənədə imza atılmalı idi
– Azərbaycanda ilk neft çıxan kimi Neft Fondu yaradıldı və neftdən gələn gəlirlər bu fondda cəmləşdirilərək, gələcək nəsillərə saxlanılması qərara alındı. Amma hazırda Neft Fondu dövlət büdcəsinin kəsirinin qapanması üçün əsas mənbə rolunu oynayır. Proseslər isə belə gedərsə, neft pulları heç hazırkı nəsilə belə çatmayacaq…
– Mənim bütün bunlara bir yozumum var: mədəniyyətsizlik və səviyyəsizlik. Təsəvvür edin, bir böyük süfrə açılıb və orada 100 nəfər yemək yeməlidir. Amma bir-iki adam bütün yeməkləri basıb yeyir. Bunun adı görməmişlik, mədəniyyətsizlikdir, ədəbsizlikdir. Halbuki ədalətli dövlət başçıları nəzarət edir ki, süfrə arxasında oturan hər kəs, yəni hər vətəndaş özünə məxsus payını, haqqını ala bilsin. Yəni bu xalqın hər bir nümayəndəsinin – müəlliminin, həkiminin, cinayətkarının belə bu sərvətdə payı var. Məzlumun payını almağa gücü çatmaya bilər. Amma onun Allahı var. Onun haqqını əlindən alanda bu cəzasız qalmır. Avropa ölkələrində görün nə qədər halal idarəetmə var. Azərbaycan bu sərvətlə nümunəvi sosial dövlət ola bilərdi. Sosial dövlət vətəndaşının həm valideyinidir, həm hökumətidir, həm himayəçisisdir. Amma bizdə dövləti yalnız zor aparatına çevirdilər. Bizim qurduğumuz dövlətin gücündən bizə qarşı istifadə edirlər. Biz bu dövləti müstəqilliyə qovuşdurmuşuq, buna görə mübarizə aparıb, meydanlarda olmuşuq. Bu, bizim dövlətimizdir.
– Ötən həftə Ramil Səfərovla bağlı Avropa Parlamentinə Ictimai Palataya daxil olan müxalifət partiyalarının imzası ilə sənəd ünvanlandı. Bu addım ciddi tənqidə məruz qaldı. Elə bu üzdən də IP-nin Koordinasiya Şurasının son toplantısında istefalar yaşandı. Baş verəni necə dəyərləndirirsiniz?
– Bu hadisə oldu və bir sıra etirazlar başladı. Əvvəlcə onu deyim ki, atılan addımların cəmiyyətdə müzakirə olunması, təftiş edilməsi çox normal haldır. Liderlərin hər bir addımı danışılmalı, tədqiq olunmalıdır. Ictimai Palata müxtəlif fikirli insanların bir araya gəlməsindən yaranıb. Koordinasiya Şurasında müxtəlif fikir cəbhələrini təmsil edən insanlar var. Buna görə ağır müzakirələr olur. Bu müzakirədə hər kəsin özünə görə arqumentləri var və onların hər birinin həqiqət payı var. Şəxsən mən bu fikirdəyəm ki, mən də o imzanı atardım. Çünki söhbət soydaşımız Ramil Səfərovun taleyindən gedir. Ona görə onu müdafiə etmək üçün bir yerdə olmalıyıq. Necə ki, Qarabağ, Xocalı məsələsində bir yerdəyik. Necə deyərlər, davamız dava olaraq qalır. Ona görə mən bu məsələyə haqq qazandırıram. Amma Koordinasiya Şurasında çox qızğın müzakirələr, mübahisələr oldu. Narazı olanlar da fikirlərini ifadə etdilər və sonadək dinlənildilər. Nəhayət, uzun müzakirələrdən sonra doqquz nəfərin müsbət rəyi ilə bu addım təqdir edildi. Bir nəfər etiraz etdi, bir nəfər isə bitərəf qaldı. Bu, yaxşı bir müzakirə oldu. Koordinasiya Şurası xor kollektivi deyil, bir ağızdan oxumur, burda hər bir şəxsin mövqeyi var və bu mövqelərə hörmət edilir. Düzdür, siyasət fürsət sənətidir. Rəqiblər fürsətləri öz xeyirlərinə istifadə etməyə çalışırlar. Amma düşünmürəm ki, Əli Kərimli, Isa Qəmbər, Pənah Hüseyn kimi neçə illərin sınağından çıxmış siyasətçiləri belə fürsətlərlə zədələmək mümkün olsun. Onlar bu addımı atmalı idilər. Ən düz olanı ediblər.
Bu qədər ədalətsizliyin sonu fəalakətdir
– Seçkilər yaxınlaşdıqca ölkədə siyasi aktivlik artacaq. Hazırda ölkədəki situasiya isə hakimiyyət üçün olduqca gərgindir. Iqtidar regional dayaqlarını itirib, cəmiyyətdə hakimiyyətdən narazılıq artaraq pik həddə çatıb. Bütün bunlar seçki ərəfəsində hakimiyyətə nə vəd edir?
– Azərbaycanda mütləq dəyişiklik olmalıdır. Bunu təkcə sıravi vətəndaş istəmir. Bunu ən yüksək mövqedə dayanan insanlar da istəyir. 99 faiz əhali bu çirkinliklərdən, qanunsuz, qeyri-insani idarəetmədən bezib. Ölkədə müsbət dəyişikliklər olmalıdır. Bu qədər ədalətsizliyin, haqsızlığın sonu fəalakətdir. Azərbaycanda demokratik dəyişiklik olmasa, ölkə Suriya və Liviyaya çevrilə bilər. Biz bundan çox qorxuruq. Son illər rejim insanları bilərəkdən təhsilsiz və maarifsiz qoyub. Bu gənc təbəqənin tüğyanının, onların iğtişaş törətməsinin qarşısında heç kim dayana bilməz. Bundan təkcə hakimiyyət yox, dövlətimiz sarsıla bilər. Ona görə yürüdülən siyasət ciddi şəkildə islah olunmalıdır.
– ABŞ konqressmeni Dana Rohrabacherin Cənubi Azərbaycan məsələsini qabardan qətnamə layihəsi bütöv Azərbaycan ideyasını yenidən gündəmə gətirib. Bir sıra ekspertlər baş verənləri Azərbaycan xalqının birləşməsi üçün tarixi şans sayır. Yaranan situasiyada rəsmi Bakının üzərinə hansı məsuliyyət və vəzifə düşür?
– Bəli, baş verənlər tarixi şans kimi qiymətləndirilə bilər. Azərbaycan xalqı 200 ildir ki, ayrı yaşayır, bölünüb, parçalanıb, talanıb. Tarix boyu birləşmə uğrunda ciddi mübarizələr gedib. Xüsusilə Əbülfəz Elçibəyin dövründə baş verən bötövləşmə, millətləşmə, dövlətləşmə ideyası pik həddinə çatmışdı. Cənubi Azərbaycanda mübarizə müxtəlif templə gedib. Bu mübarizə gah şahə qalxıb, gah səngiyib. Iran rejimi Cənubi Azərbaycanda böyük ədalətsizliklər törədir. Mən 98-ci ildə Təbriz bazarını gəzəndə alış-veriş üçün üzərində Xomeyninin şəkli olan pul əskinasını çıxarıb soruşdum: “Neçə Xomeyni, bir, yoxsa iki?”. Satıcı dedi ki, hə, iki dənə evimizi yıxandır borcunuz. Bu, artıq inqilabın zəminidir. Bu, altyapıda olan inqilabi narazılıqdır. Bu, Cənubi Azərbaycanda olan narazılığın ictimai ifadəsidir. Çünki Tehran rejimi xalqımızın hüquqlarını amansızca tapdayıb. Cənubi Azərbaycan uğrunda aparılan mübarizənin, Elçibəyin ortaya qoyduğu birləşmə ideyasının nəticəsi olaraq hazırda bu cür bir layihə ortaya çıxdı. Konqresmenin ortaya çıxartdığı sənəd xalqımızın uzunmüddətli mübarizəsinin haqqıdır. Biz, bu günlərdə Ictimai Palata olaraq problemin ciddi müzakirəsini keçirəcəyik.
Xəyal