Rus desantçılar Ermənistana Azərbaycandan keçib?

Rəsmilər susmağa üstünlük verir

Üzeyir Cəfərov: “Azərbaycan ordusu da müxtəlif təlimlərdə iştirak edərkən başqa ölkənin ərazilərindən keçir”

Rusiya ordusunun sentyabrın 17-də başlayan, Azərbaycan və Gürcüstanla sərhəd bölgələri də əhatə edən “Qafqaz-2012″ təlimlərinin maraqlı məqamları ortaya çıxıb. ”Yeni Müsavat” qəzetinin “Nezavisimaya qazeta”ya istinadən dərc etdiyi məqaləyə görə, Rusiya Müdafiə Nazirliyi inkar etməyə çalışsa da, əslində bu manevrlər Ermənistanda sentyabrın 15-də başlayan KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) təlimləri ilə eyni mərkəzdən idarə olunur və eyni planın tərkib hissəsidir. Üstəlik, bildirilir ki, sentyabrın 14-də Moskvaətrafı vilayətdə KTMT çərçivəsində keçirilən narkotiklərə qarşı təlimləri də bu manevrlərlə uzlaşdırılıb.
Baş verənlərdə diqqəti çəkən daha bir məqam isə ondan ibarətdir ki, Rusiyanın tam təchizatla bir batalyon desantı Ermənistanda təlimlərdə iştirak edib. Bu desantın hansı yolla düşmən ölkəyə daşındığı məlum deyil. Bu yalnız Gürcüstan, Türkiyə və Azərbaycan vasitəsilə ola bilər.
Müvafiq orqanlardan bu barədə bir informasiya ala bilmədik.

Hərbçi ekspert Üzeyir Cəfərov isə vurğuladı ki, batalyonun Ermənistan ərazisinə Azərbaycan vasitəsilə keçmək ehtimalı var. Amma bu tip tədbirlərdə tərəflər arasında bu kimi addımların razılaşdırıldığını deyən Ü.Cəfərov bildirdi ki, hətta Azərbaycanın buna müsbət cavab verməsi də başadüşülən olmalıdır. Çünki Azərbaycan ordusu da müxtəlif təlimlərdə iştirak edərkən başqa ölkənin ərazilərindən keçmiş olur ki, bu zaman da əsgərlərimizə belə imkan yaradılır.
Amma budəfəki tədbirlərin həqiqətən diqqətəlayiq olduğunu deyən Ü.Cəfərov vurğuladı ki, miqyasına görə budəfəki hərbi təlim Rusiyanın müasir tarixində ən irimiqyaslıdır. Belə ki, bu təlimlərdə 8000-ə yaxın hərbçi, 200 döyüş maşını, artilleriya qurğuları, Qara və Xəzər Dənizləri flotiliyaları iştirak edir. Eyni zamanda Rusiya baş qərargah rəisi Makarovun təlimlərə rəhbərlik etməsi və Putinin görülən işlər barədə məlumatlandırılması bir daha onun önəmini sübut edir: “Bu təlimlərə müxtəlif yanaşmalar var. Amma düşünmürəm ki, bu təlimlərlə Rusiya Azərbaycan və Gürcüstana mesaj ünvanlayır. Sadəcə olaraq bu təlimlərdə Xəzər və Qara Dəniz donanmalarının cəlb olunması bir sıra narahatlıq yaratsa da, Kreml 2008-ci ildəki addımlarını təkrarlamayacaq. Gürcüstan tam NATO-nun dəstəyi altındadır”.
Ü.Cəfərov vurğuladı ki, bu təlimlər Azərbaycana qarşı yönəlməyib, onun keçirilməsi xeyli müddət əvvəl elan olunmuşdu. Çünki belə miqyaslı təlimlər qısa müddətə planlaşdırıla və keçirilə bilməz. Ü.Cəfərov onu da vurğuladı ki, oxşar irimiqyaslı təlimləri Azərbaycan da vaxtaşırı keçirir. Bu təlimlər Rusiya ilə müqayisə olunmasa da, hazırkı təlimlərdə Ermənistanın iştirakı olduqca cüzidir: “Ermənistan bu təlimlərdə 2000 hərbçi ilə iştirak edir. Amma Azərbaycanın keçirdiyi təlimlərdə bir neçə motoatıcı hissə iştirak edəndə bu rəqəm bir neçə dəfə üstələnir”.

Xəyal