Moskva aeroportunda dəhşətli terror

«Domodedovo» hava limanı tüstü və qana boyandı

Yüzə yaxın insanın öldüyü, yüzlərlə yaralının olduğu bildirilir

 

Dünən Bakı vaxtı ilə saat 17:30-da Moskvanın “Domodedovo” hava limanının beynəlxalq uçuş terminalında terror aktı həyata keçirilib. “Interfaks”ın yaydığı ilkin məlumatlarda partlayış nəticəsində 31 nəfərin öldüyü, yüzdən artıq  insanın yaralandığı bildirilirdi.

Terror aktını terrorçu-kamikadze törədib. Şahidlərin sözlərinə görə, partlayış baqajların təhvil verilmə zonasında baş verib. Partlayışın gücü ən azı, 7 kiloqram trotilə bərabər olub.

Rəsmi məlumatlarda hadisə nəticəsində ölənlərin sayının az olduğu vurğulansa da, hadisə şahidlərinin verdiyi məlumatlara görə, partlayışda ən azı, 70 nəfər həlak olub, yüzdən artıq yaralı var.

Moskva aeroportundakı terror aktını Şimali Qafqazdakı qanunsuz silahlı birləşmələrin üzvlərinin həyata keçirdiyi istisna olunmur. Bu barədə “Interfaks” agentliyinə hüquq-mühafizə orqanındakı mənbə bildirib. Mənbənin sözlərinə görə, “Domodedovo”dakı partlayışı törədən terrorçu-kamikadze Şimali Qafqaz regionunda yaşayan xalqların nümayəndəsinə bənzəyir. O, hava limanına gələnləri qarşılayanlar arasında olub. Partlayıcı qurğu terrorçunun bədəninə quraşdırılıb. Onun içi metal əşyalarla dolu olub.

Rusiya prezidenti Dmitri Medvedev hadisədən dərhal sonra Kremldə keçirilən iclas zamanı ölkənin bütün hava limanlarında və nəqliyyat qovşaqlarında xüsusi təhlükəsizlik rejimi tətbiq edilməsi haqda göstəriş verib.

Eyni zamanda, Federal Təhlükəsizlik Xidmətinin sözügedən terrorçu barəsində informasiyasının olduğuna dair xəbərlər yayıb. Məlumata görə, terrorçunu “Domodedovo” hava limanında deyil, Zelenoqradda axtarırlarmış.

İnformasiya şöbəsi