İP Koordinasiya Şurası partiyaların qərarını dəstəklədi

Ictimai Palatanın Koordinasiya Şurasının növbəti iclası olub. Iclasa sədrlik edən Koordinasiya Şurasının üzvü Pənah Hüseynin verdiyi məlumata görə, toplantıda Müsavat Partiyası Məclisinin üzvü, Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunu hüquqlarını müdafiə komitəsinin yaradılması ilə bağlı qərar qəbul edilib.
Müdafiə Komitəsi yaxın günlərdə təsis olunacaq. Bu barədə mətbuata məlumat veriləcək.
Koordinasiya Şurası YAP-ın qərargahında 14 sentyabrda siyasi partiyaların keçirdiyi görüşdə siyasi partiyaların imzaladığı Birgə Müraciəti haqqında bəyanat qəbul edib. Iki bənddən ibarət bəyanatda Ictimai Palatanın Koordinasiya Şurası Avropa Parlamentinin “Azərbaycan haqqında qətnamə. Ramil Səfərov məsələsi” adlı sənəddə Ramil Səfərovla bağlı müddəaların qeyri-obyektiv olması və ikili standartlar xarakteri daşıması haqqında siyasi partiyaların mövqeyi ilə həmrəy olduğunu ifadə edir.
Eyni zamanda Ictimai Palatanın Koordinasiya Şurası Avropa Parlamentinin müvafiq qətnaməsi ilə əlaqədar Azərbaycan siyasi partiyalarının birgə müraciətini imzalamış Ictimai Palatanın üzvləri olan siyasi partiya liderlərinin bu addımını təqdir edir.
Pənah Hüseyn bildirib ki, bu bəyanat Koordinasiya Şurasında uzun müzakirələrdən sonra səs çoxluğu ilə qəbul olunub.