Əliyevlərin uğur formulu: kütləvi şivənlik

Əcaib vəziyyət yaranıb:
Əliyevlərin hakimiyyəti dövründə Azərbaycandan 48 milyard pulun çıxarıldığı və ofşor zonalara ötürüldüyü məlum olur, baxırsan ki, bir ovuc adamdan başqa heç kimin vecinə deyil. Eyni adamlardan başqa heç kim narahat olmur, etiraz etmir, sorğulamır.
Amma hansısa bir serialda hansısa Azərbaycan şahına “dəyyus” deyildi deyə, sosial şəbəkələrdə fırtına qoparılır, bayağılığın, düşüklüyün, savadsızlığın təntənəsi olan etiraz şouları alıb başını gedir.
Ilham Əliyevin və uşaqlarının Dubay mülkləri ifşa edildiyi günlər idi, çoxluq yenə ağzına su almışdı, kimsə hesabat istəmək cürətində, cəsarətində deyildi, sanki belə də olmalı imiş, sanki bir xalqın sərvətlərinin bir ailənin cibinə axmasından təbii heç nə yox imiş.
Elə həmin günlərdə “Yahşi Cazibə” adlı türk serialında azərbaycanlı qadınlara həqarət edildiyi söhbəti ortaya atıldı, şar kimi üfürülərək şişirdildi, böyüdüldü, bir baxdıq ki, millətin, məmləkətin taleyi ilə bağlı bir məsələdə dilini dinməz yerinə qoyanlar, “mıkk” səsi çıxarmayanlar bir serialla müharibəyə başlayıblar, “namus”, “qeyrət” sözcüklərinin biri bir qəpikdir.
Kütləvi şivənlik: onu kim və niyə düzəldir?
Artıq belə qaraqışqırıqlara, hay-həşirçiliyi adət etmişik. Hər ayın əvvəli, ortası, axırı mütləq hansısa film, klip, romanla bağlı belə düşük, mənasız, heç bir ictimai məzmun daşımayan, sadəcə, kütlənin etirazının idarə olunmasına yönəlmiş şoular düzəldilir. Bəli, məhz düzəldilir – hakimiyyət tərəfindən! Bəli, məhz bu cür şoularla kütlənin etirazı idarə olunur! Kütlənin etiraz potensialının, narazılıq ruhunun ciddi, taleyüklü ictima, siyasi məsələlərə yönəlməsinin qarşısı alınır, həmin etiraz, narazılıq potensialı səfeh, gic, mənasız mövzulara yönəldilir, şivənçilik qopur və insanlar hansısa filmə, kitaba, klipə, rəsmə, nə bilim daha nəyə qəzəbini, öfkəsini tökməklə “boşaldılır”.
Biz illərdir havayı yerə yazmırıq, demirik ki, ölkədə cəhalət bilərəkdən çiçəkləndirilir, təhsil qəsdən ləğv olunur, savadsızlıq ölçülü-biçili şəkildə genişləndirilir. Bununla rejim ölkədə ictimai narazılığı xeyli zəiflədir, onun yerini tədricən kütləvi şivənlik tutur. Ictimai narazılıqdan fərqli olaraq, kütlə şivənliyi hakimiyyətə qarşı deyil, rejim üçün heç bir qorxu kəsb eləmir, onun hədəfində irtica yox, “Sarı gəlin”i erməni mahnısı kimi təqdim edən hansısa televiziya aparıcısı, yaxud hansısa Azərbaycan şahına “dəyyus” deyən serial aktyoru var.
Kütlə şivənliyinin güclənməsi isə toplumu cahilləşdirməkdən, savadsızlaşdırmaqdan keçir. Kitabsızlıqdan, bilgisizlikdən, təhsilsizlikdən keçir. Yalnız belədə insanlar taleyüklü məsələləri bir kənara qoyub, ölkəni başına alan oğurluqları, talanları düşünməyib cılız, bayağı mübahisə və müzakirələrə qoşula, hay-həşir qopara, şivənlik eləyə bilərlər. Yalnız cahillər, nadanlar, beyinsizlər yaptokratlardan niyə evində dolma bükməyə ət olmadığı halda, dolmanın bizim olması haqqında günlərcə, aylarca, illərcə mübahisə edə, üz-gözlərini cıra bilərlər.
***
Odur ki, bu gün Azərbaycanın ağlı başında olan adamlarının üzərinə böyük yük düşür. Başa düşürəm, çətindi, əsəb gedir, bəzən adam intihar həddinə çatır, toplumun bunca vurdumduymazlığı, bayağılığa, düşüklüyə təslimçiliyi insanı ruhdan salır, amma yenə də geri çəkilmək olmaz.
Bu ölkə insanlarını aydınlatmağa davam etmək lazımdır. Ən adi həqiqətləri dönə-dönə təkrarlamaqdan yorulmamaq, toplumu qəflətdən oyandırmağa, düşdüyü bataqlıqdan çıxarmağa davam etmək lazımdır.
Bizim başqa yolumuz və xilasımız yoxdur.
Onsuz da bəzən bezib “cəhənnəm olsun hamı və hər şey!” deyə kənara çəkilmək də olmur. Adamın ürəyi dözmür, vicdanı yol vermir ki, sənin ölkən bir ovuc insanın müstəmləkəsinə çevrilsin, sənin xalqın bir ovuc insanın köləsinə çevrilsin, amma sən də qıraqdan baxasan. Istəsən belə, nə qədər yorulsan, bezsən belə, bacarmırıq onsuz da bunu.
Ona görə də bu ölkəni aydınlığa qovuşduracaq yollar düşünməyə davam etməliyik. Bu ölkəni modern, mədəni dünyanın bir parçasına çevirmək üçün çabalamağa, çırpınmağa davam etməliyik.
Başqa cür onsuz da olmayacaq.
Bu, artıq bizim alın yazımızdır.