Xaçmazın icra başçısı mərkəzdəki obyektləri sökdürür

Şəmsəddin Xanbabayev rayon icra hakimiyyətinin yeni binasının yaxınlığında olan iaşə obyektlərini buldozerin qabağına verir

Xaçmazın mərkəzi xarabalığa bənzəyir. Belə ki, Hacı Zeynalabdin Tağıyev küçəsində icra hakimiyyəti üçün tikilən yeni binanın yaxınlığında olan bütün obyektlərin sökülməsinə əmr verilib. Bu barədə “Azadlıq”a məlumat verən rayon sakinləri deyir ki, icra başçısı Şəmsəddin Xanbabayev sözügedən ünvandakı bütün obyektlərin iki və daha artıq mərtəbəli tikilməsi barədə göstəriş verib.
Bu tapşırığa məhəl qoymayanlar isə obyektləriylə vidalaşıblar: “Onlarla tikili artıq sökülüb. Imkanı olan sahibkarlar icra hakimiyyətinin binası yanında özlərinə obyekt tikirlər, olmayanların isə əlləri hər şeydən üzülür”.
Rayon sakinləri deyir ki, sökülən obyektin sahiblərinə heç bir kompensasiya verilmir: “Sahibkarlara heç bir manat da kompensasiya verilmir. Hamısı işləri öz hesablarına görür”.
Sahibkarlara onu da bildiriblər ki, imkanı, yəni iki-üç mərtəbəli obyekt tikməyə pulu olmayanlara şəhərin kənarında yer veriləcək.
Bu cür qərarın verilməsini obyekti sökülən sahibkar “Azadlıq”a belə şərh edib: “Burada Şəmsəddin Xanbabayevin marağı ondan ibarətdir ki, icra hakimiyyətinin yanında yaraşıqlı obyektlər olsun. Xırda, gözəl görünüşü olmayan obyektlər icra başçısının xoşuna gəlmir. Biz demirik ki, gözəl görünüşlü obyekt istəmirik. Deyirik ki, bu obyekti tikmək üçün sökülən dükanlara görə sahiblərinə kompensasiya verilsin”.
Məlumatlara görə, Xaçmazın mərkəzində yerləşən “Heyvanat park”ın yaxınlığında olan bütün kafe və çayxanalar da sökülür.

Ramin DEKO