«Siyasi məhbuslarsız Azərbaycan» Ictimai Alyansı AŞPA-nı Ştrasserin hesabatını dəstəkləməyə çağırdı
Bir müddət öncə azadlığa çıxmış vicdan məhbusları və hüquq müdafiəçiləri tərəfindən yaradılmış “Siyasi məhbuslarsız Azərbaycan” Ictimai Alyansı Avropa Şurası Parlament Assembleyasının üzvlərinə müraciət edib. Müraciətə səbəb Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyası çərçivəsində oktyabrın 3-də siyasi məhbuslar üzrə xüsusi məruzəçi Kristofer Ştrasser tərəfindən hazırlanmış “Siyasi məhbus anlayışı” və “Azərbaycanda siyasi məhbuslar məsələsinin vəziyyəti” adlı hesabatların müzakirəyə və səsverməyə çıxarılmasıdır.
“Siyasi məhbuslarsız Azərbaycan” Ictimai Alyansı AŞPA-ya göndərdiyi məktubda Ştraserin fəaliyyətini və onun tərəfindən hazırlanmış hər iki hesabatı dəstəkləməklə yanaşı Parlamentariləri Azərbaycanda qanunsuz həbsdə saxlanılan məhbusların azadlığa çıxması üçün səylərini artırmağa çağırıb. Məktubda deyilir:”Hörmətli parlamentarilər, diqqətinizə çatdırmaq istərdik ki, biz Azərbaycandan olan bir qrup keçmiş siyasi məhbuslar olaraq hüquq müdafiəçiləri ilə birgə “Siyasi məhbuslarsız Azərbaycan” Ictimai Alyansı təsis etmişik və bu məktubla Sizə müraciət etmək qərarına gəlmişik. Alyansın əsas məqsədi ictimai, siyasi, dini, hüquq müdafiə və s. fəaliyyətinə görə təqib və təzyiqlərə məruz qalan, qanunsuz şəkildə həbs edilən şəxslərin hüquqlarını müdafiə etməkdir.
Ilk növbədə vurğulamaq istəyirik ki, Avropa Şurasının siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristofer Ştrasserin fəaliyyətini dəstəkləyirik və onun Azərbaycana buraxılmamasından öz təəssüfümüzü bir daha bildiririk. Biz öz mandatı çərçivəsində cənab Ştrasser tərəfindən hazırlanmış hər iki sənədi- “Siyasi məhbus anlayışı” və “Azərbaycanda siyasi məhbuslar məsələsinin vəziyyəti”
adlı hesabatlarını tam şəkildə dəstəkləyirik.
Bildiyiniz kimi, Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyası çərçivəsində oktyabrın 3-də cənab Ştrasser tərəfindən hazırlanmış “Siyasi məhbus anlayışı” adlı hesabat müzakirəyə və səsverməyə çıxarılacaq. Hesab edirik ki, adı çəkilən hesabatın qəbul edilməsi Azərbaycanda siyasi məhbus probleminin həll edilməsi üçün böyük əhəmiyyətə malikdir.
Bu hesabatın qəbul edilməsi eyni zamanda həmin hesabat hazırlanarkən qanunsuz olaraq həbsdə olan bizlərin və hələ də həbsdə qalan digər siyasi məhbusların arzusudur.
Sizə müraciət edərək oktyabrın 3-də səsverməyə çıxarılacaq hesabatı dəstəkləməyinizi, Azərbaycanda siyasi məhbus problemini diqqətdə saxlamağınızı və məhbusların azad edilməsi üçün səylərinizi əsirgəməməyi xahiş edirik”.