Həbsxanada işgəncə faktı təxminən on gündən sonra parlament seçkiləri keçirələcək Gürcüstanı çalxaladı. Amma bu prosesin içində ilk baxışda çox mübahisəli görünə biləcək bir qənatə gəldim: bu ölkədə demokratiya var…
Ən azı ona görə ki, ölkədə işgəncə faktlarını efirə verməyə cəsarət edən və bundan çəkinməyən telekanallar mövcuddur. Bu, sizə adi bir şey kimi təsir bağışlamasın. Bəli, bu, siyasi mədəniyyətdir. Hətta bir az mübahisə doğursa belə. Demokratik ölkələrlə qeyri-demokratik ölkələrin fərqi onda deyil ki, bu ölkələrin birində pisliklər var, o birisində isə yoxdur. Fərq ondadır ki, həmin ölkələrin birində o pislikləri çəkib göstərən telekanllar, o haqda yazan qəzet və jurnallar var, bunlara qəzəblənən cəmiyyət və bu qəzəbdən çəkinən, ona qarşı getməyə ehtiyat edən siyasət və dövlət adamaları var. Fərq bundadır.
O ki qaldı, siyasi mədəniyyətə və bunun müxtəlif ölkələrdəki təzahürlərinə, siyasi mədəniyyət haqqında ilk anlayışlar 18-ci əsrə gedib çıxır. Ilk dəfə bu haqda alman filosofu I.Herderin yazdığı güman edilir. Insanlar tədricən belə qənaətə gəlirdilər ki, mədəniyyət tək qanunlar üçün bazis rolunu oynamır.
O, həm də hakimiyyəti və siyasəti məhdudlaşdıran bir vasitədir. Mədəniyyət və qanun arakəsmə yaradır və insanın fəaliyyəti bu arakəsmə hüdudlarında baş verir – bütün hərəkətləri aşağıdan mədəniyyət, yuxarıdan isə qanunlar tənzimləyir. Bu sərhədlərdən hər birinin pozulması cəmiyyətin sanksiyasına gətirib çıxarır. Amma burada siyasi mədəniyyət anlayşının dərinliklərinə və incəliklərinə varmaq fikrim yoxdur. Bircə onu demək istəyirəm ki, müxtəlif siyasi sistemlərin müqayisəli təhlili həmişə maraqlı faktlar üzə çıxarır. Bunu elə bu günümüzdə də hiss etmək mümkündür. Bir dəfə Avropa dəyərlərilə bağlı yazı yazmışdım. O dəyərlərdən biri də məsuliyyət hesab olunur. Gürcü nazirin istefası bir daha bunları yadıma saldı. Gürcüstan bəzi parametrlərinə görə Avropaya bənzəməyə başlayır. Hə, dərhal deyə bilərsiniz ki, Gürcüstan Avropaya bənzəsəydi oralarda işgəncələr olmazdı. Razıyam. Amma qismən. Məsələ bundadır ki, belə hallara hətta ən demokratik ölkələrin praktikasında təsadüf edilir. Fərq bu cür faktlar aşkarlananda cəmiyyətin və siyasətçilərin buna münasibətindədir. Elə ölkələr var ki, bu haqda susurlar. Elələri də var ki, buna dözümsüz yanaşır və qətiyyətlə pisləyirlər. Bilirsiniz, siyasətçilər hər bir məsələyə cəmiyyətin reaksiyasını proqnozlaşdırmağa çalışırlar. Belə reaksiya ölkələrin fərqini üzə çıxarır. Bir detal heç vaxt yadımdan çıxmır. Bir neçə il bundan əvvəl bizim həbsxanalar haqda yazıya münasibət bildirərkən bir nəfər demişdi ki, həbsxanaları elə təsvir edirlər ki, adam yayda ailəsini götürüb ora dincəlməyə getmək istəyir! Həqiqətdə isə belədirmi? Əlbəttə ki, yox… Təbii, Gürcüstanda baş verən olayı oktyabrın 1-də olacaq parlament seçkisinin də ayağına yazmaq olar. Ola bilər. Lakin elə hakimiyyətlər var ki, nə seçki vaxtı, nə də bir başqa vaxt özlərində belə bir məsuliyyət və vəzifə hiss etmirlər. Adama elə gəlir ki, bu cür hakimiyyətlər istənilən situasiyada özlərinə bəraət qazandıra bilərlər. Elə praktikada məhz belə olur. Əvvəldə Avropanın siyasi dəyərləri haqda çox kiçik bir qeyd etdim. Siyasətdə cəza tək məsuliyyətə cəlb edilmək formasında olmur. Siyasətçi öz cəzasını bəzən istefa vermək formasında reallaşdırır. Hətta bəzən elə olur ki, siyasət adamı istefa verməklə də canını məsuliyyətdən qurtara bilmir.
Siyasi komanda hissi
Bəzən bizə elə gəlir ki, cinayətə meylli insanlar təkcə üçüncü ölkələrdə cəm olublar. Lakin belə deyil, bu cür insanlar hər yerdə var. Bəzən də düşünürük yalnız bizim bəxtimizə bu qədər pis siyasətçilər düşüb. Bu da doğru deyil. O ki qaldı, gürcüstanlı nazirin istefasına, burada mən həm də siyasi komanda hissi və məsuliyyəti görürəm. Bir daha qeyd etmək istəyirəm ki, belə faktın seçki ərəfəsində açıqlanması bütün hakim siyasi komandaya böyük zərbə ola bilərdi və M.Saakaşvilinin həmin adama bəraət qazandırmağa çalışması onun seçki blokunun elektortanın biri hissəsinin itirilməsi ilə nəticələnərdi.
Burada konkret siyasi maraqlar da var. Amma bunsuz mümkündürmü? Heç bir yerdə siyasətçilər tək idealist prinsiplərin diktəsi ilə hərəkət etmirlər, bir çox hallarda onlar bunu etməyə məcbur olurlar. Lakin elə ölkələr də var ki, orada siyasətçilər hətta öz maraqları naminə belə bunu etmirlər. Səbəbi də budur ki, onlar cəmiyyətin sanksiyasından azaddırlar. Bu ölkələrdəki siyasi komanda hissi daha çox cinayətkar aləmə xas çalarlar kəsb edir. Mafiya hər şeyi bağışlayır, təkcə özünə xəyanətdən savayı…

Siyasətçinin məsuliyyət ölçüsü
•