Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim. Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Xəstəxanaya çatanda bir zabit mənə pıçıldadı: “Yoxlamaya ikinci gir, burada qarışıqlıq başlamamış səni içəri ötürüm”.
Belə başa düşdüm ki, bu, hörmət əlamətidir. Elə də oldu. Birinci adam yoxlamadan keçəndən sonra həmin zabit məni çağırdı. Ciddi bir yoxlama olmadı. Oradan keçən kimi əlində başqırxan maşın tutmuş “kozyol” peyda oldu: “Saçını qırxdıracaqsan?”
Bu lənət yenə haradan çıxdı? “Yox”, – dedim.
Dəlləklə söhbətimi eşidən yekəpər bir kapitan dirəndi: “Yox! Başını qırxdırmasan, içəri keçə bilməyəcəksən”.
Bəbəklərim havanı bütün mümkün səmtlər üzrə süzüb məni yoxlamadan keçirən zabiti axtardı, amma tapa bilməyincə qətiyyətlə dedim:
– O zaman, mən də qırxdırmayacam və içəri keçməyəcəm!
Yekəpər kapitanın sir-sifəti əyildi. Qəzəblənmək istədiyi, amma qəzəblənə bilmədiyi aydın görünürdü. Dəqiq bildim ki, bu adam məni tanımır. Amma nəyə görə bu qədər dirəndiyini də başa düşmədim. Axı, burda adamlar sağdan-soldan keçir, 2-3 manat verməklə bu saç söhbətinin ortalığa düşməsinə imkan vermirlər. Dəlləyin “yox”unu onun gözünə soxanda da əlavə etmişdim ki, saç pulunu ödəməyə hazıram. Bu dəllək tülkü, deyəsən, məni tanımışdı, pula yaxın durmamaq barədə yekəpər kapitana işarə etmişdi. Yekəpər kapitan rejim rəisini çağırmağa getdi. Mənimlə gələn dustaqların, demək olar ki, hamısı ya saç pulunu ödəyib, ya da saçını kəsdirib sağımdan-solumdan şütüyürdülər. Mən isə çantalarımı yerə tullayıb dəmiryol vağzalında gecikən qatarı gözləyirmiş kimi, dilxor-dilxor var-gəl edirdim. Nəhayət, rejim rəisi gəldi. Suyuşirin adama oxşayırdı. Amma sifətinə iradəsinin imkan verdiyi qədər zəhrimar qatmağa çalışırdı. O, mənə izah etməyə çalışdı ki, qanuna görə, dustaq bura daxil olanda saçı qırxılmalıdır. Mən də ona izah etdim ki, bu təlimatlardan xəbərim var, dustağın başında nə qədər saçın ola biləcəyini də yaxşı bilirəm: “Baxın, mən saçımı dibindən qırxdırıb da oraya keçə bilərəm. Amma orada sizin bu təlimatlarınızın və qanunlarınızın necə işlədiyi barədə sizdən hesabat istəyə bilərəm. Gəlin, bəri başdan bir-birimizin əhvalına soğan doğramayaq və insan kimi anlaşaq”.
Sözlərim təsir etdi. Amma bu, təkcə söz məsələsi də deyildi. Rejim rəisi məni içəriyə doğru müşayiət eləyəndə, “Mən sizi tanıyıram”, – dedi.
“Deyəsən, ona görə də mənim saçımı yox, hətta başımı da kəsmək düşüncəsinə qədər israrlısınız”, – deyə ironiya ilə cavab verdim.
O da and-aman elədi ki, mənimlə heç bir qərəzi-filanı yoxdur: “Kapitan gəlib dedi ki, orada bir dustaq saçını qırxdırmaq istəmir, bir az da şübhəli tipə oxşayır: saqqal, eynək! Bilirsiz, həbsxanalarda bu görkəmli adamlar çox az olurlar. O sizi ”burjuy” zənn edib və məni çağırıb ki, birdən nəsə anlaşılmazlıq olar…”
Rejim rəisi ilə (adı Çingiz idi) danışa-danışa xəstəxana həyətinin içərilərinə varid olurduq. Burası doğrudan da möhtəşəm yer idi. Bağ-bağat, səliqə-səhman, sakitlik… Çingiz məni bir neçə dustağın və onların iri çantalarının qalaqlandığı döngədə “düşürüb” getdi: “Burada sizi Əməliyyat rəisi qəbul edəcək”.
Xəstəxana ölkə dustaqlarının ən ilginc bir ünvanıdır. Ta qədim zamanlardan burası cinayətkar aləmin haqq-hesab yeri, görüş ünvanı, ən mübahisəli çəkişmələrin aparıldığı məkandır. Adamlar ən müxtəlif “zon”lardan öz talelərini həll etmək üçün buraya – qanuni oğruların çağırışına gəlib; gəlmədinsə, həyatın məhv ola bilər. Ən müxtəlif “zon”larda cinayət aləminin məntiq və qaydaları ilə səsləşməyən davranışlar, insanlar haqqında məlumatlar həbsxana poçtu ilə burada mərkəzləşib və bu informasiyalar dəyərləndirilərək aid olduqları ünvanlara qaytarılıb. Ona görə də buranın adı “xəstəxana” kimi yox, “sentral” kimi məşhurdur. Belə bir strateji yerə Ilqar kimi zahiri görünüşündən heç bir xüsusi əlamət sezilməyən birisinin Əməliyyat şöbəsinin rəisi təyin edilməsi çox anlaşılmaz görünür. Onun hansısa işə yarayacağı qətiyyən hiss olunmur. Hərçənd, mənim qonşu kəndçimdir, kalvalıdır və onun hansı şəkildə olmasının mənə o qədər də isti-soyuğu olmamalıdır. Elə burada – qəbuldakı birinci söhbətimizdə dedi: “Hə, sənin qurdtəpəli olduğunu bilmirdim, lap kəndçiyik ki”, – dedi.
Sonra da balaca bir xatirə qırığı əlavə etdi: “Bütün uşaqlıq dövrümü belə xatırlayıram ki, axşamlar Qurdtəpə tərəfə baxardıq və o kəndin işıqlarını sayardıq, bu, bizə maraqlı gələrdi”.
Ilqar Kalvada hansı nəsildən olduğunu da dedi: “Dəli Səlimin nəvəsiyəm”.
“Mənim də atamın adı Səlimdir, amma ”dəli” ləqəbi olmayıb, “Bığ Səlim” deyiblər, – dedim. – Amma hər halda sənin babanla mənim atam adaşdılarsa, biri Kalvadan, o birisi isə Qurdtəpədəndirsə, deməli, bizi nəsə bağlayır” – kimi zarafat da elədim.
Ilqar rəis kimi zərrə qədər də təəssürat yaratmırdı. Amma xəstəxanada keçirdiyim birinci gün dustaqlar mənə izah etdilər ki, bu, yanlış təəssüratdır: “O bir canavardır! Gözündən heç nə yayınmır. Onun sadə görkəminə baxma. Birincisi, o, qara kəmər almış karateçidir, 20 nəfəri bir-birinə qatıb şil-küt edəcək qədər texnikası var. Ikincisi də əməlli başlı ”çekist”dir. Onunla hamı ehtiyatlı davranır. Çalış, Ilqarla konfliktin olmasın”.
Açığı, bunun üçün xüsusi çalışmağa ehtiyacım yoxdur. Həbsxanada olduğum iki il ərzində kəsinliklə müəyyən etmişdim ki, mənim xarakterim və ifadə olunmaq texnikam dünyanın heç bir həbsxanasında problemlər üçün səbəb istehsal etməyəcək qədər sərrast və birmənalıdır. Üstəlik də Ilqarla. Qurdtəpəyə bu qədər yaxın kənddə doğulan bir adamla mənim niyə problemim olmalıdır ki?!
Əməliyyat tanışlığından çıxıb həyətə düşən kimi Mürsəl Əhmədov öz personası ilə peyda oldu. Mürsəl Əhmədov indi burada rəis idi. Bayıl dağılmışdı, yerində dünyanın ən hündür bayraq qülləsini tikirdilər. (Insafən, oradakı türmə də dünyanın ən əsrarəngiz türmələrindən biri sayılırdı). Mürsəl müəllim də bayraq qülləsini qorumalı deyildi ki… Onun işi dustaqlara baxmaq idi, ona görə də Bayıl sökülməyə başlayanda gətirib buranın rəisi qoymuşdular. O, məni görən kimi sifəti açıldı. Bərkdən gülə-gülə yaxınlaşdı, görüşdü:
– Gəldin? Hansı korpusa istəyirsən?
Dərhal da mənim cavabımı gözləmədən əlini əmrə müntəzir dayanmış serjantlardan birinin səmtinə tutdu: “Müəllimi ”xirurq”a apar”.
Serjant cəld qabağıma düşüb məni cərrahiyyə korpusuna gətirdi…
ardı var