1969-dan özülü qoyulan faciələrimizin 1993-dən yeni, daha parlaq, daha kəskin fazası başladı. Şair demiş: “Davam edir 37, daha kəskin, daha ciddi”. Yalan, yaltaqlıq, ikiüzlülük, rüşvət, korrupsiya, oğurluq, soyğunçuluq yenidən ölkədə ən yüksək siyasi, yuridik status qazandı. Bu baxımdan ayrı-ayrı dövlət-hökumət, məhkəmə-hüquq subyektlərini qınamaq, cinayətkar saymaq çox da düzgün deyil. Başlıca qınaq – cinayət obyekti 1993-dən ölkədə qurulan antimilli, antidemokratik xarakterli siyasi sitemdir, heydərizm rejimidir. Belə bir siyasi sistem, belə bir rejim üçün hansısa “ümummilli məsələ” ola bilərmi?!
Bakının hər yerində 36 səhifəlik, boyalı qəzet – “NEW Baku Post” qəzeti pulsuz paylanır. Azərbaycanda ingilis dilini Azərbaycana, Azərbaycan dəyərlərinə yad bir ailənin monopoliyaya aldığı bəllidir. Bunlar Azərbaycanı ailəliklə ingilis dilində söküb-dağıdır, yeyib-batırırlar. Bunların ingilis “mədəniyəti” 19-cu yüzil Hindistanındakı ingilis işğalçılarının “mədəniyətindən” də qat-qat barbar xarakterlidir. Ermənilər Qarabağı erməni işğal zonasına çevirdikləri kimi, bunlar da Azərbaycanı heydərizm işğal zonasına çeviriblər. Buna görə başdan-başa darmadağın edilən ölkənin hər yerində gerçək tikinti-quruculuq adına yalnız bir ada bağlı Park-Muzey-Anıt ola bilər. M.Ə.Rəzulzadə başda olmaqla başqaları işğal qurbanlarıdır. Belə bir siyasi sistem, belə bir rejim üçün hansısa “ümummilli məsələ” ola bilərmi?!
Özünə ingilis dilində ad götürən qəzetin özü də istər dil, istərsə də ideya-xarakter baxımından işğalçı rejim buyruğuna uyğun çap ürünüdür. Işğalçı rejim tapdağında alışıb-yanan Azərbaycan bu boyalı qəzetdə yaz çağının çölləri kimi allı-güllü, gözəldən də gözəldir. Burada idmandan yazırlar (3-4 səhifə) – Azərbaycan adama Idmanıstan kimi görünür: bütünlüklə sağlam, güclü, hamıdan üstün. Burada səhiyyədən yazırlar – adama elə gəlir bizdəki sağlamlıq sistemindən dünyada yoxdur. Ancaq istər-istəməz düşünməli olursan: belədirsə, niyə görə ölkədəki yoxsullar sağlamlıq üçün Irana, rejimə bağlı kimsələrsə Israilə, Avropaya daşınırlar? BMT-dən yayılan bilgidə, Azərbaycan ana-uşaq ölümünə görə Afrikanın ən geridə qalmış ölkələri ilə yanaşı durur. Görünür, buna görə işğalçı rejim yetkililəri qadınlarını doğmaq üçün ölkədən uzaqlara aparırlar. Xalq? “Cəhənnəm olsun!”. Belə bir siyasi sistem, belə bir rejim üçün hansısa “ümummilli məsələ” ola bilərmi?!
Qəzet bizdəki təhsil sistemindən, məktəblərdən yazır. Aman Allah, demə, dünyada bizdəki təhsil sisteminə çatan təhsil sistemi, bizdəki məktəblərə çatan məktəb ola bilməzmiş. Ən çox da bunları “ekzklüziv” olaraq, Təhsilimizin təmir-tikinti naziri Misir Mərdanovun özündən öyrənirik. Demə, universitetlərə keçid balının 150-yə endirildiyi TƏHSIL SISTEMI dünyaya ÖRNƏK olacaq bir sistemdir. Pulsuz təhsillə bağlı MM Elm-təhsil komitəsinin sədri Iqtisad universitetinin rektoru Şəmsəddin Hacıyev danışdırılıb. “Olmaz” – deyir, – dövlətin buna pulu çatmaz”. Cennifer Lopes kimilərinə milyonlardan keçmək olar, təhsilə olmaz! Qəzet statistika göstəricilərindən çıxış edərək, ölkədə özünüöldürmə faktlarının geniş yayıldığını, ildən-ilə artdığını göstərir. Nədən də göstərilir: psixi, pataloji, genetik problemlər, təklik problemləri. Bütün bu problemlərin kökündə duran başlıca problem “unudulur”: rejimin ideologiyasına uyğun yürüdülən yaramaz sosial-ekonomik siyasət, bu siyasətin sonucu olaraq milləti yoxsulluğa-yolsuzluğa, yarınkı günə inamın itirilməsinə gətirib çıxaran dözülməz durum!
36 səhifəlik qəzetdə ölkəni quldarlıq qanunları ilə yönətmə yönündə bircə qınaq sözü yoxdur. Müxalifəti yamanlamağa gələndə, sözləri aşıb-daşır. Qəzetin adının altında yazırlar: “satılmırıq”. “Azadlıq” hər gün satılır! Satılırıq – ölkəni dəyişmək, ölkəyə özgürlük gətirmək üçün!

Satılmışların satılmazlığı
•