Ərdoğana yaxın qəzet Türkiyədəki dəhşətli teraktlarla bağlı şok faktlar açıqladı
Terrorçular Türkiyə təhlükəsizlik qüvvələrini dinləmək üçün İsraildən aldıqları avadanlıqları Azərbaycanda qurduqları şirkət vasitəsilə daşıyır
Türkiyədə Ərdoğan hökumətinə yaxınlığı ilə tanınan “Yeni Şafak” qəzeti son vaxtlar ölkəni bürüyən PKK partlayış-terrorlarının arxasında Israil xüsusi xidmət orqanlarının dayandığını, qanlı olayların reallaşdırılmasında istifadə olunan texnoloji avadanlıqların isə Azərbaycanda qurulan şirkət vasitəsilə alındığını yazıb. Ilginc faktların yer aldığı məqalədə bildirilir:
***
“Bingöldə əvvəlcə 8 polisin, daha sonra 10 əsgərin şəhid olduğu hücumlarda terrorçuların vacib kəşfiyyat məlumatını Israil istehsalı olan yüksək texnoloji avadanlıqla – ”casus cihazlar”la əldə etdikləri müəyyənləşdirilib. Polisləri daşıyan mikroavtobus və silahsız əsgərləri daşıyan avtobusların hərəkət saatlarını terrorçuların necə əldə etdiyini araşdıran təhlükəsizlik qüvvələri təəccüblü detallar və faktlar əldə ediblər.
“Casus cihazlar” Azərbaycandan Şimali İraqa necə ötürülüb?
PKK-çıların həm radio, həm də GSM xətlərini dinləmə üstünlüklərinə malik cihazlarla hücumdan əvvəl kəşfiyyat apardıqları, polis və əsgərləri daşıyan nəqliyyatın hərəkət saatlarını bu yolla öyrəndikləri bəlli olub. Bunun üçün aylarla əvvəldən fəaliyyətə başlayan terror təşkilatı, Azərbaycanda qurduğu şirkət vasitəsilə Israilin “Tadiran Telekom” şirkətinin istehsal etdiyi cihazları satın alıb. “Aviyonik” sistemlərlə təchiz edilmiş “casus cihazlar” Azərbaycandan Irana, oradan da Şimali Iraqdakı Hınare düşərgəsinə çatdırılıb.
Israildə olan “Tadiran Telekom” şirkətinin “AR-GE” mərkəzində çıxarılan radio sistemlərinin terrorçulara saxta şirkət üzərindən çatdırıldığı müəyyənləşib. Avropa Birliyi ölkələrində mədəni fəaliyyətlər istisna olmaqla, hərəkət sahələri məhdudlaşdırılan terror təşkilatı yeni nəsil rabitə vasitələrini Türkiyədəki PKK-çılara çatdırmaq üçün maraqlı yola əl atıblar. Cihazların alışı üçün əvvəl Azərbaycanda yalançı, əslində, mövcud olmayan bir şirkət qurulub. Bu ilin fevralında Israil firması ilə PKK arasında ümumilikdə 95 ədəd “casus cihaz”ın alışı üçün sifariş razılaşması imzalanıb. Həmin ayda başlanan çatdırılma iyun ayına qədər davam edib. Azərbaycandan Irana göndərilən cihazlar, buradan da Şimali Iraqda terrorçuların təlim keçdiyi Hınare düşərgəsinə çatdırılıb. Cihazların istehsalını isə Israil tərəfindən Hindistanda qurulan başqa bir saxta şirkət həyata keçirib.
Məxfi məlumatları terrorçular necə öyrənib?
Terrorçular Israildən aldıqları yeni nəsil rabitə vasitələrilə təhlükəsizlik qüvvələrinin məxfi danışıq tezliklərinə girərək, əsgər və polisləri daşıyan konvoyların yolunu anbaan təqib ediblər. Fevraldan iyuna qədər olan 5 ay ərzində PKK Israildən 41 ədəd “Aviyonik”, 19 ədəd “Point-Point” adlandırdıqları cihaz və 35 ədəd “VHF/UHF” radio sistemini satın alıb. Terrorçular çiyində daşına bilən bu “casus cihazlar”la bölgədəki türk təhlükəsizlik qüvvələrinin danışıqlarını dinləyiblər.
Elazığ bölgəsindəki Qəbul-Toplanış Mərkəzindən (KTM) əsgərlərin kütləvi halda hansı saatda yola çıxacağı məhdud saydakı personaldan başqa heç kimə deyilməmişdi. Elazığdan yola çıxan və bir qrup əsgəri Bingöldə buraxandan sonra Muşa doğru hərəkət edən konvoy meşəlik sahədə hücuma məruz qalmış, avtobuslarda olan 167 əsgərdən 10-u şəhid olmuşdu. Terror təşkilatının hərbi konvoyun nə vaxt yola çıxması ilə bağlı məxfi məlumatı necə əldə etdiyi üzərində fokuslaşan təhlükəsizlik qüvvələri PKK-çıların Israil istehsalı olan cihazlarla bölgədəki “GSM” və simsiz rabitə xətlərinə sızaraq danışılanları dinlədiyini aşkarlayıb.
Israilin əhəmiyyətli sənaye şəhərlərindən Petah Tikvada texnologiya şirkəti “Tadiran Telekom”, IP telefon, şəbəkə sistemləri, dinləmə cihazları və mobil proqram istehsal edir. Terrorçulara Azərbaycan üzərindən göndərilən “Aviyonik”, “Point-Point” cihazları onlara türk təhlükəsizlik qüvvələrinin istifadə etdiyi rabitə qurğularının danışıq tezliklərinə girərək onları dinləmək imkanı verir.
Informasiya şöbəsi