“İslamın məsumiyyəti”ndə rol almış aktrisa təxribatçı prodüsseri məhkəməyə verdi
Məhəmməd peyğəmbər təhqir olunduğuna görə bütün dünyada etiraza səbəb olan “Islamın məsumiyyəti” adlı filmdə rol almış aktrisalardan biri Sindi Li Qarsia təxribatçı layihənin sifarişçisi və prodüsseri Nakoula Basseley Nakouladan məhkəməyə şikayət edib. Aktrisa qalmaqallı filmin prodüsseri barədə saxtakarlıq və təhqir maddələrilə cinayət işi qaldırılmasını istəyib.
Qarsiyanın vəkili həmçinin müvəkkilinə qarşı ölüm təhdidləri gəldiyini də söyləyərək, məhkəmədən “Google” şirkətinin sahib olduğu “YouTube” saytından məlum filmin anonsunun yığışdırılması barədə qərar çıxarılmasını tələb edib. Təxribaçı filmin anonsu yayıldıqdan sonra aktrisanın özü ilə yanaşı, ailə üzvlərinin də həyatında təhlükə yarandığı bildirilir.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Mun da Məhəmməd peyğəmbərin təhqir olunduğu filmə etirazını bildirib. O, filmi “qalmaqallı və utancverici hal” kimi qiymətləndirib. BMT-nin baş katibi başqalarının inanc və dəyərlərinə toxunulmaması şərtilə ifadə azadlığının qorunmasının vacib olduğunu da vurğulayıb. Pan Gi Mun bəzilərinin ifadə azadlığından təhqir məqsədilə istifadə etdiyini də deyib.
Bu arada, Qətərdəki “Nur” adlı kinostudiya Məhəmməd peyğəmbərin həyatı barədə film çəkilişinə başlayacaq. Kinostudiyanın rəhbəri Əhməd Haşimi 450 milyon dollar büdcəsi olan filmin ssenarisinin artıq başa çatmaq üzrə olduğunu deyib. Film 3 hissədən ibarət olacaq. Bu barədə məlumat verən Haşiminin sözlərinə görə, 2009-cu ildən bəri ssenari üzərində iş aparılır. Əhməd Haşimi çəkiləcək filmin Islam dinini və peyğəmbəri təhqir edən “Islamın məsumiyyəti” filminə cavab xarakteri daşıyacağını qeyd edib.