Bismarkın əclafları və YAP-ın bağçası

Hakimiyyətin Ramil Səfərov məsələsində, müxalifətlə ortaq məxrəcə gəlməsindən xeyli zaman keçsə də, bu siyasi hadisənin ətrafında yaranmış ajiotaj səngimək bilmir. Bu, təsadüfi deyil, çünki bu günə qədər rejim yorulmadan, iqtidaryönlü, təkmandatlı, loru dildə desək, “kitayski” partiyaları ictimaiyyətə və beynəlxalq aləmə təqdim edərək bəyan edirdi ki, ölkədə normal iqtidar-müxalifət münasibətləri mövcuddur və onlar hətta parlamentdə də təmsil olunurlar…
Ölkənin iki aparıcı böyük partiyası olan AXCP və Müsavatı isə destruktiv, radikal qüvvə adlandıraraq özlərini inandırmağa çalışırdılar ki, parlamentdə iki deputatla təmsil olunan Ana Vətən daha konstruktiv və… daha çox elektoratı (?) olan müxalifət partiyasıdır. Rejim bir sözlə, polis rejiminin bütün üstünlüklərindən istifadə edilərək “qarşıqadan fil düzəltməklə” məşğul idi. Hər şey gözəl gedirdi, Ramil Səfərov məsələsinə qədər…
Azərbaycan Ordusunun baş leytenantı Ramil Səfərov həbs edildiyi gündən, iqtidardan fərqli olaraq, müxalifət ona verilən amansız cəzaya əsaslandırılmış şəkildə, dünya praktikasında oxşar cinayətlərə görə verilən ən ədalətsiz cəzanı pisləməklə yanaşı, ölkə rəhbərliyini bu məsələyə biganəlikdə günahlandırırdı. Ramil Səfərov məsələsi müxalifətin ən böyük tribunası olan “Azadlıq” qəzetinin daim diqqətdə saxladığı məsələlərdən idi. Ötən yeddi il ərzində iqtidaryönlü mətbuatda nəinki bu məsələ ilə bağlı susdular, hətta səhifələrində nazirlər və iqtidara yaxın politoloqlar səviyyəsində onun haqqında böhtan və erməni mövqeyi ilə haradasa uzlaşan hədyanlara yer verməkdən belə çəkinmədilər.
ANS kanalının Budapeşt məhkəməsindən süjetinə görə baş verənləri açıqlamağı isə, telekanalın vicdanlı şəxslərinin ixtiyarına buraxıram. Ötən yeddi ildə iqtidara yaxın mətbuat Ramil Səfərovu müdafiə xarakterli bircə yazı da ortaya qoya bilmədi. Iki gün əvvəl Milli Məclisin təhlükəsizlik komitəsinin üzvü, Zahid Orucun AZNEWS saytına verdiyi müsahibəni oxudum, təsəvvür edirsinizmi o, Ramil Səfərovun hansı rayonda anadan olduğunu belə bilmir, amma danışır, çünki rejim hazırda bu mövzuya “yaşıl işıq ” yandırıb…
Bəli, “iqtidar Ramil Səfərovla gündəm dəyişdirdi” deyənlərlə razılaşmaq olar, çünki rejim bütün korrupsiya və vətəndaşlarına etdiyi zülmü məhz Ramil faktoru ilə ört-basdır etməyə çalışır. Yəni beynəlxalq aləm guya hər şeydən razıdır, təkcə baş leytenantın azad edilməsini həzm edə bilmir. Bu, yenə daxilə hesablanmış bir blefdir, çünki Avropa və dünyanın erməni millətçilərinin Xocalıda törətdiklərindən az-çox məlumatı var və Ramil Səfərovun da hansı vəziyyətdə bu qətli törətdiyini anlayırlar. Düşünürəm ki, çox qısa zamanda bu olay unudulacaq və ehtiraslar sönəcək. Keçək iqtidar-müxalifət “münasibət”lərinə…
Bütün Azərbaycan ictimaiyyəti qəti surətdə əmin oldu ki, rejimin özünümüdafiəsi yalnız və yalnız daxilə hesablanmış bir gedişdir və xaricdən əsən “sərin bir meh” hakimiyyətin şəcərə ağacını necə titrətdi. Və rejim bir gün ərzində… gerçək müxalifəti “tanımağa” məcbur oldu.
Bəli, Ictimai Palata təmsilçiləri YAP-ın qərargahına, daha dəqiq, Ədliyyə Nazirliyinin keçmiş binasına təşrif buyurdu və Ramil Səfərov məsələsində yeddi ildir dəyişməz olan mövqeyini bir daha ortaya qoydu. Düşünürəm ki, hakim partiya qısa müddətdən sonra Ictimai Palataya olan əvvəlki münasibətinə qayıdacaq, yenə də “konstruktiv müxalifət”in parlamentdə olduğunu bəyan edəcək. Bir az səbr edirlər, kiçik partiyaları qabağa verərək, ictimai rəyi ehtiyatla izləməklə məşğuldurlar. Ilk olaraq, əlbəttə, Ana Vətən partiyası qabağa verildi. Partiyanın sədr müavini(!) Zahid Oruc yuxarıda bəhs etdiyimiz müsahibəsində Ictimai Palata haqqında “…bunun profili bəlli deyil, kifayət qədər qarışıq qüvvələrdən ibarətdir. Ölkənin siyasi-ictimai-iqtisadi həyatını çox kiçik səviyyədə əhatə edə bilirlər” deməklə, bütünlükdə “cib müxalifəti”nin qısqanclığını gizlədə bilmədi. Burada 2015-in təlaşı hiss olunur, IP və YAP-ın sadəcə bir məsələdə “həmrəyliyi” görün nə qədər yuxuları qaçırıb. Buradan, həmin zavallılara “narahat olmayın, işinizdə olun, biz rejimi kökündən dəyişməkdə qərarlıyıq” deməklə, onları sakitləşdirmək yerinə düşərdi…
Ən gözlənilməz, bəlkə də gözlənilən reaksiya isə satellit partiyalar və real müxalifət arasında tərəddüd edənlərdən gəldi. Mən onların şəbəkələrdə yaydıqları videosöhbətin bu məsələ ilə bağlı hissəsini əks etdirən kadrları seyr etdim və məlum oldu ki, məsələ Ictimai Palatalıq deyil, onlar dəvət edilmədiklərinə görə YAP-dan inciyiblər…
…”Inqilabı dahilər fikirləşir, fanatiklər həyata keçirir, bəhrəsini isə əclaflar görür”. Sonuncuların nəzərinə…
Bu, XIX əsrin dahiyanə kəlamı olsa da, “təəssüflə” deməliyik ki, köhnəlib, çünki yaşadığımız XXI əsr informasiya və texnologiyalar əsridir, xalq ağı qaradan seçir…