Natiq Əliyev niyə mətbuatdan gileylənir?

Mirvari Qəhrəmanlı: “Azərbaycanın çiçəklənməsi ilə bağlı o qədər yalan deyiblər, artıq özləri də buna inanır”

Xədicə İsmayılova: “Natiq Əliyevin dedikləri Azərbaycan məmurunun məntiqinə uyğundu”

Bakıda keçirilən beynəlxalq “Neft, Qaz və Media” konfransında Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev xarici mətbuatdan gileylənib. Buna səbəb isə onların Azərbaycandakı korrupsiya və çirkli pulların yuyulmasından yazılar dərc etməsidir.
Ölkənin inkişaf etdiyini, çiçəkləndiyini deyən nazir hər kəsi düzə düz, əyriyə əyri deməyə çağırıb. Xarici mətbuatda Azərbaycandakı neqativ hallarla bağlı dərc edilən yazıları hər zaman hakimiyyət təmsilçiləri təpki ilə qarşılayıb. Rəsmilər problemləri aradan qaldırmaq əvəzinə bu barədə yazanları günahlandırmaq yolu tutub. Natiq Əliyevin səsləndirdiyi fikirlər də bu qəbildəndir. Nazir digər neft ölkələrinin deyil, məhz Azərbaycanın tənqidlərlə üzləşdiyindən nəticə çıxarmaq əvəzinə mətbuat təmsilçilərini baş verənlərə fərqli yanaşmağa çağırır. Bu nə məntiqdir?

Xarici mediada yazılanların tamamilə həqiqəti əks etdirdiyini deyən Neftçilərinin Hüquqlarını Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı Azərbaycanda neft sənayesinin ağır vəziyyətdə olmasının səbəbkarlarından birinin məhz yanacaq və energetika nazirliyinin olduğunu deyir.
M.Qəhrəmanlının sözlərinə görə, ağır şəraitdə, böyük zəhmət hesabına çıxarılan neftdən yalnız korrupsioner məmurlar faydalanır. Onlar Azərbaycanın çiçəklənməsi ilə bağlı o qədər yalan deyiblər, artıq özləri də bunu real hesab edir. Çünki bir insan bir yalanı çoxlu deyəndə, özü də o yalana inanmağa başlayır.
Hüquq müdafiəçisi ölkədə faktiki iki büdcənin əmələ gəldiyini və orada toplanan pulların yararsız layihələrə sərf olunduğunu deyir: “Çirkli pulların yuyulması ilə məşğuldurlar. Insanların mülkiyyət hüquqlarını pozurlar. Bilinmir o binalar kimlərdən ötrü tikilib. Bunlar çiçəklənmə deyəndə böyük mərkəzlərin tikintisini nəzərdə tutur. Insanlar bu inkişafı öz güzəranında hiss etmir. Ancaq Natiq Əliyev bunu hiss edir. Çünki neftdən gələn gəlirlərdən faydalanır. Ölkənin çiçəklənməsini on faiz görür. O da neftxudaları”.

Tədbirə dəvət edilən, lakin sonradan dəvəti geri çağırılan “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılova Natiq Əliyevin dediklərinin Azərbaycan məmurunun məntiqinə uyğun olduğunu deyir: “Çünki gizlətməyə qara işləri var, ona görə də istəyirlər ki, onların qara işlərindən yazmasınlar. Onlardan başqa heç nə gözləmək lazım deyil”.

Fizzə