Zakir Qaralova görə Ombudsman məhkəməyə verildi

Keçmiş prokuror Elmira Süleymanovanın qəbulunda üzləşdiyi qanunsuzluqlar barədə “Azadlıq”a nələri yazdı?

30 il çalışdığı prokurorluqdan qanunsuz çıxarıldığını iddia edən Tofiq Acalov bu işdə baş prokuror Zakir Qaralovu ittiham edir. Acalov öz hüquqlarının müdafiəsində bir hüquqçu kimi acız qaldığını “Azadlıq”a yazdığı məktubda müfəssəl izah edib: “Mənim kimi 30 il prokurorluqda xidmət etmiş bir professional hüquqşunas öz hüquqlarımı müdafiə edə bilmirəmsə, onda hüquq sahəsindən heç bir məlumatı olmayan Azərbaycan vətəndaşlarının halına ağlayan gərək”.

Məktublar yetişir, amma…

Peşəkar hüquqçu ölkədə məhkəmə hakimiyyətilə yanaşı, vətəndaşların hüquq və azadlıqlarını müdafiə etməyə borclu olan Ombudsman Aparatının da iflic olduğunu məktubda göstərib. O, ölkədə bir ilkə imza ataraq, Ombudsman Elmira Süleymanovanı da vəzifəsini yerinə yetirmədiyi üçün məhkəməyə verib.
T.Acalovun qeydlərində biz əyani olaraq, Ombudsman Aparatının iş prinsipinə və qabiliyyətinə bələd ola bilərik.
O bildirir ki, Qaralov tərəfindən pozulmuş hüquqlarının müdafiəsi üçün 3 il ərzində müraciətlərinə nə dövlət başçısı, nə Prezident Administrasiyası, nə Milli Məclisin sədri, nə də deputatları baxıb. Nəhayət, keçmiş prokuror Insan hüquqlarının müdafiəsi üzrə müvəkkilə – Ombudsmana müraciət edib. 1 il 7 ay ərzində Acalov Ombudsmana 20 dəfə poçt vasitəsilə rəsmi məktubla, 23 dəfə isə internet vasitəsilə müraciətlər göndərib.
“Lakin, təəssüf ki, o, çoxsaylı müraciətlərimə baxmadı, müxtəlif bəhanələr gətirməklə öz vəzifə borcunu nəinki yerinə yetirmədi, hətta mənə formal cavablar göndərməklə, mənim hüquqlarımı bir daha pozdu. Bununla da Ombudsman haqqında qanunu, eləcə də Insan hüquqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasının  tələblərini ciddi şəkildə pozdu”.

Ombudsmanın şikayətçi vətəndaşla falçı söhbəti

“…Süleymanovanın qəbuluna, mən çox çətinliklə – təxminən 20 gündən sonra düşə bildim. Xanım Süleymanova məni Ombudsman Aparatında, dəftərxananın dəhlizində, ayaqüstü, cəmi 2 dəqiqə ərzində dinlədi. Buna dinləmək demək olarmı?
Şikayətimin mətni barədə məruzəmə tam qulaq asmadan, özümlə gətirdiyim bir diplomat həcmində, Qaralova göndərdiyim şikayət və sənədləri ona təqdim etməyimə imkan vermədən, Qaralovun adını eşitcək, “Mən şəxsi-qərəzli məsələlərə baxmıram. Mən falçı deyiləm ki, şəxsi-qərəzli məsələlərə baxam…”, – deyə söylədi.
Indi görün, dövlətdə Ombudsman vəzifəsini tutan yüksək səlahiyyətli şəxs insan hüquqları pozulan vətəndaşları necə qəbul edir və onların hüquqlarını necə müdafiə edir?

Zakir Qaralov xofu

Ombudsmanın bu hərəkətlərindən sonra artıq mənə məlum oldu ki, onun şikayətimə baxmaq niyyəti yoxdur. Belə də oldu. Birinci şikayətimə Ombudsman 4 ay ərzində cavab verdi. Əslində, bu cavab heç bir araşdırma aparılmadan, Baş Prokurorluğa göndərilmiş sorğuya alınmış cavabın üzünü köçürmə idi.
… Mən “Ombudsman”a baş prokuror Qaralovun əmrinin surətini mənə 2,5 ildən artıq müddətdə vermədiyini göstərdim və həmin əmrin surətinin Qaralovdan alınıb mənə göndərilməsi üçün yardım istədim.
Ombudsman isə ümumiyyətlə, bu məsələ ilə bağlı heç bir araşdırma aparmayıb, əmrin surətinin Baş Prokurorluqdan mənə verilməsi məsələsini Baş prokurorun üzərinə qoymayıb, hətta mənə göndərdiyi formal cavabında da əmrin surətinin mənə göndərilib-göndərilməməsi məsələsi barədə bir kəlmə də olsun, qeyd etməmişdi.

Vəzifə borcunun icrasından yayınma

Bu cavabdan sonra da mən dəfələrlə Ombudsman Aparatına gedərək, onlardan şikayətlərimə baxmağı tələb etdim. Lakin onlar məni qəbul etməkdən yayındılar və beləliklə, öz vəzifə borclarını yerinə yetirmədilər. Pozulmuş hüquqlarımın müdafiəsindən ötrü sonuncu dəfə bu il avqustun 6-da Elmira Süleymanovaya göndərdiyim məktubuma cavabda bildirib ki, “şikayətim üzrə tələbimə hazırda 2 saylı Inzibati Iqtisadi Məhkəməsində baxıldığından Ombudsman haqqında qanunun 11.1.4-cü maddəsinə əsasən, şikayətimə baxılmamışdır”. Əslində, bu bəhanədir. Qeyd edilən qanuna istinad etilməsi faktı da əsassız və qanunsuzdur. Çünki hazırda şikayətim üzrə 2 saylı Inzibatı Iqdisadi Məhkəməsinin icraatında heç bir prosess və araşdırma getmir. Artıq məhkəmə pozulan hüquqlarımın təmin edilməməsinə dair əsassız və qanunsuz qərardad qəbul edib. Bununla da mənim müdafiə hüququm məhkəmədə kobud şəkildə pozulub. Ombudsman isə hüquqlarımı müdafiə etmək əvəzinə, şikayətimə baxmır. Bu hal Ombudsman haqqında qanunun tələblərinin ciddi şəkildə pozulması, insan hüquqlarını müdafiə etməkdən yayınması və öz vəzifə borcunu yerinə yetirməməsinin təsdiqidir”.

***

Keçmiş prokuror göstərilən pozuntularla əlaqədar 1 saylı Bakı Inzibati- Iqtisadi Məhkəməsinə müraciət edib. O, iddia ərizəsində məhkəmədən Elmira Süleymanovanın üzərinə vəzifə borcunun yerinə yetirilməsi öhdəliyinin qoyulması haqda qərar qəbul edilməsini istəyib.

Natiq