Aslan İsmayılov, vəkil
Nigar həbs olunan gündən onun günahının olub olmamasından asılı olmayaraq həmkarlarımı, o cümlədən Nigarın atası Tofiq bəyi maksimum bu işin siyasiləşməsinə yol verməməyə çağırırdım, çünki söhbət gənc qız uşağından gedirdi. Bu müddət ərzində cinayət işinə təsir edə biləcək çoxları ilə səmimi oldum və Nigarın həbs olunmasının hər baxımdan ədalətsiz olduğunu əsaslandırmağa çalışdım.
Səhər tezdən apellyasiya məhkəməsində işim olmasına baxmayaraq Abşeron rayon məhkəməsinə getdim. Məhkəmə binasının ətrafında toplanmış gəncləri gördükdə bir neçə dəfə artıq onlar kimi gənc polis nəfərlərinin qarşı-qarşıya durmasını və bir-birinə nifrət dolu baxışını, ən çox qorxduğum, cəmiyyətdə Quba hadisələrinin təkrarını, Azərbaycan boyda məkanda qarşıdurma mənzərəsini gözümün önündə canlandırdım.
Sonra məhkəmə prosesi və məhkəmələrdə dəfələrlə şahidi olduğum növbəti qanunsuzluq baş verdi. Qanunsuzluğun baş verəcəyi prosesdə prokurordan bu günədək ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş xanım sürücü barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə təcrübəsindən bir misal gətirməsini istədiyimdə onun verdiyi cavabdan bəlli oldu…
Hər bir qanunsuzluğa qarşı aqressiv münasibətimin şahidi olanlar yəqin ki, məni sakit, bir az da fikrə dalmış gördülər. Bu artıq haqsızlıqla yox, gələcək təlatümlərin olacağı ilə barışmaq hissi idi.
Bu isti havada pencəkdə olsam da yəqin üşüdüyümü hiss edən vəkil dostum Akif sürücüdən pəncərəni bağlamasını xahiş etdi. Maraqlıdır bu isti havada niyə üşüdüm və mənim üşüməyimin bu hadisəyə nə dəxli var, deyilmi? Birbaşa dəxli var, çünki əvvəllər bu olayları ağlımla hiss edirdim, indi isə fiziki olaraq, dərimlə hiss etdim.
Gec deyilkən hamımız, birinci növbədə hakimiyyətdə olanlar, bunu dərk etməliyik. Əks halda hamımız bu qanunsuzluqların bədəlini ödəyəcəyik. İctimaiyyətdə fəal, qorxmaz gənclərə qarşı haqsızlıq, qəddarlıqla onları qorxutmaq, gözlərini qırmaq heç vaxt fayda verməyəcək, əksinə onları daha da aqressiv edəcək. Mən bunu bu gün orada yığışan gənclərin gözlərində gördüm. Zatən hamımız görürük ki, qorxaq gənc mitinqə getmir və Irəliyə növbədədir. Əminəm ki, Nigar və onu dəstəkləyənlər torpağı azad etmək üçün olan çağırışa növbəyə, haqqim.az saytındakı “Соленый огурчик Джейхуна Оcманлы” məqaləsinin qəhrəmanlarının əksəriyyəti isə silahdaşları ilə xəstəxanalarda əlillik arayışı almaq növbəsinə duracaqlar. Tarix, o cümlədən Qarabağ müharibəsi göstərdi ki, istixana şəraitində böyüyənlər torpaq azad etmirlər, məhz polis dubinkasından qorxmayanlar vuruşur. Əgər biz Vətəni seviriksə, torpaqlarımızı qaytarmaq istəyiriksə niyə bu gənc nəsli də ələbaxan, yaltaq, ikiüzlü, qorxaq, oğru, satqın görmək istəyirik?! Axı tarix boyu sevdiyimiz gənci tərifləyəndə ona hökmən dəliqanlı demişik. Niyə hamısını “mama uşağı” etmək istəyirik?!
Müharibə demişkən, bu gün Nigarın atası Tofiq bəyi məhkəmənin qabağında qapqara gördüm. Azərbaycanda yaşayanların, o cümlədən mənim böyüdüyüm obadan olanların qarayanız olduğunu hər gün görsəm də bu sifət mənə təəccüblü gəldi. Və yenə qanla, dağıntı ilə bağlı 1992-ci müharibə illərində Ağstafa rayonunun nəzarətində olan, atışma ola-ola Ermənistan ərazisindən keçib getdiyim Köhnə Qışlaq kəndində gördüyüm düşmənlə üz-üzə duran döyüşçülər yadıma düşdü. Yəqin Tofiq bəy döyüşdüyü illəri yadına salırdı, yaxud o vaxtkı qədər qəzəbli idi. Ancaq düşmənlə üz-üzə durduqda bu cür ola bilərsən. Mən bundan qorxuram.
Mənim nə müxalifət, nə iqtidar olduğumu tanıyanlar bilirlər. Bu günkü məhkəmə prosesindən sonra birmənalı deyirəm: Nigarın həbsi fəal gəncləri qorxutmaq üçün ən yuxarılardan olan sifariş idi.
Bir daha təkrar edirəm gec deyilkən ayılın, reallıq hissini, dövlətçilik məsuliyyətini – u n u t m a y ı n!
P.S. Tam ciddi deyirəm, qorxdum, özüm üçün yox, ölümdən yox, Vətənim, balalarım üçün…
Yazı vəkilin facbook səhifəsindən götürülüb.