“Azadlıq”a dayaq ol – Azadlığa qovuşmaq üçün

Bu gün Azərbaycanda ən çox iki oxunan qəzet varsa, biri “Azadlıq”dır. “Azadlıq” nədən oxunur? Öncə bu suala bir cavab axtaraq. Hər kəsə bəllidir ki, YAP iqtidarının atalıq qayğısı göstərdiyi telekanallar və qəzetlər eynən ötən əsrin 70-ci illərində olduğu kimi “bəy tərifi” deməklə məşğuldur. Oxucu, tamaşaçı tayfa qəzetlərindən və telekanallarından istədiyi informasiyanı ala bilmir. Ideoloji-təbliğat maşını yalnız və yalnız rejimin qulluğunda dayandığından, cəmiyyətin passionar təbəqəsi eşitdiklərini və oxuduqlarını gördüyü reallıqla müqayisə edəndə şaşırır. Və şüurlu surətdə alternativ aramağa başlayır. O təbəqə faktı təhrif etmədən, obyektivliyi və reallığı əsas götürən düşüncə məhsullarını axtarır və “Azadlıq” qəzetini oxuyanda rahat olur, təskinlik tapır.
“Azadlıq” hər zaman haqqı yazır desəm, qeyri-obyektiv olar. Bəzən obyektiv və subyektiv səbəblərdən qeyri-dəqiq informasiya da qəzet səhifəsinə çıxır. Bütün saylarında cəmiyyətə yalan informasiya ötürən iqtidar qəzetləri ilə müqayisədə “Azadlıq” o xətalara görə ittiham yox, ən uzağı tənqid oluna bilər.
Çox ağır şərtlər altında fəaliyyət göstərən qəzetin kollektivi bütün çətinliklərə baxmayaraq, cəmiyyəti Azərbaycanda cərəyan edən proseslər barədə zamanında məlumatlandırmağa səy göstərir, haqqı tapdananın harayına çatır, korrupsioner və rüşvətxor bir rejimin gerçək mahiyyətinə güzgü tutur. Və elə bu səbəbdən də YAP iqtidarı “Azadlıq” qəzetinə qarşı anormal münasibət sərgiləyir. Hakimiyyətin qəzetə qarşı yanaşmasından agah olan böyük vəzifə sahibləri qəzeti məhkəmələrə çəkir, cərimələdir, hər türlü basqılara əl atırlar ki, fəaliyyət qəlizləşsin.
Kəsəsi, rejim “Azadlıq” qəzetini hər zaman hədəfdə saxlayır, psixoloji basqılara məruz qoyur və imkan düşən kimi də bəyan edir ki, dövlət Kütləvi Informasiya Vasitələrinə qayğı göstərir. Hətta bu məqsədlə Fond yaradılıb. Fond, “Azadlıq” qəzeti də daxil, onlarla qəzetə ildə iki dəfə yardım göstərir. Və bu yardımı bölüşdürən münsiflər heyəti rejimi təmsil etdiklərindən “Azadlıq” qəzetinə qarşı ədalətsizliyə yol verirlər.
Diqqət edin, KIV-ə Dəstək Fondu elə qəzetlərə mütəmadi olaraq vəsait ayırır ki, o qəzetləri Bakı şəhərində oxuyan olsa-olsa, beş-on nəfər olar və bu qəzetlər daha çox kolxoz bazarlarında satıcıların işinə yarayır. Buna baxmayaraq, o qəzetlərə ayrılan vəsait “Azadlıq” qəzetinə düşən paydan artıq olur.
Min çətinlik olsa da belə “Azadlıq” qəzeti nə yolundan dönür, nə də prinsiplərini dəyişir. Qəzet bu gün ağır günlərini yaşayır, yaradılmış əngəllərə baxmayaraq həftədə 6 gün oxucularla görüşür. O oxucularla ki, onlara “Azadlıq” qəzeti hava-su kimi gərəkdir. Və vəziyyət o yerdədir ki, bu gün qəzetin oxuculara ehtiyacı var. Ziyalılarımızın, fədakar, vətənpərvər insanların qəzetin bu durumuna biganə qalmayacaqlarına əminəm. Və fikrimcə, bu ölkədə demokratiyanın oturuşmasını istəyən, Azərbaycanın korrupsiyadan, rüşvətdən xilasını arzulayan, fironların cəngindən qurtulmağı düşünən vətəndaşlarımız hər gün 40 qəpik verib “Azadlıq” qəzeti almağı özünə şərəf bilməlidir. Düşünmək lazımdır ki, “Azadlıq” üçün sərf olunan o vəsait hər bir soydaşımızın sözün əsl mənasında azadlığa qovuşmasına xidmət edir.
Dəyərli oxucu, bir anlığa təsəvvür et ki, “Azadlıq” və “Yeni Müsavat” qəzetləri bağlanıb, Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası fəaliyyətini dayandırıb. Fərqindəmisən ki, o zaman Azərbaycanda manqurtlaşma hansı sürətlə yayılar? Fərqindəmisən ki, bu halda özlərini padşah, kəndxuda, hampa, qoçu, firon kimi aparanlar Azərbaycan dövlətinin başına nə müsibətlər gətirər?
AZADLIQ istəyirsənsə, “Azadlıq”a dayaq dur. Fikrimcə, cümlə azadlıqsevərlər üçün bu bir şüar olmalıdır.