Elə ay yoxdur ki, Bakıda adına “beynəlxalq tədbir” deyilən iclas, forum keçirilməsin.
Artıq şükürlər olsun, əyalətlərdə də belə hadisələr baş verir. Sonuncusu Qəbələdə oldu. ATƏT-in səfirləri ilə qibleyi-aləm orda görüşdü. Adam avam ola, bu hadisələrə baxa həzz ala, qürurla, iftixarla sinəsi enib qalxa. Amma olmur ki…
Mən hər dəfə belə tədbirləri görəndə, özümə sual verirəm: bizim ölkə nə üçün beynəlxalq tədbirlərə yarayır, amma milli xarakterli tədbirlərə yox? Məsələn, bu ölkəni yenidən quran, onu istiqlala qovuşduran partiyaların – AXCP-nin, Müsavatın belə imkanı, şansı yoxdur. Nəyə görə bu ölkənin varlığı üçün canını əsirgəməyən təşkilatlara bir yüngül konfrans keçirmək üçün icazə verilmir, imkan yaradılmır?
Qonaqpərvərlik yaxşı keyfiyyətdir. Ancaq öz evindəkilərlə qəddar davranıb, onları min bir məhrumiyyətə düçar etdiyin halda, yoldan keçəni evinə çağırıb ziyafət verəcəksənsə, bunun adı səxavətlilik deyil, heç qonaqsevərlik də deyil.
Ona görə də mən Azərbaycanda keçirilən ən müxtəlif adlı beynəlxalq tədbirlərə Bilal Əliyevin konserti kimi yanaşıram. Bilalın konsertindən cəmiyyət olaraq nə bəhrə götürürüksə, “beynəlxalqlardan” da onu alacağıq.
Saxta qələbələrdən rövnəqlənənlər
Yeri gəlmişkən, Qəbələ səfərində əlahəzrət Ilham Əliyevi güllə atarkən gördüm. 2 il atəş hazırlığı keçən şəxs kimi şəhadət gətirirəm ki, onun silah tutması texniki baxımdan düzgün deyildi. Silah qələm deyil, onu əldə saxlamağın, sinəyə sıxmağın qayda-qanunu var. Buna əməl olunmamış, bu heç. Siz də gördünüzsə, silahı düz tutmasa da, Ilham müəllim hədəfi vurdu və ətrafdakılar onu alqışladılar. Beləliklə, Azərbaycan xalqına növbəti dəfə əlahəzrətin yeni bir keyfiyyəti təqdim olundu: quşu gözündən vuran! Sizcə, o, hədəfi həqiqətən vurdumu?
Dostlar, yaddaşınızı qurdalayın, Ilham Əliyev hər il Novruz bayramında da Keçəl-Kosa ilə yumurta döyüşdürəndə udur. Bu qədər “uğur” heç cür, əsla mümkün deyil. Avtoritar liderlər həmişə saxta qələbələr, uğurlar aşiqi olurlar. Yalançı qələbə və uğurlarla onlar kütlənin başını piyləyə bilirlər.
“Ilham Əliyev bunca balaca saxtakarlığa getməz” deyirsiniz, eləmi?
Ilham Əliyev Heydər Əliyevin oğlu və siyasi varisidir. Indi isə diqqət! Hafiz Paşayev də Mehriban Əliyevanın əmisi və uzun müddət ABŞ-da Azərbaycanın səfiri olmuş şəxsdir. Mənə yox, onun yazdığına inanın və son qərarı özünüz verin. O, “Bir səfirin manifesti” sənədli əsərində Heydər Əliyevlə Bill Klintonun görüşünü təsvir edir (səh 158). Paşayev yazır: Heydər Əliyev Klintona deyir ki, Moskvaya səfərə gələn Finlandiya prezidentini istirahət üçün Bakıya, onun yanına yollayırlar. Əliyev prezidentin həvəskar balıqçı olduğunu öyrənir, onu Xəzərə balıq ovuna çıxarır: “Əliyevin göstərişinə əsasən, dalğıclar suyun altında geniş sahəni torla əhatəyə alırlar. Torun içi iri nərə balıqları ilə doldurulur. Gəmi həmin yerə gəlib lövbər salır. Qonaq qarmağı yığıb dənizə atır. Üstündən bir dəqiqə keçməmiş halqa dartınmağa başlayır. Prezident güc verib iri bir nərə balığını sudan çıxarır. Sevincini gizlədə bilməyən qonaq dərhal qarmağı bir də suya atır, yarım dəqiqədən sonra daha bir nərəni tutub çıxarır. Cuşa gələn qonaq dayanmadan ovunu davam etdirir, hər dəfə sudan daha iri bir balıq çıxarır. Prezidentin ağlına belə gəlmir ki, suyun altında balıqları dəqiqəbaşı halqaya keçirən vadalazlardır. Qonaq Bakıdakı istirahətindən çox razı qayıdır”.
Di, söz sizdə…

İlham Əliyev və Bilal Əliyev
•